Ölkənin gələnilki dövlət büdcəsinin konturları ortadadır. Maliyə nazirliyindən bildirildiyinə görə, “gələn ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210, 4 milyon manat, …ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və digər beynəlxalq fəaliyyətin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait hesablanıb”. Bilərəkdən sıralamanı bütünlüklə köçürmürəm, buna gərək də yoxdur. Əliyevlər dönəminin bütün dövlət büdcəsi kimi, bu dövlət büdcəsi də xalq üçün deyil, demək olar, bütünlüklə Əliyevlər üçündür, əliyevçi rejim üçündür, rejim adamları üçündür. Ortada gerçəkdən, doğrudan-doğruya Azərbaycanı gəlişdirmək, Azərbaycanın yüksəlişinə çalışmaq strategiyası yoxdur. Eləcə ölkəni “inkişaf etdirməklə” bağlı büdcə yalanları var.
“Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manatlıq” büdcə ayırması üzərində dayanaq. Büdcə gəlirlərinə uyğun olaraq ildən ilə artan belə ayırmalar doğal görsənişlərdəndir: bir az, bir az çox olmalıdır. Ancaq olmalı olmayan bu ayırmaların illərlə boşuna getməsidir. Rejim başçıları, onların yandaşları tez-tez Azərbaycanın dünyada durmadan artan “nüfuzundan” danışır, ancaq gerçəklik bütünlüklə bunun tərsini göstərir. Indiyədək təkcə elə ABŞ-da “beynəlxalq fəaliyyət” büdcəsindən paylanan milyonlar batıb. Ayrı-ayrı parlamentariləri ələ almaqla rejimin ən çox siyasi yatırım qoyduğu Ingiltərə parlamentinə bağlı vergi qurumu ata-bala Əliyevlərin 1993-2010-cu illər arasında Aərbaycandan 48 milyard dollar oğurlayıb ofşor zonalara ötürmələri faktını ortaya çıxarırsa, hansı “nüfuzdan” danışmaq olar? Rejimin Avropanı başına alan çoxillik “kürü diplomatiyası” bütünlüklə alt-üst olursa, “nüfuz” nəyə deyirsiz? Avropa Parlamentinin, AŞ PA-nın, ABŞ Dövlət Departamentinin rejim siyasətlərinə yönəlik kəskin qərarları, kəsinliklə irəli sürülən “Repressiyalara son qoy!” istəkləri – bütün bunlar “beynəlxalq fəaliyyət” büdcəsinin də, bu büdcədən qıraq milyonlarla paylamaların da bütünlüklə boşa getdiyinin konkret göstəricisi deyilmi? Budur korrupsioner-kriminal rejim faktoru!
Bəlli olduğu kimi, rejim Yer üzünün, demək olar, bütün konvensiyalarına qoşulub. Qoşulmayanlar hərəkatı da bunun içində olmaqla. Budur bu rejimin anormal siyasət doktrinası: qoşulanlara da qoşulur, qoşulmayanlara da. Ancaq hamısında yalandan, hamıya kələk gəlməklə, hamını aldatmaqla. Yalanın, aldatmanın, kələk gəlməyin də bir limiti var. Limit tükənib. Buna görə rejim, özünün də çaşıb bildirdiyi kimi, gözlənilməz sanksiya-qərarlarla üzləşib. Bunlara elə gəlirmiş Azərbaycan xalqı kimi demokratik dünyanı da illərlə aldadıb yola verəcək, işlərini aşıracaqlar. “Beynəlxalq təşkilatlara üzlük haqqı” faktoru. Bir daha demək gərəkir: rejim, demək olar, Yer üzündəki bütün konvensiyalara qoşulub. Buna görə dövlət büdcəsindən hər il milyonlarla ayırmalar olur. Ortada olan nədir: rejim qatıldığı uluslararası qurumlara, qoşulduğu konvensiyalara dönüklük yolu tutub – üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə, onların prinsiplərini tapdamaqla büdcə ayırmalarını boşa çıxarıb. Bu isə açıq cinayət faktıdır. Qatılma, qoşulma sonucu olaraq götürülən öhdəlikləri yerinə yetirməməklə, Azərbaycanı diktaturaya gətirib çıxarmaqla, Azərbaycanın dövlət IMICINƏ zərbə vurmaqla, dövlət büdcəsini milyonlarla itkiyə uğratmaqla böyük cinayətə yol veriblər.
Iç siyasətdə də beləcə kriminal yol tutulub: qrant, yardım adına dövlət büdcəsindən ayrılan pullar gerçəkdən bu ölkə üçün çalışan kimsələrə deyil, despotik rejim yandaşlarına, despotik rejim əlaltılarına verilib, verilir. Bu sayaq çeşidli parametrlər üzrə gerilikçi siyasətlər ölkəmizi bütün qara göstəricilərin liderinə çevirib…