Ənnağı Hacıbəyli
Markesin romanlarından birinin qəhrəmanı general Simon Xose Antonio Bolivar Avropanın ərazisindən beş dəfə böyük olan İspaniya imperiyasına qarşı vuruşurdu. İyirmi ilə yaxın davam edən müharibələrdən sonra mərkəzi Amerikanı ispan işğalçılarından azad edən Bolivara eyni zamanda Peru diktatoru, Boliviya və Venesuela-Kolumbiya prezidenti səlahiyyətləri verilmişdi. Amerika qitəsinin az qala yarısı onu milli qəhrəmanı sayırdı.
Şöhrətin zirvəsində dayanan 40 yaşlı general rəqib tanımasa da, zaman işini görürdü. Artıq parlamentdə onun haqqında başqa cür düşünənlər peyda olmuşdu və onların səsi getdikcə gur eşidilməyə başlamışdı. Dövlət və millət qarşısında xidmətləri parlament boşboğazlığından və ucuz intriqalardan ibarət olan siyasətçilər və hərbçilər ölkəyə yeni prezident axtarır, generalın arxasınca danışır, dedi-qodular yayırdılar. Hətta onu son dərəcə təhqiramiz sayılan “donuz kolbasası” adlandıranlar da meydana çıxmışdı. Lakin heç kəs ona qarşı açıq çıxış etməyə cəsarət eləmirdi.
Bolivar yorulduğunu bəhanə gətirərək könüllü şəkildə istefa vermək qərarına gəldi. Xahiş-minnətlər, səmimi və yalançı yalvarışlar nəticə vermədi. General istefası ilə bağlı qurulmuş qəbulda onu gözləyən qonaqların qarşısına çıxmadan sakitcə arxa qapıdan keçərək onun üçün ayrılmış iqamətgaha yollandı. Onu sadiq köməkçisi, yavərləri və bir dəstə hərbçi müşayiət edirdi. Pulsuz, səlahiyyətsiz, hökmsüz eks-diktator-prezident, xalqlar qəhrəmanı əslində hamının tərk etdiyi, tənhalığa məhkum kimsəsizə çevrilmişdi.
Cəmiyyətin sonrakı peşmançılığı nə zamanı, nə də generalı geri qaytara biləcəkdi…
Bu durumda da o, ləyaqət hissinin ucalığında dayanmışdı. Ona azad etdiyi ölkələrdə Bonapartın monarxiya quruluşunu məsləhət görən fransıza cavabı da bu hissdən qaynaqlanırdı: “Mənim ordum heç vaxt özünü taxt-tac uğrunda müharibəyə bulaşdırmayıb”.
***
Sonrakı prezident-generalların ölkəni pis günə qoyduğunu görən xəstə Bolivar yenidən ordu toplayıb ölkəni vaxtilə birgə vuruşduqları generallardan xilas etməyə hazırlaşır: “Müstəqillik – müharibəni udmaq üçün vasitədi, vahid Vətən yaratmaq üçün böyük qurbanlar gərək olacaq. İndi həyatımın həlledici anıdı”.
Bir qədər düşündükdən sonra general anlayır ki, düz iyirmi ildi onun həyatının hər anı həlledicidi. Və son etiraf: “Mən teatrabənzər taleyə məhkum edilmişəm”.
Bu, zaman qarşısında zamanın diqtə elədiyi etiraf idi…
Ölümcül xəstə olan generalı ruhdan salmamaq üçün silahdaşları müharibə meydanından yalançı qələbə xəbərləri gətirirdilər. Yalan müqəddəs sayılanda da yalandı. Tarix hökmünü vermişdi. Mərkəzi Amerika xalqları milli azadlıq hissini yaşamışdı və artıq müstəqillik barədə düşünürdü. General isə hələ də Birləşmiş Amerika dövləti ideyasında qalmışdı.
Zaman yerində sayanlara qarşı çox amansızdı…
Gecikmiş ideyalar quruculuqdan çox qırıcılıq doğurur. Artıq azadlıq və özgürlüyü dadmış xalqlar müstəqilliyə can atır, general isə nəyin bahasına olursa-olsun “vahid Vətən” ideyasından əl çəkmək istəmirdi. Onu hətta qardaş qırğını da dayandıra bilmirdi.
“Vətəndaş müharibəsi kabusu öz xarabalıqlarında təsdiqini tapırdı”.
***
Zaman bəzən yerində saysa da, geri saymağı sevmir. Tarix hökmündə yanıla bilər, ancaq heç vaxt hökmünü ləğv etmir və dəyişdirmir. Bu mühakimə ilahi qüvvədən güc aldığından yuxarıdan göstərişlərin, karyera hərisliyinin, telefon hüququnun, fani dünyanın maddi dəyərlərinin fövqündədi. Belə mühakimədən apellyasiya da zamanın hökmündədi. Yaxşı olar ki, apellyasiyasız hökmlərin də olduğunu qəbul edəsən. Qalibiyyətin şərəfini yaşamış adam məğlubiyyətin acısını da ləyaqətlə qarşılamalıdı. Bu məğlubiyyətdə sənin günahın yoxdusa, üstəlik, başını dik tutmağa da haqqın var.
Bəzən qələbə məhz məğlubiyyətdən başlanır.
Öz haqqının köləsi olsan belə haqqın həmişə, hamı üçün haqq olmadığını bilməlisən. Bunu qəbul eləməyə bilərsən, onunla barışmaya bilərsən, ona üsyan edə bilərsən. Amma bu nəyi dəyişdirə bilər ki…
Haqq həmişə haqq olduğunu bilir. Amma həmişə haqqını ala bilmədiyini də bilir. Bunu ondan yaxşı kim bilə bilər ki…
***
“Təkəbbürün sonu rüsvayçılıqdı”.
Generalın əhatəsi seyrəlirdi…
Sən dünənədək əhatə olunduğun, sevildiyin, hörmət gördüyün adamların bir gün çəkilib getdiyini görəcəksən. Bu, təbii ki, selin cəkilməsi sevincindən fərqli düşüncələr yaradacaq səndə. Cünki selin gəliş-gedişi bir təbiət hadisəsidi, doğaldı. Amma insan münasibətləri nə qədər doğal olsa da, hər halda iradi ilişgilərdi. Bu ilişgilərin qurulması da, qırılması da insan iradəsinə bağlıdı. İnsanlar kiminlə ünsiyyət qurmağa, kiminlə yaxınlaşmağa və kimdən uzaqlaşmağa özləri qərar verirlər. Bəzən bu, onların iradəsindən asılı olmasa belə. Hər halda qərarı insan verir. Ona haqq qazandıran da, bu qərardan açıq ya gizli utanan da insan özüdü.
Təəssüf ki, yalnız qürurverici qərarlar vermək mümkün deyil. Ləyaqətli insan ən azı utancverici qərarlar verməkdən çəkinməlidi. Bu qanundan hətta siyasətin də immunitet hüququ yoxdur.
***
Cəmiyyət nə qədər mürəkkəb və qəliz orqanizm olsa da, bizə bəzən istəmədiyimizi yedirtsələr belə, biz nə ilə qidalandığımıza biganə olmamalıyıq. Bəzən bütün bəlalarımız məhz bu biganəlikdən qaynaqlanır. Kütləvi biganəlik kütlə psixologiyasıdı və kütlə istehsalı üçün xammal mənbəyidi. Sonuc – qısır sonsuzluqdu, zombiləşmədi, sürü psixologiyasının və onu yaradanların ötəri, cılız “qələbəsidi”.
Qaliblərin də mühakimə olunduğu məqam var. Zamanın mühakiməsi müddətlərin fövqündədi. O, kimsəyə toxunulmazlıq statusu vermək zorunda deyil. Zamanın hakimi zaman özüdü…
•
Cəmiyyət özünü labirintə salanda hər iki cəbhədə vuruşan generallar bu durumdan çıxış yolları aramalıdı. Labirint dalan deyil. Ondan həmişə çıxış imkanı olur. Sadəcə bu imkanı düzgün dəyərləndirmək tələb olunur. Tarix göstərir ki, labirintdən kimlərsə özü üçün, kimlərsə cəmiyyət üçün çıxış yolları arayır. Birincilərin axtarışları ancaq müvəqqəti nəticə verə bilər. Çünki cəmiyyəti labirintdə qoyub çıxmaq fərarilikdi. Fərarilik – təkcə hərbi cinayət deyil, həm də bir əxlaq məsələsidi. Əxlaq isə zamanın fövqündə dayanan, dinləri, hakimiyyətləri, cəmiyyətləri aşan, heç kimə tabe olmayan, insanlığın əbədi dəyərlərinə tapınan ictimai hadisədi. Bu əxlaqın qanunlarını saxta parlamentlərdə təsdiq elətdirmək mümkünsüzdü…
***
İnsan cəmiyyətin, siyasətin, hakimiyyətin və ya özünün qurduğu labirintə düşə bilər.
Bolivar düşünür ki, o, öz labirintindədi. Bəlkə də ən qəliz labirint elə budur.
Generalı döyüş meydanında tək qoymayaq.
Yalan xəbərlərdən bir qədər canlansa da, general sanki gerçəyi sezir. Qırıq, rabitəsiz düşüncələr baş alıb gedir: “Siyasət – onu harda və kimin yapmasından asılıdı”.
“Biz hakimiyyətimizi və canımızı yalnız düşmənlərimizin qanı bahasına qoruyub saxlaya bilərik”.
Tanış mənzərədi, deyilmi?
Bu, on doqquzuncu əsrin ilk qərinəsinin həqiqəti olsa da, aktuallığını itirməyib. Tiranlıq durduqca onun eybəcər həqiqətləri də yaşayır. İyirmi birinci əsrin çağdaşlığı ilə bir araya sığmayan əcaib, amma yetərincə gerçək həqiqətlər. Hakimiyyət hərisliyi min illəri aşıb bu günümüzə necə vardısa, eləcə də gəlib çıxıb. Əbasını, frakını, kostyumunu dəyişə-dəyişə. Dəyişməyən bir şeydi – yaxalığındakı dəsmalın qan-qırmızı rəngi.
“İnqilabların keşiş diribaşlığı nəticəsində sona çatdığı ölkədə uşaqlarımızın taleyi necə olacaq?!”
Görəsən keşişlər də prezidentlərin inauqurasiyasına müqəddəs kitabla gəlirlər? Müqəddəs kitab qan bahasına, zorla qorunub saxlanan hakimiyyətə xidmət edə bilərmi? Xidmət edə bilərsə, müqəddəsliyini necə saxlayacaq?
***
Generallıq hakimiyyət üçün yox, döyüş meydanı üçün düşünülüb.
Generalın ictimai məsləhətləri də hərbi göstərişləri kimi yayğın və təsirsiz idi.
“Hər şeyə qadir və qorxunc Birləşmiş Ştatlara köçməyin, onlar azadlıqdan nə qədər çox danışsalar da, sonda sizi var-yoxdan çıxaracaqlar”.
Müstəqillik, separatizm gücləndikcə, xəyanətlər artdıqca ümidsizlik yaranırdı. Generalın ümid arsenalı hərbi və cismani gücü ilə birgə tükənirdi.
“Ümidsizlik – məğlubların adi durumudu”.
***
Bütün zamanlarda və bütün xalqlarda işıqlı və qaranlıq dövrlər olub. Hər gecənin bir gündüzü olduğu da bəlli. Cəmiyyəti sabaha daşıyan generalların başına çələng qoyanlar da, onları dar ağacına sürüyənlər də olub, var, olacaq. Seçim insanlarındı. Hər kəsin seçimi isə onun mahiyyəti və dəyəridi.
Seçiminizdə diqqətli olun.