Əlayif Həsənovdan şikayət Yasamal Rayon Məhkəməsinə göndərilib
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili Əlayif Həsənov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Vəkil “Media forum” saytına deyib ki, Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova onu şərəf və ləyaqətini alçaltmaqda günahkar bilir: “Guya mən “Azadlıq” qəzetinə açıqlama verərək həmin xanım haqqında nalayiq fikirlər səsləndirmişəm. Halbuki mən heç vaxt bu haqda “Azadlıq” qəzetinə danışmamışam, açıqlama verməmişəm. Aydın məsələdir ki, bütün bu cəfəngiyat məqsədli şəkildə quraşdırılıb”.
Əlayif Həsənov əlavə edib ki, Nuriyyə Hüseynova xüsusi ittiham qaydasında iddianı Səbail Rayon Məhkəməsində qaldırıb, həmin məhkəmə isə işi sentyabrın 29-da Yasamal Rayon Məhkəməsinə göndərib: “Prosesin nə vaxt olacağı bəlli deyil”.
Bir müddət öncə Əlayif Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir.
Sentyabrın 21-də Penitensiar Xidmət Nuriyyə Hüseynovanın kütləvi informasiya vasitələrinə müraciətini yayıb. Nuriyyə Hüseynova qeyd edib ki, vəkil Əlayif Həsənov mətbuat orqanlarında onun barəsində böhtan və təhqiramiz ifadələr işlətdiyinə görə tədbirlər görülməsi məqsədilə müvafiq orqanlara üz tutub.