Qubad İbadoğlu: «Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram»
Vurğun Əyyub: «Legitimliyi şübhə altında olan başqanı heç vaxt təbrik etməyəcəyəm»
Səxavət Əlisoy: «Partiyanın bərbad günə qalmış strukturlarının durumuna görə Arif Hacılı günahkardır»
“Mənim Müsavatın qurultayı ilə bağlı narazılığım yoxdur, amma xoşuma gəlməyən məqamlar oldu. Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır.
Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, ancaq onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yenilənməyində maraqlı olmayan adamlar, mövcud kursu saxlamağa üstünlük verənlər idi. Digər məqam ondan ibarətdir ki, Müsavatda hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu. Xoşuma gələn məqamlar da var – təbii ki, səslərin şəffaf sayılması, səslərin sayılmasını mətbuat nümayəndələrinin müşahidə etməsi, səsvermə prosesinin özünün təşkilində bir az qüsurlar olsa da, bütövlükdə yaxşı təşkil olunması” – bunu Müsavat başqanlığına keçmiş namizəd Qubad Ibadoğlu “Trend”ə müsahibəsində deyib.
“Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum”
Qubad Ibadoğlu deyir ki, ona səs verənlərin əksəriyyəti Müsavat partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib sayanlar, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar oldu: “Bu onu göstərdi ki, Müsavat partiyasında bunu istəyən kifayət qədər adam var. Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən Isa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı. Jurnalistlər kimi müsavatçılar da ayıq adamlardır. Fikirlərimi bölüşənlər də var. Müşahidə etdiyim məqamlar əslində elə bu və digər səbəblər, eləcə də sui-istifadə halları ilə bağlıdır. Sui-istifadə məsələsində icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu, rəsmi qəbul olunmuş mesaj idi. Əslində, bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram”.
“Seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır”
Qubad Ibadoğlunun tərəfdarı olan Vurğun Əyyub da qurultay haqda danışıb. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, seçki zamanı ədalətsizliyə yol verilib: “Hesab edirəm ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır”.
Vurğun Əyyub Arif Hacılını təbrik etməyəcəyini deyib: “Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm”.
V.Əyyub Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini bildirib: “Məclis üzvlüyünə kimlərin seçilməsi barədə məlumatım yoxdu. Məndə olan faktlara görə seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki, düşünməmişəm. Amma bu istiqamətdə faktlar getdikcə toplanır”.
Müsavatda kütləvi istefa anonsu
“Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu. Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə ”mən” deyən, bir 50 dəfə də Isa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? Islahat tərəfdarlarının şüarçılar, populistlər, hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? Indi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.
Bu fikirlər Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoya məxsusdur. O, bu qeydi “Facebook” səhifəsində paylaşıb. S.Əlisoy publika.az-a müsahibəsində də bir sıra ittihamlar səsləndirib.
“Partiya yeniliyə hazır deyil. Çünki Arif Hacılı 6 ildir ki, partiyada Mərkəzi Icra Aparatının rəhbəri, seçki qərargahının sədri kimi 10-15 vəzifə daşıyıb. Arif Hacılının rayon təşkilatlarında, Mərkəzi Icra Aparatında olan ”çete”si konfransların keçirilməsini monopoliyada saxlayıblar və özlərinə lazım bildikləri adamları qurultaya seçmişdilər. Iki il bundan qabaqdan qurultaya nümayəndələrin seçilməsinin məqsədi də bu idi ki, onlar Arif Hacılıya səs versinlər. Daha doğrusu, onları seçdirmişdilər.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi də Mərkəzi Icra Aparatının funksionerləri, məmurlarından ibarət idi. Son 2 il ərzində qurultay məsələləri birbaşa Arif Hacılının özünün nəzarəti altında olmuşdu. Özünə məqbul saydığı şəxsləri də nümayəndə olaraq seçdirmişdi. O şəxslərin də baş populist olan Arif Hacılının fikirlərinin ziddinə getməsi qeyri-mümkün idi”,- deyə S.Əlisoy bildirib.
S.Əlisoy tərəfdarları ilə birlikdə partiyadan istefa verə biləcəklərini də deyib: “Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da düşünür. Mən partiyanın qanuni, hüquqi müstəvidə fəaliyyətinin tərəfdarıyam. Amma bu dəstə meydanlara çıxmaq, icazəsiz aksiyalar istəyir. 90-cı illərdə də belə idi. Ondan qabaq Kommunist Partiyasında da hamı alqışlayır, lakin insanlar pis gündə yaşayırdı. Indi də eyni vəziyyətdədir. Partiyanın bərbad günə qalmış strukturlarının vəziyyətinə görə Arif Hacılı günahkardır. Populist, şüarçılarla islahatçıların eyni komandada işləməsi düşündürücü haldır. Bəzi dostlarımız mənə müraciət ediblər, bəziləri məsləhət istəyirlər. Amma gələcək fəaliyyət fərdi olaraq verilən qərardır. Mən ömrümü şüarçılığa, populizmə həsr etmək istəmirəm. Gələcək fəaliyyətim haqqında yaxın günlərdə açıqlama verəcəm”.
“Partiyada yaranmış vəziyyətə Isa Qəmbərin münasibəti necədir” sualına isə Əlisoy belə cavab verib: “Bundan sonra Isa bəyin nə deməsi də mənim üçün önəmli deyil”.
Xatırladaq ki, jurnalist və hüquq müdafiəiisi, ictimai fəal Samir Kazımlı üzv olduğu Müsavat Partiyasından istefa verdiyi haqda bəyanat yayıb.
“Kifayət qədər fədakar müsavatçılar Məclisdən kənarda qalıb”
Başqanlığa namizəd olan Tural Abbaslı da qurultay və Məclis üzvlüyünə seikilər barədə danışıb. “Qafqazinfo”ya açıqlamasında T.Abbaslı bildirib ki, hələ yeni başqandan heç bir vəzifə almayıb: “Hələlik sıraviyəm və heç bir seçkili və təyinatlı orqanda təmsil olunmuram. Bunun necə olacağını yaxın zaman göstərəcək”.
T.Abbaslı Məclis üzvlüyünə də kəskin fikirlərinə görə seçilmədiyini deyib: “Məclis üzvlüyünə namizəd idim. Ancaq deyəsən orada layiq bilməyiblər. Nə deyə bilərəm ki, yəqin, müsavatçılar məni sıravi üzv kimi görmək istəyiblər. Bu onların seçimidir. Mənim bununla bağlı problemim yoxdur və mənə qəbuldur. Müsavat Partiyasının özünə lazım olan kifayət qədər fədakar müsavatçılar Məclisdən kənarda qalıb. Düşünürəm ki, Məclisin oktyabrda keçiriləcək ilk toplantısında Məclis üzvləri bunu nəzərə alacaqlar.
Heç kəs düşünə bilməz ki, mən kiminsə xoşuna gəlmək üçün başqanlığa namizəd oldum. Mən bütün ildırımları üzərimə çəkəcək fikirlər səsləndirdiyim üçün Məclisə düşmədim. Buna baxmayraq seçkinin nəticələrini şübhə altına almıram”.
Başqanlığa namizəd qeyd edib ki, əgər tərəfdarları son anda qərarını dəyişməsəydi, ikinci tur olacaqdı: “Mən 19 yox, 20 səs almışam. Sonradan məlum oldu ki, 1 səs də səhvən başqa qutuya atılıb. Mən bu qədər səs gözləmirdim. Ikinci tur olmalı idi. Görünür qurultay nümayəndələri əsas rəqabətin Arif bəylə Qubad bəyin arasında gedəcəyini düşünüb son anda qərarlarını dəyişiblər. Arif bəy 3 az səs alsaydı, yetərsay olmayacaqdı. Nəzərdə tutduğumuz səslər bizə gəlsəydi, ikinci tur olacaqdı və seçki hələ də davam edirdi”.
İsa Qəmbərin qardaşından Müsavata ilginc təklif
Almaniyada Dünya Azərbaycanlıları Məclisinin sədri, Isa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavatın qurultayı ilə bağlı bəyanat yayıb.
R.Qəmbər partiyada həmsədrlik institunun yaradılmasını təklif edib: “Nə qədər ki, Qarabağ probleminin ədalətli həllinə nail olmamışıq, Rəsulzadənin davamçıları sayılan müsavatçıların qətiyyən parçalanmasına yol vermək olmaz. Müsavat Partiyasının ikiyə bölünməsinə qətiyyən yol verməyib. Isa Qəmbər, Arif Hacılı və Qubad Ibadoğlu üçlüyünün Azərbaycanda ədalətli parlament seçkilərinə qədər maksimal xeyirli-uğurlu işbirliyinə başlamasına yardım edin və nail olun. Təklif edirəm ki, Müsavat Partiyasını ikiyə bölməməsi üçün Almaniyadakı yaşıllar və solçular partiyalarında olduğu kimi iki həmsədr təsis olunsun. Qurultayda ən çox səs almış Arif Hacılının və Qubad Ibadoğlunun həmsədr olmaları üçün yaxşı olardı ki, qurultayda nizamnaməyə dəyişiklik edərək həmsədrlik təsis olunsun. Qurultayın və yeni Məclisin maksimal işbirliyi nəticəsində Müsavat Partiyasına kollegial başqanlıq sistemi yaransın. Üç başqanın əsas vəzifəsi gələn il Azərbaycanda Parlament seçkiləri olanda demokratik müxalifətin maksimal işbirliyinə nail olaraq Azərbaycanda qan tökülmədən legitim Milli Məclisin yaranmasına və beləliklə, Azərbaycanda hüquqi dövlətimizin qurulmasına addım-addım nail olmaqdır”.
“Bu qurultay Müsavat Partiyasına yaraşan idi”
Qubad Ibadoğlunun, Vurğun Əyyubun, Səxavət Əlisoyun ittihamlarına Arif Hacılı da cavab verib. O, modern.az-a açıqlamasında başqanlıq seçkilərinin tam şəffaf keidiyini bildirib: “Seçki prosesi minlərlə partiya üzvünün, müşahidəçilərin nəzarəti altında baş tutub. Başqanlıq seçkilərinin nəticələrini şübhə altına almağa heç bir əsas yoxdur. Ola bilsin ki, kimlərsə hansısa qüsurların olduğunu deyir. Amma bu qüsurlar seçkinin nəticəsinə təsir etməyib. Müsavat Partiyasında keçirilən bu seçki Azərbaycanın bütün tarixində keçirilən seçkilərə nümunədir”.
“Müsavat Partiyasının qurultay zamanı keçirdiyi başqanlığa seçki çox şəffaf və ədalətli oldu. Bu qurultay Müsavat Partiyasına yaraşan idi”. Bunu modern.az-a açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli deyib. O, Müsavatdakı başqanlıq seçkisindən sonra partiyada yaranan qalmaqalı şərh edərkən bildirib ki, saxtakarlıqlarla bağlı ittihamların əsası yoxdur.
Arzu Səmədbəylinin sözlərinə görə, başqanlığa namizədlərin nümayəndələri seçki komissiyasında olub və yekun səsvermə protokolunu imzalayıb. “Bu seçki Azərbaycan üçün örnəkdir. Seçki kampaniyası dövrü təbii ki, narazı tərəflər oldu. Ola bilsin ki, partiya daxilində bir-birlərinə qarşı ədalətsiz mövqelər səsləndirilsin. Istənilən seçkidən sonra bu cür söz-söhbətlərin olması normaldır. Ancaq bu narazılıqlar seçkinin ədalətli və şəffaf olmasına kölgə salmaq gücündə deyil”,- deyə partiyanın Məclis rəhbəri bildirib.
Ramin DEKO