Türkel Azərtürk
Ölkə prezidentinin dediyinə görə, o, bir neçə ildir ki, gənclər siyasəti yürüdür. Həm də “uğurla”. Bəs bu “uğurlu” siyasətdən kimlər, necə yararlanır?
Bəli, ölkə başçısı doğru qeyd edir. O, həqiqətən də hakimiyyətə gəldiyi ilk günlərdən gənclərə xüsusi diqqət ayırır. Bu diqqət ən çox ona müxalif olan gənclər üzərində cəmlənib. Məsələn, AXCP-yə yeni qoşulduğum vaxtları xatırlayıram. 2010-2011-ci illəri. Gənclər siyasətinin ən “parlaq” dövrlərini. 2011-ci ilin 2 aprel mitinqindən sonra cənab prezidentin bu siyasətindən ilk yararlananlar da elə müxalif fikirli gənclər oldu. Cabbar Savalanlı, Elnur Məcidli, Babək Həsənov, Tural Abbaslı, Əhəd Məmmədli və digər əqidəli, millətinə, dövlətinə sadiq olan gənclər. Sonra “Eurovision” ərəfəsində daha bir gənc – Rəsul Mürsəlov bu siyasətin barından bəhrələndi və Kürdəxanı universitetinə daxil oldu. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Şanlı hökumətimiz gənclərin təhsilinə isə xüsusi diqqət ayırır. Biz hökumətin “uğurları”nı da dilə gətirib, təbliğ edirik. Bunu hər bir ədalətli insan özünə borc bilməlidir. Məsələn, mən necə deyə bilərəm ki, “universitetlərimizdə təhsil səviyyəsi aşağıdır, müəllimlər savadsızdırlar”. Şükür Allaha, hər şey göz qabağındadır. Xalqımız da hər şeyi görür, bilir. Bizim bütün dünyada məhşur olan Binəqədi təcridxanası kimi texnikumumuz, Kürdəxanı təcridxanası kimi yüksək səviyyəli universitetimiz var. Biz bununla “qürur duymalıyıq”. Sevindirici haldır ki, o ali təhsil ocağının 130-dan artıq peşəkar və yüksək savada, intelektə malik müəllim heyəti var. Bütün Avropada tanınan hüquq müdafiəçisi İntiqam Əliyev, savadıyla, cəsarətiylə bütün Azərbaycan gəncliyinə nümunə göstərə biləcəyimiz Seymur Həzi, bütün dünyada tanınmış tarixçi Arif Yunus kimi dəyərli müəllimlərimiz var o universitetdə dərs deyən.
Hökumətimizin gənclərə yaratdığı şərait yuxarıda qeyd etdiklərimlə bitmir. Özüm illərdir ailəmlə birlikdə kirayələrdə yaşasam da, Allahsızlıq edib hökumətimizin gənc ailələr üçün ipoteka krediti ayırmasını dana bilmərəm. İpoteka krediti ölkə gənclərinə analoqu olmayan şərtlərlə təqdim edilir. Siz bu kreditləri cox sadə yolla, 300-manat əmək haqqı almagınız haqqında arayışla da əldə edə bilərsiniz. Yetər ki, bacarıqlı olub, aylıq əlavə 350-400 manat da rüşvət aldıgınızı sübuta yetirəsiniz. Bunu isə sübut etmək cox asandır. Çünki, hamıya məlumdur ki, ölkəmizdə bunun üçün çox münbit şərait yaradılıb. Şərait var, sadəcə hər şey sizin “bacarığınızdan” asılıdır. Məsələn, mən bacarmıram və evsizəm. Amma ölkədə ildə 80.000 gənc ailə qurur, onun 11.000-i bu və bu kimi səbəblərdən boşanır, 700 nəfər isə ipoteka yolu ilə ev alır. Demək ki, bu mümkündür. Sadəcə “fərasətli” olmaq lazımdır. Bu ölkədə bircə məmur övladları üçün iş tapılmır. Yazıqlar zülüm cəkirlər. Amma onların halına görə narahat deyiləm. Pis ömrün günü az olar deyib atalar. Əminəm ki, çox yaxında siz, Azərbaycanın qeyrətli gəncləri onların da sıravi Azərbaycan vətəndaşı kimi yaşamasına görə vuruşacaq və buna nail olacaqsınız!