Əliyevin Putinlə görüşü və Moskva merinin Bakıya gəlişi iqtidarın ənənəvi üsuldan yararlanmaq cəhdi kimi qiymətləndirilir
Bu barədə Rusiya hökumət başçısının mətbuat xidməti məlumat verib. Sammitdə Rusiya, Azərbaycan, Iran, Qazaxıstan və Türkmənistan prezidentləri iştirak edəcəklər.
Prezident adminstrasiyasında Sammit çərçivəsində keçirilən görüş zamanı Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul olunmuş qərarların reallaşdırılmasının gedişi, həmçinin region ölkələri arasında perspektivdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə olunması gözlənilir. Çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır.
Mətbuat xidmətindən verilən məlumata görə, sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin “Xəzər beşliyi” ölkələri üzrə həmkarları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Həmçinin bu həftənin ortalarında Moskva meri Sergey Sobyanin Azərbaycana səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbədən məlumat verilib. Mənbə bildirib: “Mer Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq gedir”. Mənbənin sözlərinə görə, Moskva merinin Bakıdakı görüşləri zamanı Azərbaycan və Rusiya paytaxtları arasında əməkdaşlıq müzakirə olunacaq.
Ekspertlər hesab edir ki, Qərbin Azərbaycana təzyiqlərinin artması fonunda ölkə başçısı Ilham Əliyevin Putinlə görüşü və Moskva merinin Bakıya gəlişi təsadüfi deyil. Ekspertlərin fikrincə, hakimiyyət hər dəfə olduğu kimi yenə də Qərbi Rusiya faktoru ilə şantaj etməyə çalışır. Qeyd edək ki, Azərbaycan iqtidarının repressiv siyasəti artıq Qərbin məsələyə daha sərt reaksiya verməsinə səbəb olub. Xüsusilə Avropa Parlamentinin son qətnaməsi hakimiyyətə ciddi mesaj hesab edilir. Bu sənəddə açıq mətnlə Azərbaycan iqtidarının diqqətinə çatdırılır ki, repressiv siyasətə son qoyulmasa və siyasi məhbuslar qeyd-şərtsiz azad edilməsə hakimiyyət sanksiyalarla üzləşməli olacaq.