Bu yazını may ayından başlayaraq altı ay sərasər pambıq tarlalarında həyat çürüdən qızlar və oğlanlara həsr edirəm
Şahbaz Xuduoğlu
Həmin payız Jdanov (indiki Beyləqan) rayonuna pambığa getdim. Getməyimə evdən icazə vermirdilər, sonda böyük narazılıqla olsa da, icazə ala bildim. Əvvəla, yaşım az idı – 11 yaşındaydım, ikincisi, evdə mənim işlərimi görən yox idi. Mənim işlərim – odun daşımaq, ot yığımı vaxtı bitsə də çölləri, heyvan ayağı dəyməyən kolluqları gəzmək və dırnağa (dırmığa) gələn otları dənləmək, qışa hazırlıq üçün meşədən odun, bəzi hallarda isə qışda isladıb heyvana vermək üçün palıd qozası daşımaq…
Başlanğıcı ötən sayımızda
Aclıqla mübarizə
Çörək də olmurdu. Ələnməmiş undan yalnız fəhlələr üçün bişirilən kalaç da (kömbə) gətirməzdilər. Kənddən gələndə buğdanı qovurub, sonra əldaşından keçirib qovut edərdilər. Çörək olmayanda onu bir stəkan isti suya qatıb yeyər və aclığa qalib gələrdik.ÿ
Aclıqla mübarizə, insanların istismar ehtirası Herta Müllerin “Nəfəs yelləncəyi”ndə yazılıb. QULAQlardakı həyatı oxuduqca pambıq illəri göz önümdə canlanırdı. Biz azadlıqda olsaq da, əsirlər kimi bir münasibətlə üz-üzəydik. Əsirlərin gördüyü işləri görürdük – şəraitimiz, bizə olan rəftar da eyniydi.ÿ
Biz dəhşətli istilərə baxmadan hər gün tarlaya gedir, pambıq yığırdıq. Böyüklər, hər il pambıq yığımına gələnlər günə 100-120, hətta bəzən 150 kq pambıq yığırdı. Qadınlar kişilərdən daha zirək tərpənərdi. Onların əlləri daha iti işləyirdi.
“Verbovannılar”a nadir halda ilk yığıma tarla verərdilər. Ilk yığımı ya pambıqyığan maşın, ya da yerli camaatdan olan briqadalar yığar, bizi isə iki, ya da üçüncü yığıma salardılar. Hansı sovxozda geriləmə olardı, bizi ora atardılar – Biz “pambıqçı desant”lar idik.ÿ
Yemək bişirmək üçün heç bir şərait yox idi. Hamı həyətdə özünə daş üzərində ocaq düzəldirdi. Yemək bişirər, çay qaynadardıq. Jdanovun 40 dərəcə istisində, işdən sonra yorğunluqdan ayağımız yer tutmayanda da.
Tualet dözülməzliyi
Tualet məsələsi biabırçılıq idi. Yaşadığımız yerə yaxın iki ağacın ətrafına brezent bağlanmışdı, qadın, kişi – hamı ora gedirdi. Pambıq sahələrində isə, ümumiyyətlə, əkin sahələrinin ətrafları və ya pambıq cərgələrinin aralarından tualet kimi istifadə olunurdu. Ətrafı kisə-meşok cırıqları və qamışla tutulan tualetdən və yaşadığımız evin ətrafından gələn dəhşətli sidik iyi və bu üfunətə toplaşan ağcaqanad ordusu əvvəllər dözülməz olsa da, sonra hiss olunmaza çevrilmişdi.ÿ
Su qıtlığından iki, ya üç həftədən bir çimmək olurdu. Kişilər imkan olanda böyük kanala gedirdi, qadınlar isə su daşıyıb tualetin yanında, elə tualetə bənzər bir yer düzəldib, orda çimirdilər.
Briqadanın gənc oğlanlarından biri B. yarızarafat-yarıciddi deyirdi ki, ilboyu yalnız bura gələndə kanala girirəm. Qalan vaxt, ümumiyyətlə, çimmirəm.
Hamı leş iyi verirdi. Bədənimizdə çirk tutmayan yeganə yer saçların dibi idi – ağarırdı. Hər kəsin boğazında tozun yaratdığı çirk qatları aydın görünürdü. Sifətdə ən çox çökək olan yerlərə çirk yığılardı. Qadınlar daha şanslıydı, onlar gözlərinə qədər bürünərdi, qorxunc istilərə baxmayaraq, hətta əllərini də sarğıdan açmazdılar.
Deyim ki, bədən çirkə öyrənir, bir müddət qaşınır, sonra sakitləşir. Adam öz qoxusuna tez öyrənir. Hamıdan eyni qoxu gəlirsə, ümumiyyətlə, problem olmurdu. Bircə təhlükə bit və sirkə söhbəti idi, zənnimcə, o da olmurdu. Bəlkə də pambıq dərmanlandığına görə, bədənimizdə canlı qalmırdı.
…Bəziləri işin ağırlığına dözməyib həqiqətən xəstələnər, bəziləri isə özlərini xəstəliyə vurub, geri dönərdi, mənə görə isə bu iş dözücü idi. Kənddə odun doğramaq, ot yığmaq, heyvanları otlaqlara aparmaq və bütün gününü heyvanlarla keçirmək daha ağır işgəncə kimi gəlirdi.ÿ
Kənddə qeyri-sabit iş günü idi. Işin bəlli bir zamanı olmazdı. Gecəyarı, gündüz, günorta, harda olmağından asılı olmadan. Burada isə rejim dəyişməzdi. Yəni ağır iş olsa da, onun bitdiyi bəlli bir zaman olurdu. Bəlkə də işin yeganə cazibəli tərəfi bu idi.
Kənddə danlaq götürməyə, bəzi hallarda döyülməyə (bu gün də xatırlayanda acıdığım vəhşiliklə döyüldüyüm epizodları sonrakı xatirələrdə oxuyacaqsız) daim səbəblər tapılırdı. Burda isə döyülmək ümumən yox idi. Böyüklər uşaqlar arasında bəzən güləş yarışları keçirərdilər. Yerli uşaqlarla biz gəlmələri üz-üzə qoyurdular. Bu ölüm-dirim döyüşündə təkbətəkdən heç zaman qorxum olmazdı. Çox cəld idim, kimisə yıxmasam da, kimsə məni yıxa bilməzdi.
Eyni zamanda Jdanova gələnə kimi bizim kəndlə müqayisədə çoxlu inkişaf etmiş yaşayış məntəqələrini keçirdik. Asfalt yola çıxan kimi özümüzü xoşbəxt hiss edirdik. Ilk dəfə heykəllər, beşmərtəbəli binalar, özünəxidmət mağazaları, başqa ləhcə ilə danışan insanları və gödək ətək, yaxud şalvar geyinən xanımları görürdük.
Orda olduğumuz müddətdə bir, ya iki dəfə kinoya baxmaq imkanımız oldu. Sovxoza gətirmişdilər. Ağır işdən sonra kino, sadəcə, yaxşı yuxu gətirir. Şirin röyada Zita və Gita gizlənqaçları hələ də yadımdadır.
Pambıqdan gələn bədbəxtliklər
Ümumiyyətlə, elə ailə var idi ki, yalnız pambıq yığımı ilə dolanırdı. Ona görə də pambığın becərilməsi, yığılmasının ağırlığı, dözülməzliyi insanları bundan çəkindirmirdi. Hər il olmasa da, iki ildən bir pambığın becərilməsində və yığımında iştirak edənlər biz tərəflərdə yatalaq kimi tanınan xəstəliyə tutulurdular. Bizim ailədə və qonşularımızda da bu xəstəliyə tutulanlar olmuşdu. Qonşu kəndlərimizin qızları arasında, deyilənə görə, çox gözəl birini (Xəngah kəndindən) də məhz bu xəstəlik aparmışdı. Bir il isə bu xəstəlik pambığa gedən xanımların hamısının kütləvi şəkildə saçlarının tökülməsilə nəticələndi.
May ayında yeni çıxmış pambıq kollarının seyrəldilməsi, bir az sonra alaq olunması, sonra sovkadan təmizlənməsi, sentyabr ayından isə pambıq yığımı başlayardı.ÿ
Bu ağır iş şəraiti insanlarda psixi pozuntunun da yaranmasına səbəb olurdu. Belə ailələrdən birinin qızının başına qəribə olay gəlmişdi. O, gecələr sayaqlayır, vahiməli dini söhbətlər edirdi. Adamlar buna artıq vergili biri kimi baxırdı. O qız gündüzlər də bəzən yoxa çıxmağa başlamışdı. Günlərin bir günü böyük çamadanla gəldi, çamadanın içində iki böyük kukla var idi, birini Fatimeyi Zəhra, digərini isə Məhəmməd peyğəmbər adlandırdı. Adamlara deyirdi ki, siz bunlara inanın və onları ziyarət edin. Ziyarət edəndə hər kəs cibində olan qəpiklərdən çamadana atırdı. Sonra da kəndə qayıdanda bu vergili adam söhbəti bütün kəndlərə yayıldı. Problemi olan hər kəs öz nəzir-niyazı ilə vergili qıza baş vururdu. Qız yaşadığı ata evini məscid elan etdi. Məsələ bu qədər ciddiləşəndə ciddi çevrələr də işə qarışdı…
Nəsilliklə böyük bir dini şəcərəyə, köklərə bağlı olan kəndin mollası da ona baş çəkmişdi. Çox təcrübəli və hər kəsin onun qoyduğu diaqnoza şübhəsi olmayan feldşer də. O qız özünün rəftarı ilə onlarda da vergili təsirini yaratmışdı.
Kənd ağsaqqallarının biri də vergili xanıma baş çəkmiş, sonra dərhal feldşerə demişdi ki, burda vergili söhbəti yoxdur, sadəcə, pambıq yığımında qızı gün vurub və başı pozulub.
Pambıqdan qazancım
Ilk günlər yığım məndə alınmırdı. Əllərim pambıq qozalarını tuta bilmirdi. Qozaların tikanları barmaqlarımı dəlik-deşik etmişdi. Nəhayət, çəmini tapdım.ÿ
Bir xəttin bu başından girir, o başından çıxmayana qədər dayanmırdım. Adamlar bəzən istirahət edir, istidən heydən düşüb kənara, kölgəliyə çəkilir, mən isə davam edirdim. Öncə 50 kq, sonra isə 80 və nəhayət, 90, 100 kq pambıq yığırdım. Axşamlar yığdığımız pambığı xırmana çəkməyə gətirir, ayın sonunda isə maaş alırdıq. Adətən yığım mövsümü 2 ay, ya da 2,5 ay davam edərdi. Briqadirlərlə yanaşı hər kəs özü də yığdığı pambığın qeydiyyatını aparırdı. Çünki bəzən briqadir başqalarının adından azaldıb öz adına yazırdı. Bunu, demək olar, bütün briqadirlər edirdi. Iki gündən bir azalmağa razı idik, amma gündəlik yox…ÿ
Pulu mənə əlbəəl ödəmirdilər. Briqadir toplayır, sonra kəndə evə verirdi. Pambığın çəkisi ən əla vəziyyətdə 1 kq – 10 qəpik hesablanardı. Sahələrdən pambıq azaldıqca dəyəri 15, 20 qəpik olardı. Bəzən zəhmət haqqı pulla deyil, buğda ilə verilirdi. Bu əvəzlənmə valideynləri bilmirəm, amma uşaqlar üçün böyük zərbə olardı.ÿ
Günümüz belə bitərdi
Pambıq taylarının üstündə axşamlar “lafet”də geri qayıdanda hamı mahnı oxuyardı. Bu sanki itən gücü bərpa etmək ritualı idi. Bəzən başqa maşınlardan da səslər gələrdi. Və biz yolboyu toz burulğanının içində itən maşınlarda oxu yarışmaları edərdik.ÿ
Xırmanda pambığın tərəzidə çəkilişi üçün də uzun-uzadı növbələrə durardıq. Hər kəs topladığı məhsulu tərəziyə çıxarar, dəqiq çəkisini bildikdən sonra isə pambıq tayasının yaxınlığında boşaldardı. Bəzən bu proses gecə saat 12-yədək davam edərdi. Bu proses pambıq yığmaqdan daha ağır, daha dözülməz idi.ÿ
Pambıq yığımı bəzi ailələrin xilası idi. Elə mənim də. Yeganə yer idi ki, az da olsa ələ pul gətirirdi. Bu pula hər kəs evə bazarlıq edir, məktəb paltarları, toy paltarları, qab-qacaq alırdı. Bizim yerlərdə ikinci belə bir şansı verən iş yox idi.ÿ
Mənim ilk qazancımdan aldığım hədiyyə anama idi – xəmir yoğurmaq üçün tabaq.ÿ
Bu mənim həyatımın bir yay mövsümündə yaşadıqlarımdır.ÿ
Məlumat dəstəyinə görə Əlövsətə və Faiqə təşəkkür edirəm.