Mənsur Həqiqətpur: «Iran Məclisi Israil təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır»
Iran Islam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanı hədələyib. “Modern.az”ın məlumatına görə, Həqiqətpur Iran səmasında vurulan Israil pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirərək, buna görə Azərbaycana qarşı tədbirlər paketinin hazırlandığını söyləyib: “Iran Məclisi Israil təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır”.
Israil müdafiə nazirinin yaxınlarda Azərbaycana səfər etməsindən narahatlığını bildirən iranlı deputat Azərbaycanın Iranla münasibətlərdə “səmimi” olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Iran rəsmiləri bir müddət əvvəl də Israilin pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirmişdilər. O zaman Azərbaycan tərəfi iddia etdi ki, bu haqda deyilənlər əsassız iddialardır.
Lakin Mənsur Həqiqətpurun növbəti dəfə belə bir bəyanat səsləndirməsi göstərir ki, Iran bu məsələdə israrlıdır.
Bu məsələyə münasibət bildirən Azərbaycan parlamentinin üzvü Zahid Oruc isə deyir ki, Mənsur Həqiqətpur ya köhnə eyforiyasından, ya da hər hansı dairələrin təhrikilə əvvəlki leksikonda danışmaqda davam edir: “Həmin şəxs bundan öncə də ölkəmiz əleyhinə müxtəlif bəyanatlar səsələndirirdi. Sanki bununla da Iranla Azərbaycan arasındakı münasibətlərə daha mənfi təsir göstərməyə çalışırdı. Iranın istər parlament üzvləri, istərsə də dini qüvvələri bölgədəki digər dövlətlərlə normal münasibətlərin inkişafında maraqlıdırsa, ölkənin məruz qaldığı sanksiyaları tətbiq edənlər sırasına əlavə dövlətin qoşulmasını istəmirlərsə, o zaman onlar Azərbaycanla yaxşı əlaqələri qoruyub saxlamağa çalışmalıdılar. Istər Azərbaycan prezidentinin Irana səfərində, istər həmin ölkənin rəhbərinin Bakıya səfərində, istərsə də digər beynəlxalq tədbirlərdə Azərbaycan tərəfi belə bir mövqe ortaya qoyub ki, ”biz heç bir halda, Irana bu bölgədən ya Qərbin, ya digər dairələrin cəbhəsini açmaq fikrində deyilik”. Bizim üçün tarixi planda Irana ərazi iddiaları da yoxdur. Ilk növbədə biz müstəqil dövlət kimi, qarşı tərəfdən öz maraqlarımıza hörmət gözləyirik. Hesab edirik ki, Həsən Ruhaninin prezidentliyində bu xətt qəbul edilir, ona anlayış göstərilir və hörmətlə yanaşılır”.
Ramin