Polad Bülbüloğlu: “Müxtəlif qüvvələr və ölkələr bizə təsir etməyə çalışırlar, müxtəlif piar kampaniyalar keçirilir”
“Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının eksportunu daha da artıra bilər. Amma bizə zəmanət verilməlidir ki, bu məhsullar Rusiyaya qarşı sanksiyaların ləğv edilməsindən sonra da Azərbaycandan alınacaq”. Bu barədə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Moskva ilə Bakının strateji müttəfiq olduğunu deyən P.Bülbüloğlu vurğulayıb ki, sentyabrın 15-də Bakıda dövlətlərarası komissiyanın mühüm toplantısı keçirilib: “Bakıda bir daha dilə gətirildi ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdırdılar. Rusiyaya qarşı hansı sanksiyanın tətbiq olunmasından asılı olmayaraq, Rusiya bizim qonşumuzdur. Bunu həyatın özü, tarix müəyyənləşdirib. Bizi böyük bağlar bağlayır. Biz 200 ildən artıqdır ki, birlikdəyik”.
P.Bülbüloğlu Rusiya ilə əməkdaşlığa görə xaricdən Bakıya təzyiqlərin edilib-edilməməsi ilə bağlı suala cavab verərkən bildirib ki, Azərbaycana xaricdən təzyiqlər işləmir: “Müxtəlif qüvvələr və ölkələr bizə təsir etməyə çalışırlar, müxtəlif piar kampaniyalar keçirilir, lakin biz buna sakit yanaşırıq. Bizə xarici təzyiqlər işləmir”.
Rəsmi Bakı hesab edir ki, istənilən, o cümlədən Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etmək lazımdır. Diplomat deyib ki, Ukraynadakı hadisə bütün postsovet ölkələrin həyatında olduqca xoşagəlməz məqamdır: “Bu gün Ukraynada baş verənləri qorxulu yuxuda da görmək olmaz. Azərbaycan dövlətlərin ərazi bütövlüyünə sadiqdir. Hesab edirik ki, İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozmaq olmaz”.
Onun sözlərinə görə, Bakı bunu Ukraynanın daxili işi hesab edir: “Orada mahiyyət etibarilə vətəndaş müharibəsi gedir. Hesab edirik ki, istənilən münaqişəni siyasi yolla, danışıqlar yolu ilə nizamlamaq lazımdır”.
azadliq.info