MDU-nun professoru: “Luqansk və Donetskdə yaradılan anklavlar rus siyasətinin növbəti uğursuzluğudur”
Ukrayna Ali Radası 16 sentyabrda qapalı iclasda Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinə xüsusi status verilməsi barədə qanun qəbul etdi. Sənədə əsasən, “Xüsusi özünüidarə qaydası” bu qanunun qəbul edilməsindən 3 il müddətində nəzərtə tutulur. Qərarın Ukrayna və Rusiya üçün nə vəd etdiyi barədə MDU-nun professoru, tarix elmlər doktoru Andrey Zubov “Qordon” dərgisinin suallarını cavablandırıb
– Andrey Borisoviç, Ukrayna parlamentinin bəzi ərazilərə xüsusi idarəetmə statusu verilməsi barədə qəbul etdiyi qanun Ukrayna ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Sizin fikrinizcə, bu qanundan udan tərəf Ukrayna yoxsa Rusiya olacaq?
– Xüsusi status haqda qanun məcburi kompromisdir. Mənim fikrimcə, ümumən, hazırkı şəraitdə doğru kompromisdir, çünki onun Ukrayna ilə yanaşı, Rusiyaya da ciddi təsiri var. Məsələ ondadır ki, Ukrayna faktiki olaraq Rusiya ilə müharibə etmək imkanında deyil, Rusiyanın isə müharibəni davam etdirməsi potensial olaraq mümkündür. Hərçənd sanksiyalar öz işini görür, iqtisadiyyat dağılmaqdadır, rus əsgərlərinin ölümü cəmiyyətdə şok yaradır, bununla belə, Rusiya müharibəni davam etdirmək istəyirdi, lakin daha mümkün olmadı. Rusiya bir səbəbdən davam edə bilmədi, Ukrayna başqa səbəbdən. Belə olan halda, əlbəttə, kompromis vacibdir.
– Amma rus telekanalları bu qanunun qəbulunu qələbə kimi car çəkməklə məşğuldur. Əslində necədir? Bu, həqiqi qələbədir, yoxsa Pirr qələbəsi?
– Bu, 3 il müddətinə müvəqqəti sülhdür. Düşünürəm ki, doğru anlaşmadır. Ukrayna üçün yaxşı imkandır ki, separatçı radikalizmdən özünü qorusun və ölkədə arzu olunan inkişaf modelini həyata keçirə bilsinlər, hansı ki, gec-tez həmin ərazilər üçün də cəlbedici olacaqdır. Lakin Rusiya sərhədində belə anklavın olması hazırkı hakimiyyət üçün ifrat dərəcə təhlükə mənbəyidir. Çünki orda sağ radikalizm yetişir, hansı ki, konkret ideyası var, ağılsız olsa da, hər halda ideolojidir və bu, Putin və onun ətrafının indiki kleptokratik maraqları ilə uzlaşmır. Bu üzdən, Putin rejimi üçün ciddi təhlükə mənbəyi olacaqdır. Təhlükə ondadır ki, həmin adamlar ifrat milliyətçi ideyalara kökləniblər, Rusiyanı böyük imperiya kimi görmək istəyirlər. Ancaq bu, putinist elitanın gerçək maraqlarına cavab vermir. Çünki elita belə şüarları öz hakimiyyətini saxlamaq və zənginləşmək üçün istifadə edir sadəcə. Belə olan halda, qondarma müstəqil anklavların təzyiqi ilə üzləşmək onlar üçün arzuolunan deyil. Baxın, hazırda rus ictimaiyyətinin gözündə, təəəsüf ki, Strelkov kimi şəxslər çox populyardır. Çoxları üçün o, qəhrəmandır, Putin isə qəhrəman deyil. Rusiyadakı bu vəziyyət Ukrayna üçün qurucu amil olaraq sərfəlidir.
Müharibənin dayanması Ukrayaya imkan verir ki, bütün qüvvələri ölkənin bərpasına, özü də təkcə iqtisadi sahədə deyil, eyni zamanda və xüsusən, sosial-siyasi sahələrdə quruculuğa, Avropa Birliyi ilə və əlbəttə ki, NATO ilə inteqrasiyaya, ordu quruculuğuna sərf etsin. Hərçənd Rusiya üçün bu anklavlar əlavə problemlərdən başqa heç nə vəd etmir. Hər şeydən öncə, onları yedirtmək lazım gələcək. Onlar dotasiyalı regionlar olacaq, əhalini maddi cəhətdən təmin etmək lazım gələcək, mütəmadi humanitar karvanlar göndəriləcək və sair. Odur ki, tənəzzül edən iqtisadiyyatlı Rusiya üçün bunlar əlavə, ağır yükdür.
– Bununla belə, məsələnin müzakirəsi zamanı Ukrayna siyasi elitasında parçalanma baş verdiyinə dair ritorika izlənilir…
– Nəzərə almaq lazımdır ki, Putinin məqsədlərindən biri də bu saziş vasitəsilə Ukrayna ictimaiyyətində parçalanmaya nail olmaq, Poroşenkoya qarşı etimadsızlıq yaratmaqdır. Guya ki, o, kollaborasionistdir, Rusiya ilə əməkdaşlıq edir, Ukraynanı təslim edir və sair. Burda məlum məqsəd var: düşmənlə əməkdaşlıq etmək yolu ilə düşmən obrazı yaratmaq.
– Daha doğrusu, Ukraynada öz məqsədlərinə hərbi yolla nail ola bilmədi və indi daxildən parçalama metoduna əl atıb…
– Çalışırdılar ki, Ukrayna AB-yə və NATO-ya doğru getməsin, amma Ukrayna getdi. Çalışırdılar ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasın, amma NATO yaxınlaşmaqdadır. Özü də təkcə Ukraynaya deyil, habelə Finlandiyaya, İşveçə, Baltik ölkələrinə, Polşaya Alyans qoşunları cəlb olunur. Bir sözlə, məqsədə nail olmadılar. Çalışdılar ki, Ukraynada Yanukoviç sayaq bir rejim qursunlar, bu da alınmadı. Demokratik seçkilər keçirildi, Poroşenkonun şəxsində güclü və məsuliyyətli bir siyasi fiqur önə çıxdı. İndi Radaya seçkilər olacaq. Ümid edirəm, bu da Ukrayna cəmiyyətinə legitimlik əlavə edəcək. Xülasə, rus siyasəti bütün sahələrdə mütləq şəkildə uduzdu. Luqansk və Donetskdə yaradılan anklavlar da rus siyasətinin növbəti uğursuzluğudur. Və ümumiyyətlə, məndə belə təəəsürat yaranıb, hazırda Ukrayna və Rusiya arasında baş verənlər onunla əlamətdardır ki, Ukrayna, özü istəmədən belə, Putin rejiminə qəbir qazır.