Məhəmməd Talıblı
Seymur bəy təkcə ictimai fəal şəxs və jurnalist olsaydı, onunla bəzi fikirlərimi bölüşməklə fikirlərimi daha lakonik olaraq yekunlaşdıra bilərdim. Bu zaman onun haqqında bir yazı yazmaq kifayət edərdi. Onu daha yaxından tanımaq və onun ictimaiyyət üçün tanış olmayan məziyyətlərini göstərmək onu yaxından tanıyanların borcudur. Mən də Seymur haqda bildiklərimi cəmiyyətlə bölüşmək borcuna sahib olan insan olaraq onun haqqında bəzi fikirlərimi sizlərlə paylaşacam. Bu “Seymur – 1”-dir!
Seymur bəylə bağlı olan bu yazımda onun həbsinin siyasi çalarları haqqında yazmaq istəyirəm. Onun həbsini müxtəlif cür izah edənlər var. Hər birində isə müəyyən həqiqətlər var və onların əksəriyyətini bölüşürəm. Amma mən onun həbsinə daha çox başqa prizmadan – uzağa hesablanmış bir siyasi niyyət olaraq baxmağın tərəfdarıyam.
Fikrimcə, Azərbaycan başqa bir mərhələyə daxil olur. Bu mərhələ keyfiyyət və transformasiya baxımından başqa mərhələ hesab olunsa da, onun zaman baxımından daha çox özünü 2014-15-ci illərdə qabarıq göstərəcək. Bunun biri Aİ-nın Şərq Tərəfdaşlığı Proqramında iştirakçılıq mexanizmləri və bununla bağlı mart sammitidir. Digəri isə növbəti il ölkəmizdə keçiriləcək Olimpiyada yarışlarına ev sahiblik etməsi və ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bü mühüm tədbirləri sakit yola vermək üçün yollar indidən təmizlənir. Lal-dinməz, susqun və üzüyola bir cəmiyyət yaratmaq istəyirlər. Hər iki mühüm tədbirin start xətti bu payızdan başlayaraq mart ayına, sonra isə payızda keçiriləcək parlament seçkilərinə qədər artan xətlə davam etməsi hakimiyyət dairələrini də indidən ciddi narahat edir. Onlar bu tədbirləri sakitcə yola vermək istəyirlər. Ölkədə belə siyasi hərarətlənməni yüksəldə bilən şəxslər və strtukturlar indidən zərərsizləşdilir. Bu “ütülənmə” əməliyyatına maneçilik edən prinspial hüquq müdafiəçilərinin və siyasilərin həbsu məhz bu qəbildəndir. Maraqlıdır ki, əvvəllər siyasi proseslərdən sonra repressiyalar həyata keçirilirdisə, indi həmin prosesləri yarada bilən şəxsləri və gücləri bəri başdan aradan götürməklə meydanı boş saxlamaq xətti tutulub. Seymur bəy, bu mənada gözləniləsi prosesdə mühüm rolu və funksiyası olan şəxs olaraq həbs olunub.
Hər bir addımı doğran səbəblər olur. Seymur bəyin həbsini də “zəruri” edən digər səbəblərdə var idi. Onun cəsur hərəkətləri və sərt mülahizələri təkcə onunla yekunlaşmırdı ki, yazırdı və onu daha geniş auditoriyalar üçün ictimailəşdirirdi. O, son ayların sərt repressiyalarının cəmiyyətdə yaratmağa hesablandığı qorxu xofunu sarkazmla cavablandırmaq yolunu təklif edirdi. “Azərbaycan saatı”nda AzTV-3 bu yolun başlanğıcı idi. Mən onunla söhbətimdə deyəndə ki, qorxu təhlükəsi real təhlükənin özündən daha təhlükəlidir, o, bunu sanki bizim cəmiyyət üçün deyildiyini söyləyirdi. Seymur bəy mövcud mənzərədə qorxunc təsəvvür yaradanları üstüörtülü formada həmin nağılları tirajlamamağa çağrırdı. O, repressiyaları və qorxu mühitini yaradanları ələ salırdı. Onları mənalı yumorla yola verirdi. Tarixi və fəlsəfəni yaxşı bildiyi üçün maraqlı iqtibaslar və tarixi paralellər gətirirdi. Bu da inandırıcı görünməyəndə daha fərqli üsullarla inandırmaq yolun tuturdu. Seymurun özü tutduğu yola və ideallarına dərindən bağlı olduğu üçün onlar haqqında o qədər inamlı danışırdı ki, bəzən insana elə gəlirdi ki, həmin idealların çoxu onun özünün məhsuludur. Seymur ümumiyyətlə inandırmamaq çətinliyi olmayan və özü isə inanılmayan insan deyildi. Ona görə inamlı yazır və danışır, inamlı da mübarizə aparırdı.