Aynur İmranova
Son günlər ölkədə QHT sektoruna olan hücümlar daha da intensivləşib. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus və onun əri Arif Yunus həbs olunub. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov axtarışdadır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində axtarış aparılıb və ordan bütün sənədlər götürülüb. Onlarla təşkilatın və jurnalistlərin hesabları həbsdədir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən, demokratiya və insan haqları sahəsində çalışan təşkilatlara dəstək verən bütün beynəlxalq təşkilatların ofisində axtarış gedir və vergi yoxlamalarına məruz qalırlar. Avqustun 21-də Naxçıvan Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişafının Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibovanın həyat yoldaşı, hüquq müdafiəçisi İlqar Nəsibov vəhşicəsinə döyülüb. Onun artıq gözləri görmür və beyni çoxsaylı zədələr alıb və ağır bədən xəsarətləri alıb. O, hazırda görmə qabliyyətini itirib və qapalı kəllə beyin travması alıb.
Qeyri-Hökümət Təşkilatları ilə bağlı I yazıdan çıxarış
Məlumat üçün qeyd edim ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış Qeyri-Hökümət təşkilatlarının sayı təxminən 3000-ə yaxındır. Onlardan cəmi 1 %-i, yəni təxminən 25-30 təşkilat demokratiya və insan hüquqları sahəsində çalışır. Ölkədə 1999-cu ildə “Milli Qeyri-Hökumət Təşkilatları hərəkatının genişlənməsi, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə, mövcud qanunvericiliyə uyğun qurulması və koordinasiya edilməsi, dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, həmçinin media və özəl sektorla QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması və onların üzləşdiyi problemlərin birgə həllinə yardım etmək” bəhanəsilə yaradılan Milli QHT Forumu, sadəcə təşkilatların hakimiyyətin təsirinə keçməsi üçün fəaliyyət apardı. 2007-ci ildən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası artıq bu fəaliyyətin “xoşbəxt” sonluğu idi. Hakimiyyət Şura vasitəsilə ənənəvi metodunu tətbiq edərək öz maraq dairəsində iş aparan QHT-lərin xırda layihələrinin maliyyələşməsini öz üzərinə götürürdü. Hətta son zamanlar birbaşa zərbə vurmaq funksiyasını da yerinə yetirirdi. Anar Məmmədlinin işində QHT Şurasının rolunu xatırlayırsınızmı?
Hakimiyyət yaradıcılıq imkanları geniş olan, mübarizəsini hüquqi müstəvidə qura bilən QHT təmsilçilərini hədəfə almaq üçün zəmin hazırlayır, fürsət gözləyirdi. Eyni zamanda bir neçə istiqamətdən hücuma da davam edirdi. Bu istiqamətlərdən biri GONGO (Government Organized Non-Governmental Organization – hökümət yanı) təşkilatların yaranması və mövcud təşkilatların GONGO-ya çevrilməsi prosesi idi. Bu təşkilatlar böyüdülərək demokratiya və insan haqları uğrunda mübarizə aparan təşkilatlara rəqib hala gətirilir və hər sahədə onların fəaliyyətini vurmaq istiqamətində iş aparalırdı. Təəccüblü deyil ki, ölkədə ən çox qrant GONGO təşkilatları Əli Həsənovun kurasiyasında olan təşkilatlar hesab olunur. Eyni zamanda nazirliklər, dövlət qurumları da yandaş QHT-lər formalaşdıraraq, əks tərəfdən gələn təzyiqin azaldılmasında onlardan istifadə edirdi. Sonradan GONGO-ya çevrilən təşkilatların adları isə yəqin ki, artıq hamıya məlumdur.
GONGO təşkilatlara hakimiyyətin öz dəstəyi azmış kimi bəzi beynəlxalq təşkilatların yerli nümayəndəlikləri, qrant təşkilatları da hakimiyyətlə münasibətləri korlamamaq üçün onlarla çalışmağa məcbur olur, nəticədə dolayısı ilə Azərbaycanda avtoritar rejimi dəstəkləyirlər. Buna misal olaraq ən çox söz söhbətə səbəb olmuş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD)in Milli Məclisin üzvü Əli Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verdiyi 1.5 milyon dollar qrantı və ya Hadı Rəcəblinin ailəsinə məxsus olduğu bildirilən “Həyat” təşkilatının, Əli Həsənovun kurasiyasında olan İsrail İsgəndərovun sədri olduğu ÜMID Humanitar və Sosial Dayaq Mərkəzinin 20 ilə yaxındır BMT QAK-ın tərəfdaşı olmasını göstərmək olar. Belə misallar da GONGO təşkilatlar kimi yüzlərlədir. Bu təşkilatlar həm də sosial layihələr üçün BP-dən də qrantlar alır.
GONGO-lar hakimiyyətə niyə lazımdır?
Ölkədə mətbuat və siyasi institutlar hakimiyyət tərəfindən mütəmadi təzyiqlərə məruz qalırdı. İndi də növbə QHT-lərdə idi. Cünki ayrı-ayrı sahələrdə fəaliyyət göstərən müstəqil QHT-lər tərəfindən hazırlanan hesabatlar hakimiyyətin mahiyyətini açır, baş verənlər haqqında beynəlxalq aləmə obyektiv məlumat çatdırırdı. Buna qarşı mübarizə üçün hakimiyyət ilk növbədə özünə lazım olan Qeyri-Hökümət Təşkilatlarının sayını süni şəkildə çoxaltmaqla bəzi məqsədlərə nail ola bildi. Bunlar:
Hakimiyyətin vətəndaş cəmiyyəti ilə işləməsi, əməkdaşlıq etməsi imitasiyasını yaratmaq üçün;
İnsan haqları və demokratiya sahəsində çalışan QHT-lərin azlıqda qalmasına, sonra onlara qarşı təzyiqlər güclənəndə, bu ümumi faizlə gözə batmırdı;
Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara təzyiq edərək GONGO-larla çalışmağa vadar etmək və bununla da illik hər təşkilat üçün ayrılan büdcənin tamamının təsir dairəsində olmayan QHT-lərə sərf edilməsinə mane olmaq;
Lazımi tədbirlərdə bu QHT-lərin aranı qarışdıraraq, mübahisəli vəziyyət yaratması, hakimiyyətn maraqlarını təmsil etməsi (Məsələn, Avropa Şurasının)
Beynəlxalq tədbirldə müstəqil QHT-rin iştirakını məhdudlaşdırmaqla, GONGO-larrın bu tədbirdə iştirakını və “alternativ”hesabatla çıxışını təmin etmək
Nəhayət, sabah narazılıq olarsa, müəyyən kütlənin qarşısına keçə biləcək muzdlu kontingent yetişdirmək;
Əli Həsənovun humanitar siyahısı
Bu günlərdə QHT-lərin sıxışdırılması dövründə İREX-in mətbuat üçün açıqlamasın oxudum. Açıqlamada deyilirdi : “İREX Azərbaycan Nümayəndəliyi bəyan edir ki, Azərbaycandakı bütün fəaliyyətləri ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilib və yenə də davam edir. Ölkədəki bütün fəaliyyət Əli Həsənovun sədri olduğu Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə sıx koordinasiya edilib, bütün fəaliyyətlər qarşılıqlı əlaqələndirmə ilə və onlara məlumat verilərək davam etdirilib”.
“Əli Həsənovun sədri olduğu Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası”?!
Arayış: Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası (bundan sonra Komissiya) yaradılmışdır.
«Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 3.6-cı bəndinə uyğun olaraq Komissiya öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi vasitəsilə həyata keçirir.
Komissiya həmin təşkilatların (yəni qaçqınlar və məcburi köçkünlərlə bağlı fəaliyyət göstərən təşkilatların) dövlət qeydiyyatına alınması və ləğvi, nizamnamələrində əlavə və dəyişikliyin edilməsi, təsisçiliyin dəyişdirilməsi, vergi, gömrük rüsumlarından azad olunması, təşkilatların əcnəbi əməkdaşlarının rüsumsuz viza ilə təmin edilməsi və s. məsələlərinin həyata keçirilməsini təmin edir. Göründüyü kimi humanitar fəaliyyətlə məşgul olan Beynəlxalq təşkilatlar və beynəlxaiq QHT-lər məhz bu cumlə ilə birbaşa olaraq Əli Həsənovun tabeciliyinə verilib. Mövcud qanunvericiliyi izləsəm də əslində Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına belə bir səlahiyyətin verilməsini tapa bilmədim. Üstəlik, bu Komisiya tərəfindən humanitar təşkilat kimi tanınan hətta beynəlxalq QHT-lər də vergidən azad olunurlar.
Məncə, hər şey aydındır. Aydın olmayan beynəlxalq təşkilatların yerli ofislərinin kasıbçılıqdanmı, 22% vergini verməmək üçünmü, gətirdiyi yükün və nəqliyyat vasitələrinin sərhəddən problemsiz keçirmək üçünmü bu sövdələşməyə getməsidir. Öyrəndik ki, ABŞ-ın ölkədəki təşkilatları sazişlə işləyir və bu saziş 2000-ci ildə imzalanıb, parlamentdə ratifikasiya edilib. Həmin sazişə görə, ABŞ-ın ölkədə fəaliyyət göstərilən təşkilatları fəaliyyətlərini bu komissiya ilə razılaşdırmalıdır. Yəqin ki, bu Avropa ölkələrinin təşkilatlarına da aiddir.
Əslində fəaliyyəti ilə tanış olduqca Komissiyanın tamam başqa funksiyanı yerinə yetirməsini anlamaq çətin deyil. Baş nazirin müavini Əli Həsənovun imzası hansısa yerli və ya beynəlxalq təşkilatın humanitar hesab edilib edilməməsinə, beynəlxalq təşkilatın Azərbaycanda fəaliyyətinə xitam verilməsi üçün kifayət idi. Bu komisiyanın illər üzrə tərtib elədiyi siyahıları müqayisə elədim və aydın oldu ki, ölkədə fəaliyyət göstərən beynəlxalq fond və təşkilatların sayı yarıbayarı azalıb. Bu göstərilən təzyiqin nəticəsi idi və hakimiyyətin istədiyi də tam bu idi. Əməkdaşlıq eləməyənlər getsin. Qalanlar isə məcburi şəkildə əməkdaşlığa razı olsunlar. Məsələn, Counterpart International, USAİD-i, Oxfam, Qlobal Fond kimi yüksək məbləğli qrant layihələrini maliyyələşdirən təşkilatlar və layihələr mütləq dövlət qurumlardan birini maliyyələşdirəcəkləri layihələrdə tərəfdaş görmək şərti də qoyurlar. Deməli hakimiyyət istədiyinə nail olmuşdu. Halbuki, bu, qanuna tamamilə zidd idi.
Məsələ burasındadır ki, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının rəhbəri və Baş nazirin müavini olan Əli Həsənova hansısa təşkilatın humanitar və ya qeyri-humanitar elan etmək səlahiyyəti verilməyib. Azərbaycanda fəaliyyət göstərərn QHT-lərin və Fondların fəaliyyətini tənzimləyən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda və həmin Qanununun tətbiq edilməsi barədə AR prezidentinin Fərmanında belə norma və səlahiyyət müəyyən edilməyib.
Komissiya haqqında rəsmi məlumatın mətni və Komsiyanın siyahısı yazının sonuna əlavə olunacaq. Və o siyahıya baxan hər kəs anlayar ki, orda göstərilən yerli təşkilatların bir çoxu nəzərdə tutulan humanitar fəaliyyətlə heç vaxt məşğul olmayıblar. Bunlar sadəcə GONGO-lardır. Belə başa düşülür ki, hakimiyyət gələn beynəlxalq təşkilatlara Komissiya və bu siyahı vasitəsilə istiqamət göstərir, “bunlarla çalışarsan mənimlə problemin olmaz deyir?!.
Havaya sovrulan milyonlar
Ədliyyə Nazirliyinin saytından çıxarış: “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin, Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.
2013-cü il ərzində qrant alınması haqqında 1817 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 220 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 737 müraciət daxil olmuşdur.
Həmin müqavilələr (qərarlar) üzrə 173 donor təşkilatından 67.217.026 manat məbləğində qrant alınmışdır. Ümumi məbləğdən 23.550.942 manat xarici donorlar tərəfindən verilmiş qrantlardır (təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilmişdir). Qrant məbləğinin 65%-i 29 yerli donor tərəfindən verilmişdir (onlardan 12-si dövlət təşkilatıdır).
Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmiş və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:
elm, təhsil və maarifləndirmə – 28,7%
uşaq və gənclərlə bağlı – 26,6%
sosial məsələlər – 5,1%
səhiyyə və əhalinin sağlamlığı – 4,8%
insan hüquqları – 4,5%
kütləvi informasiya vasitələri – 4,2%
qaçqın və məcburi köçkün problemləri – 3,7%
turizm və mədəniyyət – 3,5%
qadın problemləri – 3%
iqtisadi inkişaf – 2,7%
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi – 2,3%
digər sahələr – 2,2%
ekologiya və təbiəti mühafizə – 2,1%
kənd təsərrüfatı – 2%
xeyriyyəçilik – 1,7%
yerli özünüidarə məsələləri – 1,6%
korrupsiya ilə mübarizə – 1,3% “
Təkcə 2013-cü il ərzində müqavilələr üzrə 67.217.026 manat məbləğində qrant alınıb, ümumi məbləğdən 23.550.942 manat xarici donorlar tərəfindən verilib. Deməli 43.666.084 manat yerli donorlar tərəfindən verilib, əksəriyyəti də QHT-lərə Dövlət Dəstəyi Şurasından… Yəni bizim vergilərimizdən… Və siz GONGO olmayan təşkilatlara belə məbləğlər veriləcəyinə inanrısınızmı?!
Və yaxud da GONGO-larla tanış olmaq istəyirsinizsə QHT-lərə Dövlət Dəstəyi Şürasının saytına daxil olun, Şuranın təşkil etdiyi çoxsaylı xarici səfərlərdə iştirak edən təşkilatlarla tanış olun. Bu səfərlərin faydalılıgının nədən ibarət olmasını da özünüz dəyərləndirirn.
Qrantlarla bağlı diqqətimizi çəkən daha bir nüans 2012-ci ildə ümumi alınan qrant məbləği 39 542 569 manat olub, bunun 21.090.811 manatı xarici donorların, 18.451.758 manatı isə yerli donorların payına düşür. Fikir verdinizsə yerli “dağıdılan” vəsaitlər təxminən 2.5 dəfə artıb. Niyə dağıdılan? Çünki GONGO ların faliyyətin araşdıran hər kəs görə bilər ki, bunlar sadəcə dağıdılan pullardır, layihələrin icrasında effekt yoxdur. Amma bu da başqa, daha geniş bir yazının mövzusudur.
Heydər Əliyev Fondu
Məlumdur ki, Heydər Əliyev Fondu da qeyri-hökümət təşkilatıdır. Azərbaycan Respublikasının Prezidentinin həyat yoldaşı Mehriban Əliyeva da bu fondun prezidentidir. Fondun yaranma məqsədlərindən birincisi – “görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək” kimi göstərilib.
Etiraf etmək lazımdır ki, Heydər Əliyev Fondunun bəzi layihələri maraqlı və uğurlu hesab edilə bilər. Məsələn, ölkə daxilində orta məktəb şagirdləri arasında keçirilən “Azərbaycanı tanıyaq” layihəsi diqqət cəlb edir. Amma məktəblərdə yığılan rüşvətlərin bu layihəylə əlaqələndirilməsi, Heydər Əliyev Fondunun keçirdiyi tədbirlərin büdcəsi, aldığı və ya verdiyi qrantların, layihələrin mənbəyi, miqdarı barədə məlumat əldə eləmək mümkün deyil. Şəffaflıq və hesabatlılığa rast gəlmədik. Amma mütləq vurğulamaq lazımdır ki, hakimiyyətdə təmsil olunan bir şəxsin QHT yaratması korrupsiyaya şərait yaradır. Qeyri-hökümət təşkilatlarının yaradılması və fəaliyyətinin məqsədlərindən biri dövlət orqanlarının diqqətindən qaçan problemləri onların diqqətinə çatdırmaq və həllinə kömək etməkdir. Lakin Heydər Əliyev Fondunun layihələrinə tam əksinə dövlət orqanları dəstək verir, dövlət proqramı kimi həyata keçirilir.
Çox təəssüflə qeyd etməliyəm ki, başqa demokratik ölkələrdə belə acınacaqlı hallar mövcud deyil. Çünki nəticədə QHT-lər cəmiyyətdə şəffaflığı təmin edirlərsə, bizdə tam əks funksiyanı həyata keçirirlər.
Suyu Bakıdan gedən dəyirmanlar
Qeyd etmək istərdim ki, AR Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva da QHT sədridir. O, Rusiyada fəaliyyət göstərən AMOR (Rusiyada Azərbaycanlı Gənclər Birliyi) təşkilatının rəhbəridir. Təşkilat Rusiya Federasiyasında yaşayan Azərbaycanlı gənclərin milli dəyərlərimiz təbliğ etmək üçün təşkilatlandırmaq vəzifəsini öz üzərinə götürüb.
Başqa bir xaricdə olan təşkilatı nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovundur. Azərbaycan-Amerika Alyansı (AAA) adlı təşkilat adından da məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ilə məşğul olur.
Fövqəladə Hallah nazırı Kəmaləddin Heydərovun oğlu isə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədridir. Londonda yaşayan nazir oğlu Ermənistan Azərbaycan münaqişəsinin Avropaya çatdırılması, diaspor fəaliyyəti ilə məşğul olur.
Eyni zamanda Nazim İbrahimovun da xaricdə diaspora sahəsində fəaliyyət ğöstərərn coxsaylı təşkilatları – QHT-ləri mövcuddur.
Bu təşkilatların orda saxlanılmasına əsas maliyyə dəstəyi isə Azərbaycandan gedir. Nə ayrılan maliyyə məbləgi, nə görülən fəaliyyət, nə layihələrdən faydalananlar haqqında məlumat verilmir, şəffaflıq gözlənilmir.
Koalisiyalar
Azərbaycanda bir sıra Qeyri Hökümət təşkilatları kolasiyaları da fəaliyyət göstərir. Bunların arasında “İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası”, Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması (VCFAMP), Mədən Hasilatı Sənayesinidə Şəffaflığın artırılması koalisiyası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və sair…
Amma koalisiyalar da yuxarıda göstərilən vəziyyətdən daha yaxşı durumda deyil. Belə ki, onların bir çoxu hökümətin sifarişi ilə yaradılıb, bəziləri isə sonradan GONGO-laşıb. Məsələn, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası elə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin binasında təsis edilib.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, 3 koalisiyanın üzvüdür.
” Bütün koalisiyaların tərkibinə hökümət tərəfindən çoxlu sayda desant yeridilib. Hal-hazırda bu koalisiyalara daxil olan GHT-rin 80% GONGO olduğundan bu koalisiyalar çoxdan öz müstəqilliyini itirib. Ona görə də bu tərkibə malik olan koalisiyanın qarşısına qoyduğu məqsədə nail olması qeyri mümkündür. Hətta koalisiyalar daxili yazışmalar da məhz GONGO-ların vasitəsilə müvafiq qurumların nəzarəti altındadır. Üzvü olduğum koalisiya, Mədən Hasilatı Sənayesində Şəffaflığın artırılması koalisiyası təsis olunanda müstəqil idi. Amma indi Milli Platforma və Mədən Hasilatı Sənayesinidə Şəffaflığın artırılması koalisiyası da demək olar ki, hakimiyyət tərəfindən işğal olunub, Mahnı və Rəqs ansamblına çevrilib. Bu koalisiyaların üzvü olan müstəqil QHT-lər isə azlıq təşkil etdiyindən qərar qəbuletmə səs çoxluguna malik olan GONGO-rın nəzarətinə keçib. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsində isə QHT-nın sayı koalisiyalara nisbətən azlıq, müstəqil QHT-in sayı isə nisbi dərəcədə çoxluq təşkil etdiyindən “şəbəkə müqayisəli dərəcədə nisbətən müstəqildir. Onu da qeyd edim ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi də bu şəbəkənin üzvüdür”.
“GONGO” idlər
Sonunda ad çəkmək istərdim. Yazıya Əli Həsənovun humanitar siyahısını da əlavə edəcəyəm (o siyahıda demək olar ki, GONGO olmayan təşkilat yoxdur), amma yenə də ən tanınmış və yüksək məbləğli layihələr alan GONGO-ların adını qeyd eləmək istəyirəm.
“Azərbaycan Hüquqşünaslar Konfederasiyası”, İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynov
“Konstitusiya” Araşdırmalar Fondu, Əliməmməd Nuriyev
AVCİYA-Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, sədri Elxan Süleymanov
Avrasiya Beynəlxalq Mətbuat Fondu, rəhbəri Ümid Rəhimov
Milli QHT Forumu, sədri Rauf Zeyni
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) – Şahin Seyidzadə
«Ümidli Gələcək» Gənclər Təşkilatı, sədri Fuad Muradov
«Demokratiya və İnsan Hüquqları Komitəsi», sədri Milli Məclisin deputatı Çingiz Qənizadə (QHT-lərlə bağlı bir sıra mürtəce dəyişiklikləri məhz Çingiz Qənizadə Milli Məclisdə irəli sürüb)
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı , Dilarə Əliyeva adına qadın hüquqlarının müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru Səidə Qocamanlı
“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatı AGAT Gülsel Səfərova
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, sədri Sahib Məmmədov
Beynəlxalq münasibətlərin araşdırılması mərkəzi, sədri Rufiz Qonaqov
Azərbaycan Gənclər İttifaqı
Ümid sosial inkişafa dəstək ictimai birliyi, sədri İsrail İsgəndərov (İsrail İsgəndərov uzun müddət BP də ekspert olub, BP nin hansı QHT-lərə maliyyə dəstəyi verəcəyinə o qərar verib, özü də BP-dən iri sosial layilər üçün vəsait alıb)
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi, sədri Vüsalə Hüseynova
Azərbaycan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi, rəhbəri Sabit Bağırov
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ, rəhbəri Əhməd Şahidov
Sosial Huquqlarin Monitorinq Qrupu, rəhbəri Azad İsgəndərli
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, sədri Nailə İsmayılova
“XXI əsrin qadinlari ” ictimai birliyi, sədri Mahirə Əmirhüseynova
“Ümidli gələcək” gənclər təşkilatı, sədr Nabil Seyidov
“Lider qadınlar” ictimai birliyi, sədri, millət vəkili Məlahət İbrahimqızı və sair…
Eyni zamanda elə QHT-lər var ki, onlar konkret dövlət qurumlarına və şəxslərə yaxındır. Məsələn, millət vəkilləri Hadı Rəcəblinin, Məlahət Həsənovanın, Rəbiyyət Aslanovanın, Sabir Rüstəmxanlının, Azay Quliyevin, Asim Mollazadənin, Qənirə Paşayevanın da Qeyri-Hökümət Təşkilatları var. Nazirliklərin, komitələrin yaxın təşkilatları var. Təbii ki, bir yazıda 3000 təşkilatın təsnifatını vermək mümkün deyil. Amma imkan daxilində ən tanınmış GONGO-ların və onların yaxın olduqları qurumları bölməyə çalışacam. Xüsusi vurğulamaq istəyirəm ki, çoxsaylı QHT rəhbərləri, ekspertlər və KİV-də aşağıdakı siyahıda adı çəkilən təşkilat sədrlərinin açıqlamalarının monitorinqini keçirməklə bu təsnifat aparılıb.
Müdafiə Nazirl”iyinin yan təşkilatları – Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) – 2 təşkilatın da sədri Emin Həsənli; Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyası, sədri Dadaş Rzayev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, sədr Növrəstə Yusifova
Gənclər Nazirliyi – Gənclərin töhfəsi” İctimai Birliyi, sədri Asim Vəliyev, “Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatı” (AGAT) sədri Gülsel Səfərova,
Pentensiar Xidmət – “İnsan hüquqları naminə” Ictimai Birliyi, sədri Eynulla Fətullayev; İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, sədri Elçin Behbudov, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitə
Nəqliyyat Nazirliyi – Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri İctimai Birliyi, rəhbəri Xədicə Babayeva
Daxili İşlər Nazirliyi -“Polisə Dəstək” İctimai Birliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi, sədri Esmira Orucova, “Həyat” beynəlxalq humanitar təşkilatı, “Dayaq” qeyri-hökumət humanitar təşkilatı
Gənclər və İdman Nazirliyi – Demokratik İslahatçı Gənclər İctimai Birliyi, AGAT, Gənclər Turizm İctimai Birliyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
QHT Şurasının yan təşkilatları – Şura üzvlərinə aylıq qonorarla bərabər hər il layihə də verir. Bu layihələrin büdcəsi başqa QHT-lərə verilən layihədən üstün olur. Bunu büdcənin yayınlanan müsabiqə nəticələrindən də görə bilərsiniz. Mətbuatda gedən faktları bura köçürmək istəmədik.
GONGO -lara verilən qrantlar
Aşağıda sizə bəzi QHT-lərin sadəcə 2013- cü ildə aldıqları layihələr üzrə əldə edə bildiyimiz məbləğləri təqdim edirik. Baxmayaraq ki, “İnformasiya əldə etmək haqqında” qanunun 9-cu maddəsinə görə, dövlət orqanları və bələdiyyələr, eləcə də, ictimai funksiyaları yerinə yetirən bütün hüquqi şəxslər informasiya sahibi hesab olunurlar. Həmin qanunun 29-cu maddəsi isə bütün informasiya sahiblərinin üzrərinə onların aldıqları qrantlar, qrantların şərtləri və istifadəsi haqqında bilgiləri ictimaiyyətə açıqlamaq vəzifəsi qoyur. Yəni, QHT-lər də aldıqları qrantlar barədə bilgiləri açıqlamaq vəzifəsi daşıyırlar. Bundan əlavə, konkret dövlət qurumları QHT-lərin aldıqları qrantlar barədə bilgilərə sahibdirlər, onlar bu bilgiləri öz funksiyaları daxilində əldə edirlər. Onlar da həm özlərinin aldıqları, həm də funksiyaları daxilində QHT-lərin aldıqları qrantlar barədə əldə etdikləri bilgiləri toplumla bölüşməlidirlər.
Amma bu qanuna əməl olunmadığından, QHT-lər aldıqları qrantlar haqqında cəmiyyət hesabat təqdim etmədyindən bu məlumatlar sadəcə imkan daxilində müəyyənləşdirilən layihələr haqqındadır. Məbləğləri, fəaliyyətin effektini, ümumiyyələ o təşkilatlar barədə nə isə eşidib eşitmədiyinizi isə sizin mühakimənizə buraxırıq.
Azərbaycan Gənclər İttifaqı – toplam 225.000 $, 550.000 norveç kronu, 21.800 AZN
Ümid sosial inkişafa dəstək ictimai birliyi – toplam 77.245 $, 136.522 AZN (BP-dən də layihəsi olduğunu öyrəndik, amma məbləği müəyyənləşdirə bilmədik)
Azərbaycan Hüquqşünaslar Konfederasiyası toplam 345.850$ (Bildiyiniz kimi, USAİD bu təşkilata verdiyi 1.5 milyon dollarlıq layihəni göstərilən təzyiqlər nəticəsində dayandırdı. Maraqlı nüans Konfederasiya özü də Vətəndaşların Əmək Hüquqlarının müdafiə Liqasına 274.770$ layihə maliyyələşdirib. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının adlığı layihələrin biri isə Əliməmməd Nuriyevin rəhbərlik etdiyi “Konstitusiya” Araşdırmalar Fondundan 180.850$ olub. )
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası toplam 308.736$
“Ümidli gələcək” gənclər təşkilatı toplam 100.330 AZN + 7000$
Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 59.000$+240934 avro+12.142 AZN
Bu arada Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu yarım milyona yaxın qrant verib müxtəlif təşkilatlara və onların hamısı GONGO-lardır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, KİV ə dəstək Fondunun maliiyə yardımı etdiyi təşkilatların heç biri ölkədə insan haqları, demokratiya, azad seçki uğrunda mübarizə aparan təşkilatlar deyil. Və təkcə QHT DD Şurası ildə 4 dəfə layihələrə maliyyə yardımı verir.
Ölkədə ən çox layihələri maliyələşdirilən Qeyri-Hökümət Təşkilatlarının GONGO-lar olduğunu 365.com-a son müsahibəsində Turan agentliyinin rəhbəri Mehman Əliyev də təsdiqləyib.
“SOROS Fondunda ən son sədr mən olmuşam. Həmin vaxt qurumun mühüm şəxslərindən biri gəlmişdi. O dedi, sizdən başqa ayrı bir adam tanımırıq ki, Azərbaycanda onu sədrliyə gətirək. Bizə belə adam lazımdır ki, vəziyyəti içəridən başa düşək görək, nə baş verir. Təəssüf ki, Azərbaycanda da bulanma başlamışdı. Bu məqsədlə araşdırmalar aparıldı, pozuntular aşkarlandı. Qrantı alanlar da, verənlər də şəxsi maraqlarını güdmüşdülər. Onların özlərinin inandıqları adamların arasından da əliəyri adamlar çıxdı. Deyim ki, orada ciddi layihələr də həyata keçirilib. Azərbaycana fayda verən. Azərbaycanda elə təşkilat yoxdur ki, beynəlxalq qurumlardan qrant almasın. Əlimməmməd Nuriyev, Sahib Məmmədov, Azay Quliyevədək oradan pul alıb. Hətta Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzi ATƏT-dən, Beynəlxalq Avrasiya Fondundan qrant alıb. Yəni qrantı hamısı alır. Amma birdən-birə qrant alanların yarısı düşmən olub. Qeyd etmək istəyirəm ki, qrantların 90 faizi hökümətin özünə çatırdı. Özü də çox böyük məbləğdə. Əgər yoxlasalar, orada da mənimsəmələr olduğu aşkarlanar.”
Mehman Əliyevin açıqlamasına əlavə olaraq Açıq Cəmiyyət İnstitutunun (SOROS) təkcə 2011-ci ildə ayırdığı qrantların siyahısın sizə təqdim edirik. Beləliklə, hər bir oxucunun o siyahıda nə qədər GONGO və nə qədər ölkədə şəffaflıq, insan haqları və demokratiya üçün çalışan Qeyri Hökümət Təşkilatının olduğunu müqayisə etmək imkanı olacaq.
Azərbaycan Uşaqlar Birliyi – 29195$ + 25394$+27.164$ + 34003$,
Yoluxucu xəstəliklərlər mübarizə İctimai Birliyi 18.200$,
“Ümidli gələcək” Gənclər təşkilatı İB – 23592$,
Sumqayıt Gənclərinin hüquqi maarifləndirilməsi İB 17.000$,
Feniks sağlam həyat İB – 20.000$,
Çıraq uşaq inkişaf mərkəzi 20.000$,
ORİQAMİ uşaq və yeniyetmə İB 1500$,
Kutura.az portalı 2995$,
Ümid sosial İnkişafa dəstək İB 5000$+11.035$+6402$,
Təmas” regional inkişaf İB 20.000$,
Hüquqi inkişaf və Demokratiya İB 30.046$,
Dickordant İB -17.600$,
Azərbaycan Media Mərkəzi – 17.510$,
Müstəqil Həyat” İB 30.000,
Media Hüququ İnstitutu 8818$,
AİDS-lə mübarizə İB 16.400$+29.795+12.200+3.800$,
RATİ – 2500$,
Milli Büdcə ofisi 2000$,
İnsanlara Qayğı və Dsətək İB 20.000$,
“Azad həmfikirlər”gənclərin maarifləndirilməsi İB 20.000$,
İqtisadi Tədqiqatlar Mərkəzi 7880$,
Uşaq Hüquqları Müdafiə Liqası 20.000$,
“Aran”uşaqların sağlam gələcəyi İB 20.000$,
Hüquq maarifçiliyi cəmiyyəti 20.000$,
İqtisadi və Sosial İnkişaf Mərkəzi 10.000$,
Təhsildə bərabərlik QHT alyansı (Ümid vasidətçi kimi göstərilib )51.275$,
Demokratik Jurnalistika Məktəbi 3500$,
Ehtiyatda və İstefada olan Zabitlər İB 3000$,
Sahibkarlığa Və Bazar İqtisadiyyatının inkişafına yardım fondu 19.580$,
Cəmiyyət məktəb əməkdaşlığına dəstək İB 15.935$,
Hüquq və İnkişaf İB 20.000$,
Gənc İctimaiyyətçilər qrupu 2500 manat,
Gədəbəyin sosial iqtisadi inkişaf naminə İB 4200 manat,
Vikipedia Azərbaycan İB 4300 manat,
Gender və Tərəqqi 20.000$,
«Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» ictimai birliyi 20.750$,
«BUTA» Uşaq Humanitar Fondu 45.302$,
«Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» ictimai birliyi – 30.774$,
Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi 1620$,
«Gənclər üçün Təhsil Mərkəzi» ictimai birliyi 23.550$,
«Sosial Xidmətlər Təşəbbüsü» ictimai birliyi 125.484$,
«Sağlamlığa çağırış» İctimai Alyansı (vasitəçi təşkilat «Demokratik Təsisatlar və İnsan Hüquqları» ictimai birliyi) 19082$,
«Azərbaycan Valideyn-Müəllim Assosiasiyası» ictimai birliyi 13.018$,
«İqtisadi Tədqiqatlar Mərkəzi» ictimai birliyi 14.940$,
«Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı» ictimai birliyi 12.490$,
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (vasitəçi təşkilat «Ehtiyatda və İstefada Olan Zabitlər» ictimai birliyi) 7320$,
«İqtisadi və Sosial İnkişaf Mərkəzi» ictimai birliyi 75.000$,
«Sosial Xidmətlər Təşəbbüsü» ictimai birliyi 305.345$,
«Gənc hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda» ictimai birliyi 25.000$,
«Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» ictimai birliyi 11.435$,
Milli Büdcə Qrupu (vasitəçi təşkilat «İqtisadi Tədqiqatlar Mərkəzi» ictimai birliyi) 89.919$,
«Müşviq» adına Qarabağın Əlil Uşaqlarına Yardım ictimai birliyi 12.970$+14.605$ və s….
Açıq Cəmiyyət İnstitutu ilə yanaşı donorların son 3 il ərzində verdikləri qrant siyahılarını da müqayisə elədim. Gördüklərim belə deməyə əsas verir ki, hakimiyyətlə bərabər GONGO-ları elə beynəlxalq təşkilatlar da saxlayıb, böyüməsinə, inkişaf etməsinə dəstək verib. Belə təşkilatlara ABŞ və Avropa ölkələrinin ölkədəki səfirlikləri ilə birgə əksər donorlar daxildir.