Aslan İsmayılovdan Seymur Həzinin həbsinə reaksiya
Tanınmış vəkil Aslan İsmayılov “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin həbsinə münasibət bildirib. O bu barədə facebook səhifəsində yazıb:
“Vüsal Şilderin qətli ilə bağlı baş verən saxtakarlıqlar, insanların bu işə biganəliyi məni çox üzmüşdü, qərara gəmişdim ki, bütün ictimai proseslərdən kənarlaşım və ancaq vəkilliklə məşğul olum. Bu fikrimi də dəyişməmişəm. Ancaq Seymur Həzinin həbsinə biganə qala bilmədim.
Onu yaxından tanımamışam. Bir gün söhbət zamanı mənə Yusuf Halacoğlunun “Anadoluda aşiretler, cemaatlar, oymaklar” kitabından elə danışdı ki, məndə də həvəs oyatdı və kitabı oxumaq üçün istədim. Kitab məndə yoxdu dedi. Anladığım qədər Seymur kitabı İstanbulda kitab mağazasında görmüş, elə oradaca vərəqləmiş, ancaq çox bahalı olduğundan ala bilməmişdi. Bir nəfər türk dostumdan xahiş etdim ki, həmin kitabı alıb gətirsin. Kitab gələn kimi, Seymura zəng edib, kitabın məndə olduğunu bildirdim. Az müddət keçdi ki, Seymur ofisimə gəldi. O kitabı cild- cild hansı həvəslə əlinə götürdü, onları bir-bir necə sığalladı, bunu ancaq görmək lazım idi. Səhv etmirəmsə 5, ya 6 cild və hər biri də 3-5 kq ağırlığında olan kitabı sinəsinə vurub ofisdən çıxanda təklif etdim ki, bir az gözləsə sürücüm aparar. “Yox bəy, yeni kitabxana düzəldirik, bunları təcili ora çatdırım, cavanlar oxusun” dedi. Seymurun kitaba həvəsi məni o qədər təsirləndirdi ki, utandım deyəm, mən kitabı hələ oxumamışam, heç baxa da bilməmişəm. İndi deyin görüm, belə bir insandan xuliqan olarmı?”