Seymur Həzinin azadlığa qovuşması üçün gərəkli olan bütün addımları atacağıq!
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan Saatı” televiziya proqramının redaktor və aparıcısı Seymur Həzinin həbs edilməsi Azərbaycanda güclənməkdə olan repressiya dalğasının tərkib hissəsidir.
Onun təqib edildiyi və həbs ediləcəyi barədə təxminlərimiz vardı. Seymur Həzinin özü də həbs ediləcəyi haqda məlumatlar almışdı. Amma həm “Azadlıq”, həm də Seymur Həzinin özü Azərbaycandakı inzibati terrordan yaxa qurtarmaq üçün zəruri sayılan addımları atmaq zorunda deyildi. Bu təqiblərdən xilas olmaq üçünsə ölkədəki qanunsuzluqlara göz yummaq, insan hüquq və azadlıqlarına qarşı təhqiramiz rəsmi münasibətləri görməmək, itaətkar, kölə özəlliklərinə məxsus dəyərlərin daşıyıcısı olmaq lazım gəlir. Bu təqiblərdən xilas olmaq üçün Azərbaycanda maliyyə-oliqarxiya diktaturasının vətəndaşlar və ölkə üzərində ağalıq hərisliyinin necə tüğyan etdiyini müşahidə edərək susmaq, məqsədyönlü şəkildə qurulan iyrənc şou-biznes tamaşasında rol almaq lazım gəlir.
Biz qəzet olaraq, söz azadlığının Azərbaycan və ölkə vətəndaşları üçün nə qədər zəruri olduğunu dəyərləndiririk. Söz və vətəndaş azadlıqlarının hər birimizin və hər birinizin avtoritar rejimin köləliyindən xilas olması üçün başlıca vasitə olduğunu bilirik.
Seymur bəy də bu dəyəri daşıyan əsl vətəndaş, həqiqəti yazmaqdan və söyləməkdən qorxmayan bir jurnalist olduğu üçün bu diktaturanın cəza siyahısına daxil edilib. Onun həbsi, Azərbaycanda jurnalistlərin həbsinin yeni dalğasının əsasının qoyulduğunun siqnalıdır. Bu, bizi qorxutmur. “Azadlıq” qəzeti Seymur Həzinin azadlığa qovuşması üçün gərəkli olan bütün addımları atacaq və diktaturanın qarşısında geri çəkilməyəcək.
“Azadlıq”