Iş adamı «Lans» klubuna vəd etdiyi pulu verməsə Azərbaycan beynəlxalq aləmdə rüsvay edilə bilər
Xəbər verildiyi kimi Fransanın “Lans” futbol klubunun prezidenti Cerve Martel klubun büdcəsinə 4 milyon avro köçürülməsi üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlar aparır. “Canal+” bildirir ki, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası “Lans”ın büdcəsində kifayət qədər pul olmadığını əsas gətirərək ona oyunçu transferini qadağan edib. Əgər sentyabrın 1-nə qədər zəruri vəsait tapılmasa “Lans” yeni futbolçu transfer edə bilməyəcək.
Məlumata görə Lansın majoritar səhmdarı azərbaycanlı iş adamı Hafiz Məmmədov fransızlara “yaxın bir-iki həftədə pul tapacam” vədi versə də hazırda müflis durumda olan azərbaycanlı oliqarxın “Lans”a vəd etdiyi 10 milyon avronu verəcəyinə artıq inanmırlar. Bu səbəbdən Cerve Martel böhrandan çıxmaq üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlara girməyi qərara alıb.
“Canal+” bildirir ki, Cerve Martelin Azərbaycan dövlətindən pul istəmək üçün əsas kimi “Lans”ın oyunçularının üzərində “Land of Fire Azərbaycan” şüarı yazılmış köynəklər geyməsini nəzərdə tutan müqaviləni göstərir. Bu müqavilə “Hafka” “Lans”ı alandan sonra bağlanıb və şərtə görə iki il ərzində klubun oyunçuları üzərində bu şüar yazılmış köynəklər geyməlidir. Indi Cerve Martel hesab edir ki, “Lans” futbolçuları Azərbaycanı təbliğ etdiyinə görə Azərbaycan dövləti bu reklamın əvəzində kluba heç olmasa 4 milyon avro verə bilər.
Ekspertlər bildirir ki, əgər Cerve Martelə mənfi cavab verilərsə, bu məsələ beynəlxalq səviyyədə gündəmə gətiriələcək. Nəticədə Azərbaycanın imicinə ciddi zərbə dəyəcək. Ekspertlərin fikrincə, hər halda Martelin əlində Azərbaycan dövlətindən pul istəmək üçün əsas var. Ona görə də dövlət bu problemin həlli üçün səy göstərməlidir. Beləliklə, bəlli olur ki, Hafiz Məmmədov bu addımı ilə Azərbaycan dövlətini də zərbə altına qoyub.