Vəfa Quluzadə: «Nazarbayev və Lukaşenkonun bəyanatları Avrasiya İttifaqı çərçivəsində parçalanmanın olmasına dəlalət edir»
“Qəbul edilən qərarlarla razılaşmayacağı təqdirdə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqında çıxmaq hüquq var”. Modern.az saytı xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxmaq perspektivini şərh edərkən deyib. O bildirib ki, siyasi olmayan iqtisadi ittifaqın yaradılması düzgündür. Nursultan Nazarbayev söyləyib ki, Qazaxıstan, Rusiya, Belarus qərarların həllində eyni mövqeni sərgiləməlidirlər. Qazaxıstan liderinin sözlərinə görə ittifaq dövlətləri bərabər hüquqlar əsasında konsensus halında qərarlar qəbul etməlidir. “Ancaq biz hər hansı qərarla bağlı razılaşmasaq, o zaman ittifaqdan çıxmaq hüququmuz var. Müstəqillik Qazxıstan üçün əsas dəyərdir. Bununla yanaşı Qazaxıstan dövlət başçısı ölkəsinin Gömrük İttifaqından iqtisadi dividentlər əldə etdiyindən rəsmi Astananın Avrasiya Birliyində də təmsil olunması ölkəyə yalnız xeyir gətirə bilər. Lakin Nursultan Nazarbayev Ukraynadakı vəziyyətin gərginləşməsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyaların Avrasiya Birliyinə də təsirsiz ötüşməyəcəyi qənaətindədir. “Amma Qazaxıstan Rusiyanın cavab tədbirləri sayəsində xeyir əldə edəcək”,-deyə Nazarbayev qeyd edib.
Qazaxıstan prezidentinin bu açıqlamasının Putinə yönəldiyi şübhə doğurmur. Amma bu mesajların nəyə xidmət etdiyi sual doğurur?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Nazarbayev Putinin niyyətlərinin nədən ibarət olduğunu yaxşı bildiyindən bu cür açıqlamalar verir: «Nazarbayev təcrübəli siyasətçidir. O, Putinin məqsədinin nə olduğunu gözəl bilir. Putin keçmiş sovet ölkələrindən ibarət birlik yaratmaq istəyir. Putin özü də bu birliyin məhz Moskvanın diqqtəsinə tabe olmasını istəyir. Qazaxıstan özünə hörmət edən böyük bir dövlətdir. Bu ölkə özünü bütün resurslarla təmin edir və heç kimə ehtiyacı yoxdur. Ona görə bu dövlətin başçısı mesajlarını birbaşa Putinə ünvanlayıb. Qərarların konsensusla qəbul olunması o deməkdir ki, Moskvanın əmrləri olduğu kimi yerinə yetirilməyəcək».
V.Quluzadə onu da bildirdi ki, Putinin siyasətinə qarşı çıxanlar sırasında Nazarbayevlə yanaşı Lakaşenko da var. Bu isə artıq Avrasiya İttifaqı çərçivəsində parçalanmanın olmasına dəlalət edir: «Nə Belarus, nə Qazaxıstan Rusiyaya görə müstəqiliyindən vaz keçməyəcək. Ona görə bu mesajlar dilə gətirilir. Nazarbayevin eyni zamanda digər bəyanatına da diqqət yetirin. O, bildirib ki, istədiyi vaxt Avrasiya İttifaqından çıxa bilər. Bu isə artıq Avrasiya ittifaqının SSRİ-nin tam bərpası olmadığını göstərir».
Xəyal