Əzizim Arif! Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı-ayrı kameralardayıq. Mənim əzizim, məgər sən bilmirsənmi ki, mən hər şeyə dözərəm: həm dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə yaradıb), həm kameradakı “stajlı” cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də Gəncəmiz bizi məyus etməkdədir), həm də prokurorluqdakıların gəlib-getmələrinə.
Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də nə isə gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Dərmansız və yeməksiz qalmışam. Təsəvvür edirsənmi, bu usubovlar, ləmbəranskilər necə adamdılar: bizi həm boğanaq kamerada boğurlar, həm də aclıq və dərmansızlıqla məhv etmək istəyirlər.
Amma ən çətini budur ki, sən mənimlə deyilsən. Axı biz 36 il ərzində heç ayrı olmadıq!
Mən səninlə, heç olmasa, məktublar vasitəsilə də danışmaq imkanımın olmamasına dözmürəm. Buna görə də sənə açıq məktub yazmaq qərarına gəldim. Bir yolla sənə çatar, yəqin ki…
Sən bilirsən ki, biz səninlə birlikdə Soljenitsını da, Varlaam Şalamovu da, Qrossmanı da, Aksyonovu da oxumuşuq. Biz tez-tez bu barədə danışırdıq ki, eyni vaxtda həbs edilən ər-arvad nə hiss edir. 1937-ci illərdə belə hallar həddən artıq çox olurdu axı…
Amma biz təsəvvür etmirdik ki, 30-cu illərin repressiyaları bizi XXI əsrdə yaxalaya bilər. Dünən Qrossmanın sözlərini və onun “Həyat və tale”yini xatırladım. O, məhbusların duyğuları haqqında yazır: “Üzücü qüssənin yerini sonsuz opium-optimizm alır…”
Avtoritar rejimlərin zindanlarındakı optimizm haqqında olduqca dəqiq deyilib. Elə oradaca, bir məsələdən söhbət açılır. 1942-ci ildə yəhudilər bir-birinə belə bir dəqiq informasiya ötürürdülər: “Hitlerə sərt ultimatum veriblər ki, bütün yəhudiləri təcili azad etsin!”
Və adamlar buna inanırdılar. Ona görə inanırdılar ki, bu sonsuz opiumdan-optimizmdən bərk-bərk yapışmışdılar.
Amma biz realistik. “Siyasət çirkli şeydir” – biz hər şeyi anlayırıq.
Həyatın necə davam etməsindən asılı olmayaraq, ən pisi budur ki, mən səni görə bilmirəm. Və bu, bizim 37-mizdir.
Səni qucaqlayıram!