Şahin Sultanov: «Mənə qarşı şər kampaniyasının arxasında birbaşa Xanlar Vəliyev dayanır»
«HDQ-də aparılan yoxlama və müdafiə nazirinin əmri planlaşdırılmış təxribatdır»
Həsdə olan vitse- admiral Şahin Sultanov müraciət yayıb. Müraciəti bəzi ixtisarlarla təqdim edirik: “Mənim məktubuma Respublika Hərbi Prokurorluğu (RHP) rəsmi açıqlama verdi. Bu açıqlamaya aydınlıq gətirirəm. Hərbi Dəniz Qüvvələrində (HDQ) yoxlama aparan zaman RHP tərəfindən saxtakarlıq, qanun pozuntuları olan məqamları diqqətinizə çatdırıram. Yoxlama 2013-cü ilin noyabr ayında başlandı və ilk günlərdən məlum oldu ki, qərəzli keçirilir.
RHP-nin birinci şər və yalanı:
RHP şər və yalanı hər şeydən üstün tutan qurumdur. Birinci günlərindən RHP-nin yoxlama komissiyası şayiə yaydı ki, guya HDQ-də iki gəmi mühərriki Dövlət Sərhəd Xidmətinə satılıb və əvəzinə onlar HDQ-yə 2 milyon manat nəğd pul ödəyib.
Dekabr ayında RHP bütün var-qüvvəsi ilə bu mühərrikləri axtardı, bir-bir sənədləri yoxladı, zabitləri və işçiləri dindirdi, onlara hədə-qorxu gəldi. Təcili yuxarı rəhbərliyə və prezidentə məlumat verildi ki, HDQ-də külli miqdarda çatışmazlıq var. Bu məlumat mətbuatada da yayıldı. Təbii ki, RHP-nin uydurması təsdiqini tapmadı. Yanlış məlumat yuxarı məruzə olunandan sonra öz əməllərinə haqq qazandırmaq üçün RHP yeni yalana əl atdı.
RHP-nin ikinci şər və yalanı:
09 yanvar 2014 ildə RHP təcili olaraq saxta akt hazırlayır və yuxarı rəhbərliyə məlumat verilir ki, 5 milyon çatışmazlıq var. Söz gedir 50-60-cı illərdən qalmış, HDQ gəmilərində istifadə olunmayan mühərriklərdən, silinmiş ehtiyat hissələrindən. “Yeni Bulvar” adlanan ərazidə vaxtı ilə HDQ-nin gəmi təmiri zavodu və texniki vəsaitlər anbarı yerləşirdi. Bulvarda inşaat işləri aparan şirkət icazəsiz, gecə vaxtı, anbarları dağıtdı. Əmlak qaldı daşların və beton plitələrin altında. Səhər araşdırma aparıldı. Müdafiə nazirinə məruzə olundu, dağınıtların şəkilləri çəkildi və akt hazırlandı. Dağıntı altında qalan köhnə ehtiyat hissələri mümkün olan dərəcədə daşların altından çıxarılıb ayrı anbarlara daşındı. RHP isə yoxlamanı başlayaraq özünə əziyyət vermədən və anbarları yoxlamadan həmin silinmə aktlarını köçürtdü öz yoxlama aktına və həmin yararsız ehtiyat hissələrinə mənbəyi göstərilməyən və fantastik qiymət verdi – 5 milyon manat.
Akt o qədər savadsız hazırlanmışdı ki, orda qeyd olunan hər ehtiyatın uydurma qiymətini cəmləyəndə ümumi qiymət 3 milyon 350 min 341 manat təşkil edir, lakin aktın yekun qiyməti nədənsə 5 milyon 102 min manat göstərilib. Bu onu göstərir ki, ya bu aktı hazırlayan RHP nümayəndəsinin adi riyazi hesablamanı aparmaq üçün savadı çatmır, ya da onlar belə tapşırıq alıblar.
Bu saxta və yalan akta əsaslanaraq hərbi prokurorun müavini general-mayor Rasim Kazımov mənə zəng edərək tələb etdi ki, təcili zabitlərdən 5 mln.manat yığın və pulu Hərbi Prokurorluğa ödəməyə başlayın. Mən RHP-nin hazırladığı aktlarla tanış deyildim və xahiş etdim ki, həmin aktları mənə göndərsinlər. Rasim Kazımov dedi ki, hərbi prokuror Xanlar Vəliyev icazə vermir və əlavə etdi ki, onda 2,5 milyon manat pul toplayın. Mənə akt təqdim olunmadığı halda hər hansı addımlar atmaqdan imtina etdim. Bu zaman Rasim Kazımov bildirdi ki, belə olduğu halda siz cinayət məsuliyyətinə cəlb olunacaqsınız.
Bu danışıqdan mən anladım ki, mənə qarşı təxribat planlaşdırılıb. Aktın mənə verilməməsinin səbəbi o idi ki, Xanlar Vəliyev bilirdi ki, akt saxtadır. Onun müavininin isə mənə hədə-qorxu gəlməsi onu göstərir ki, ona belə səlahiyyət rəis tərəfindən verilib. Rasim Kazımovun nə vəzifəsi, nə də rütbəsi ona belə səlahiyyət vermir ki, belə danışsın.
Növbəti gün müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov mənə zəng edərək, yoxlama aparılmasına baxmayaraq Müdafiə Nazirliyinin 45 günlük məzuniyyətə getmək haqda qərarını mənə bildirdi.
Məzuniyyətdə olduğum müddətdən bir neçə gün sonra, HDQ qərərgah rəisi məruzə etdi ki, RHP aktları nəhayət göndərib. Maddi-məsul zabitləri toplayaraq RHP-nin aktında göstərilən faktları yoxlamağı onlara əmr etdim. Tapşırıq verdim ki, əmlakın dəqiq qiymətləndirilməsi aparılsın, varlığı yoxlanılsın, anbarda onların şəkilləri çəkilsin və arayış-məruzə hazırlansın. Arayış-məruzə hazır olandan sonra aydın oldu ki, əmlak yerindədir və toplam qiyməti 150 min manatdır. Əmlakın qiyməti Nazirlər Kabinetinin “Azərbaycan Respublikası əsas Fondların (vəsaitlərin) yenidən qiymətləndirilməsi haqqında” 57 saylı qərarına uyğun olaraq hesablandı. Bununla RHP-nin 5 mln. manatlıq saxta və uydurma aktı ifşa olundu.
Saxtı aktı Nəcməddin Sadıqova göndərdim
Mən arayış-məruzəni, RHP-nin saxta aktını və Nazirlər Kabinetinin 57 saylı qərarını Baş Qərərgah rəisi general-polkovnik Nəcməddin Sadıqova göndərdim. Telefonla ona zəng edib xahiş etdim ki, saxtakarlığın qabağını almaq üçün mənə köməklik göstərsin. Bir ay yarım keçdi və RHP nəhayət razılaşdı ki, akt uydurmadır və saxtadır. Daha sonra onlar 032101 saylı 03.03.2014-cü il tarixli qərarı HDQ-yə göndərdi. Həmin sənəddə göstərilirdi ki, RHP yeni komissiya yaradıb və anbarları yenidən yoxlamaq qərarına gəlib. Əgər RHP hazırlayan 5 mln. manatlıq aktı müdafiə naziri belə əminliklə prezidentə məruzə etmişdisə, onda nə üçün RHP həmin anbarları təkrar yoxlamaq qərarına gəlib?! Bu sənədlər onu sübut edir ki, prezidentə tələsik şəkildə yoxlanılmamış yalan məlumat verilib və müdafiə naziri Zakir Həsənovun qanuna zidd olaraq hazırladığı təqdimatı prezidentə çatdırılıb. Nəticədə martın 7-də prezident sərəncam imzaladı və mən xidməti uyğunsuzluğa görə təqaüdə göndərildim.
RHP-nin uydurma və saxta aktının ifşa olunması onu göstərir ki, bu qurumun iş üsulları ciddi saxtakarlıq, qanun pozuntusu və fırıldaqçılığa əsaslanır.
Necə olur, general- mayor rütbəsinə çatmış və hərbi prokurorun müavini vəzifəsində xidmət edən şəxs bilmir ki, sənədləri saxtalaşdırmaq cinayətdir?! Bilmir ki, saxta sənədin əsasında zabitlərdən 5 mln. manat pul tələb etmək cinayətdir və korrupsiyadır?! Bilmir ki, hər bir sənəd hazırlananda dövlətdə qəbul edilmiş mövcud qanun və qərarlara əsaslanmaq lazımdır, uydurmalara yox?!
Nəhayət, komissiyanın sədri Rasim Kazımov bilmir ki, qiymətlər Nazirlər Kabinetinin 57 saylı qərarına əsasən hesablanır? Bilmirsə onda nə üçün komissiya rəhbərlik edir?!
Yoxlama və nazirin əmri təxribatdır
Yoxlamanın qərəzli aparılmasının bir təsdiqi də var. Ötən illərdə nöqsanlara görə HDQ-dən başqa hərbi hissələrə keçirilmiş zabitlər RHP tərəfindən mütəxəssis kimi yoxlama komissiyasının tərkibinə daxil edilib. Şübhəsiz ki, onların yoxlamanı qərəzli aparılmasında marağı var və fürsətdən istifadə edərək qisas almağa çalışdılar. Beləliklə 5 mln. saxta aktı hazırlayan və 2 mln. uydurma mühərriklərin Dövlət Sərhəd Xidmətinə satışını bəyan edən zabit 2-ci dərəcəli kapitan Bəkirov Sübxan 1999-cu ildə nöqsanlara görə HDQ-dən kənarlaşdırılmışdı. Bir müddət sonra Bəkirov başqa hərbi-hissəyə keçirilmişdir. O, professor Elçin Xəlilovun rəhbərlik etdiyi hərbi hissədə maddi-texniki təminat işlərini aparırdı. RHP həmin hərbi hissəni yoxlayandan sonra maddi-texniki təminatda nöqsanlara görə professoru həbs edirlər, lakin Bəkirov Sübxan RHP tərəfindən HDQ üzrə yoxlama komissiyasının tərkibinə salınır. Bəkirov bütün nöqsanlara görə birbaşa cavabdeh, maddi-məsul şəxs olduğuna baxmayaraq nədənsə “sudan quru çıxır”, professoru isə həbs edirlər. Saxta akt və digər bu cür “xidmətlərinə” görə RHP onu mükafatlandırır və gəmi təmiri zavoduna baş mühəndis vəzifəsinə təyin etdirir. Bu RHP-nin qanunsuz və heç bir məntiqə sığışmayan iş üsulunu sübut edir.
Daha bir vacib məqam var: Cari ildə müdafiə nazirinin 4 nömrəli əmri HDQ-yə həsr olunur. Əmrin “tragikomik” məzmunu var. Müdafiə naziri bir dəfə də mənimlə görüşmədən məni cəzalandırır. Nazir məni günahlandırır ki, HDQ-nin əsas bazası yoxdur – guya bilmir ki, həmin ərazidə Bayraq Meydanı salınıb və “Puta” qəsəbəsində yeni bazanın tikintisi gedir?! 28 noyabr 2013-cü ildə mətbuat nümayəndələri Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verib ki, nazir “Puta”da tikilən bazada olub. Yeni bazanın tikilməsi haqda bilərək məni hansı məqsədlə HDQ-nin bazasının olmamasında günahlandırır?! Bütün dünya cənab Ilham Əliyevin Dövlət Bayrağı Meydanı tikilməsi haqda sərəncamı haqda bildi, lakin müdafiə nazirinin əmri onu göstərdi ki, onun bu mühum sərəncamdan xəbəri yoxdur.
Nazir məni günahlandırır ki, Bayıl qəsəbəsində yerləşən keçmiş gəmi-təmiri zavodu sökülüb – guya bilmir ki, həmin ərazidə Yeni Bulvar salınıb?! Nazirlər Kabinetinin iclasında preziden Ilham Əliyev bildirib ki hərbi gəmilər “Bakı Gəmiqayırma Zavodunda” inşa olunacaq.
Nazir məni günahlandırır ki, yeni döyüş gəmiləri almamışam – guya bilmir ki, bu mənim səlahiyyətim deyil və gəmilər alınmayacaq, onlar yeni Bakı Gəmiqayırma Zavodunda inşa olunacaq?! Bunu da cənab Ilham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
Beləliklə, əmrin tarixi və onun təcili hazırlanması onu göstərir ki, bu planlaşdırılmış təxribatdır.
İşçilərə şərt qoyuldu
Yoxlama zamanı RHP tərəfindən zabitlərə, işçilərə bir tələb edildi: “Komandana qarşı ifadə verin”. Bu günlərdə həbsdə olan çoxsaylı HDQ zabit və işçilərinə şərt qoyulurdu ki, ya yalan ifadə verəcəksiniz, ya da həbs olunacaqsız.
Bu üsullarla RHP öz məqsədinə nail olmadı və keçdi faşist üsulan. Yəni, işçilərin ailə üzvlərini şantaj etməyə. 15-16 aprel 2014-cü ildə artıq üç ay həbsdə olan işçidən mənə qarşı ifadə almaq üçün onun oğlunu həbs edirlər və atası ilə görüşdürürlər. Oğlunun həyat yoldaşı da HDQ-də mülki şəxs kimi işləyirdi. Orada hədə-qorxu gəliblər ki, o da həbs olunacaq. Onu günahlandırırdılar ki, gündəlik işəçıxma qeydiyyat kitabında onun yox, ərinin imzasıdır. Ona 8 min manat dövlətə ziyan hesabladılar və ağır cinayətdə ittiham etdilər.
Beləliklə bir işçi seçim qabağında qaldı: Ya oğlu və gəlini həbs olunur və iki azyaşlı uşaq kimsəsiz qalır, ya da özünə qarşı, mənə və digər həbsdə olan zabitlərə qarşı yalan ifadələr verir. Xanlar Vəliyev onunla 1 saat xidməti otağında söhbət edir və həmin işçi RHP-nin şərtləri ilə razılaşır. Oğlunu azad edirlər, gəlinin işin ört-basdır edirlər, o isə vəkilindən imtina edir və özünə, mənə və digərlərinə qarşı yalan ifadələr verməyə başlayır. Təkcə bu ifadə əsasında məni həbs edirlər. Heç bir sübutsuz!
RHP məni cəmiyyət üçün böyük təhlükə sayır və bu səbəbdən hətta ev dustaqlığına buraxmağa qorxur. Necə olur ki, prezident, dövlət öz Admiralına 14 il Azərbaycanı dənizdən gələn təhlükələrdən qorumağı tapşırırdı, Xəzər dənizində Azərbaycana məxsus sektorda 96 min km sularını, Astaradan-Samur çayına kimi 955 km sahilyanı ərazini, dənizdə olan Azərbaycanın sərvətlərini – neft-qaz yataqların və sualtı boru kəmərlərinin mühafizəsini – döyüş gəmilərini, silahları, hərbçi və xidmət edən insanların talelərini mənə etibar edirdi, amma bir anda Xanlar Vəliyevin qurduğu sübutsuz şər ifadənin üstündə mən cəmiyyət üçün böyük təhlükə oldum?! Bu nonsensdır. Allah hamımızı şərdən qorusun!
Vəkilimə də təzyiq edirlər
Mən, vitse-admiral Şahin Sultanov prezidentimə, xalqıma vətənim Azərbaycana hər zaman sadiq olmuşam və olacam. Mən hər zaman çalışmışam ki, hər bir işimi vicdanla görüm. Ona görə də mənim alnım açıqdır.
Mən, müstəqil Azərbaycanın ilk vitse-admiralı, Heydər Əliyevin yetirməsiyəm və öz şərəfimi hər şeydən üstün tuturam. Mən fəxr edirəm ki, Azərbaycan tarixində yalnız mən admiral rütbəsinə layiq görüldüm və həmin paqonları şəxsən Heydər Əliyevin əlindən almışam! Həmin şəkli həyatımın ən dəyərli şəkli hesab edirəm!
Bundan başqa hüquqlarımın müdafiəsini həyata keçirən vəkil Adəm Məmmədova qarşı hərbi prokuror Xanlar Vəliyev tərəfindən şər-böhtan atılır, ona təyziq edirlər. Belə ki, Elxan Hacıyev iddia edir ki, guya müdafiəçim Adəm Məmmədov tərəfindən ona qarşı Bakı Istintaq Tədcridxanasında təzyiq olunub. Və guya Adəm Məmmədov ona hədə-qorxu gəlib. Bu səbəbdən də, guya onun həyat və təhlükəsizliyinin təmin olunmasını xahiş edir. Halbuki Elxan Hacıyevə bu ərizəni Xanlar Vəliyev yazdırıb ki, mənim hüquqlarımın müdafiəsinin həyata keçirilməsinə maneçilik yaratsın. Quş uça bilməyən bir ərazidə (təcridxanada) vəkil Adəm Məmmədov tərəfindən guya Elxan Hacıyevin həyatına təhlükə yaratması səhnəsini “düzüb-qoşan” insanlardan nə desəniz gözləmək olar. Bununla bir daha təsdiq olunur ki, mənə qarşı aparılan şər kampaniyasının və qara- piarın arxasında birbaşa Xanlar Vəliyev durur.
Bu aylarda Türkiyədə baş verən hadisələr haqda qeyd etmək istərdim. Ordunun 230 admiralı, generalı və yüksək rütbəli zabitlərini azadlığa buraxdılar, “rüşvət əməliyyatında” iştirak edən hüquq – mühafizə işçilərini isə həbsə götürdülər. Azadlığa çıxan əfsanəvi ordu generalı Engin Alan dedi ki, Türkiyə ədalət mühakiməsinin etibarını türk millətinə qaytardı. Mən də inanıram ki, haqq-ədalət öz yerini tapacaq, mənə və HDQ-yə qarşı təxribatın təşkilatçıları dövlət tərəfindən cəzalandırılacaqlar. Mən öz prezidentimə inanıram!”
Şahin Sultanovun Adəm Məmmədov barədə yazdıqları ilə bağlı vəkillə əlaqə saxladıq. Vəkil bildirdi ki, yaxın vaxtlarda ona qarşı aparılan şərləmə əməliyyatı barədə geniş açıqlama verəcək.
Vitse-admiralın ittihamları ilə bağlı Hərbi Prokurorluğun da mövqeyini dərc etməyə hazırıq.