Orta məktəbdə bir rus dili müəllimim vardı. İkinci Dünya Müharibəsini görmüşdü, həm də əsirlikdə. O zamanlar əsirlik yaşamış insanlara bir az qəribə, şübhəylə baxardılar. Hətta məktəb yoldaşlarımdan biri həmin müəllimimizin bədənində xüsusi əsirlik damğası olduğunu deyirdi. Onun sözlərinə görə, bu müəllimimiz müharibədə almanlara işləmiş bir “vətən xaini” olmuşdu. Aramızda ona inananlar da vardı, danışdıqlarının cəfəngiyat hesab edənlər də. Müharibəni yalnız filmlərdən görmüş uşaq düşüncəsi ilə həqiqəti ayırd etmək, kimin haqlı olduğunu anlamaq da çətindi…
İllər sonra, yəni sovetlər dağıldıqdan və bütün qaranlıqlara işıq düşəndən sonra həmin müəllimimin sirri də açıldı. Mətbuatda vaxtı ilə “damğaladığımız” rus dili müəllimimin müharibə zamanı vətən sevdalısı M.Ə. Rəsulzadənin təşəbbüsüylə yaranan Azərbaycan legionunun üzvlərindən olduğunu oxuyanda hansı hisslər keçirdiyimi təsəvvür edə bilməzsiniz. Demək ki, bu insan illər boyu qəlbinin dərinliklərində gizlədiyi, kimsəyə söyləyə bilmədiyi o silinməz xatirələrə və kənardan üstündə gəzən kinayəli baxışlara eyni dözümlə susaraq yaşamışdı beləcə. Amma nə yaxşı ki, bütün sirlərin üstü açılır bir gün, bütün həqiqətlər ortaya çıxır sonunda…
“Vətənə xəyanət” ittihamı bütün zamanlarda bir insanın sonuna nöqtə qoymaq üçün bəs edib. Qanunlarda bunun cəzası sorğusuz-sualsız ölüm sayılıb çox halda. Ölüm hökmü qanunla yasaqlansa belə, onun insana vurduğu mənəvi zərbə də ölümə bərabər bir şeydir, əslində. Bu qədər ağır və acı bir ittihamı kimə gəldi yapışdırmaq, insanları etmədiyi belə bir bağışlanmaz əmələ görə günahlandırmaq nə deməkdir? Axı bu, bir ölkədə qanunu ələ salmaq, onun oyuncağa çevrildiyini isbat etmək, insanların hüquq adına hər şeydən əlini üzməsinə əsas verməkdən başqa nəyə yarayar ki? Biz bu günə kimi məmləkətdə günahsız insanların rəngarəng ittihamlarla şərlənib həbsxanalara doldurulduğunu görmüşdük. Biz bu ölkədə, demək olar ki, qanunsuzluğun hər üzünü, hər rəngini görmüşdük. Amma “vətənə xəyanət” maddəsi son zamanlar xüsusi dəbə düşməyə başlayıb. Sanki vətənə xəyanət etmək bu qədər bəsit şeymiş. Bir az əvvəl məşhur jurnalist Rauf Mirqədirova, indi də hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara bənzər ittiham irəli sürüldü. Gülünc deyilmi, sizcə? Bütün həyatını bu ölkənin paytaxt şəhərində yaşayıb fəaliyyət göstərən insanlar necə oldu ki, birdən-birə vətən xaini çıxdılar?
Məsələnin mahiyyəti aydındır, əslində. Bu insanların ən ağır ittihamlarla damğalanıb həbsə atılması müxalif fikirləri, hüquq davalarını, günahsız məhbusları müdafiə etmələri ilə bağlıdır. Leyla Yunusun inadkar hüquq müdafiəçisi olaraq bütün hökumət nümayəndələri və ölkə başçısı üçün arzuolunmaz şəxs sayıldığını kim bilmir ki? Bilmirəm, bəlkə belə sərt addımlar fərqli düşüncəli və açıq sözlü insanları qorxutmaq üçün nəzərdə tutulub, amma biriləri getdikcə bütün cəza metodlarını adiləşdirdiklərinin də fərqində olmalıdırlar…
Azərbaycan başıbəlalı ölkədir. Gələn-gedən üstünə qılınc çəkib, torpağında qan su yerinə axıb. Tarix boyu aşıb-daşan sərvətləri talanıb, oğurlanıb, mənimsənilib və həmişə də ölən, kisəsi boş qalan, yoxsulluq çəkən sadə təbəqə olub. Biz bu tarixi yaşamaqda olan insanlarıq. Biz torpaqları işğal olunmuş, qadınları əsir alınmış, hər gün hüquqları tapdalanan, haqqı yeyilən, milyardları bir ovuc adamın cibinə axan yesir ölkənin insanlarıyıq. Zaman əsl xain və xəyanətkarları necə cəzalandıracaq, bilmirəm. Amma indilik belə böyük dərdlərin arasında “vətənə xəyanət” ittihamını bunca ucuzlaşdırmağa dəyməz!