AXCP fəalı, keçmiş polis zabiti Mirfeyzulla Seyidov azadliq.info-nu özü ilə bağlı təhlükə hiss etdiyi barədə məlumatlandırıb. M.Seyidov deyib ki, avqustun 1-də iki nəfər naməlum mülki geyimli şəxs onun yaşadığı binaya gələrək onu axtarıb. Mülki geyimlilər sakinlərə Seyidovun polis zabiti olarkən vəziqə üçün çəkdirdiyi (güman ki, vəsiqədən götürülmüş) fotonu göstəriblər və “şəkildəki barədə” ətraflı məlumat almağa çalışıblar. Naməlum şəxslər təxminən 1 saat binanın ətrafında dolandıqdan sonra gediblər.
M.Seyidov hesab edir ki, bu, onun izlənməsi və gələcəkdə hər hansı formada “ilişdirilməsi” üçün hazırlıq ola bilər. AXCP fəalı mümkün təhlükəni nəzərə alaraq, hüquq-mühafizə orqanları və ictimaiyyətə qabaqcadan mesaj da göndərib: “Demokratik düşərgədən olan hər bir ictimai-siyasi fəal kimi, mən də günün birində həbs olunacağımı istisna etmirəm. Amma istəyirəm bəri başdan hamı bilsin ki, nə narkotik istifadəçisiyəm, nə xuliqan və ya dələduzam, nə də evimdə, üstümdə narkotik və ya silah saxlayıram”.
Nəyə görə təhlükə ilə üzləşdiyinə gəlincə, M.Seyidov hesab edir ki, bu, sosial şəbəkələrdə və tədbirlərdə etdiyi çıxışlarla bağlıdır.