Uşaq vaxtı küçədə oynadığınızı xatırlayırsınızmı? Bəs, oynamağa gedərkən valideynlərinizin əsas tapşırığını necə? Yəqin yaxşı xatırlayırsınız. Deyilənə görə uşaqların yaddaşı iti olur. Bəli, valideynlər uşaq vaxtı övladlarının kiminlə oynamasına, hansı ailənin övladı ilə dostluq etməsinə həssas yanaşırlar. Ona görə də “ filan uşaqla oynama”, “filankəs tərbiyəsiz uşaqdı, kənar gəz” kimi töhmətləri uşaq ikən çox eşitmişik. Çünki, valideynlər övladlarının tərbiyəsinin pozulmasından, ailənin imicinə xələl gəlməsindən qorxurdular.
Uşaqlıq dövrünü xatırlamağım səbəbsiz deyil. Məni keçmişə qayıtmağa Azərbaycan hakimiyyətinin bugünkü imici vadar etdi. İndi dünyada özünə hörmət edən ölkələr Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa görə öz diplomatlarına töhmət verirlər. Heç kim istəmir ki, “uşaq”ları bizim hakimiyyətlə oynasın.
Əvvəlcə ABŞ konqresmenləri Bakı səfərinə görə sərt tənqid edildi. ABŞ-ın “Hyuston Xronikası” qəzeti 10 konqres üzvününü və onların 35 yardımçısının Bakı səfəri zamanı yol verdikləri qanunsuzluqlardan yazdı. Qəzet yazır ki, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR öz neft məhsullarını dünya bazarına çıxarmaq üçün özünə amerikalı müttəfiqlər qazanmaqdan ötrü Vaşinqtonda çoxlu pul xərcləyir. Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton, və Nyu York şəhərlərində qərargahlanan və Türkiyə ilə bağlı fəaliyyət göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub. Məqalədə Azərbaycan hakimiyyəti ilə çirkli əməkdaşlığa görə konqresmenlərdən sorğu tələb olunur və bu adamlar saxtakarlıqda ittiham edilir.
Daha sonra müşahidə etdik ki, ABŞ səfiri ATƏT-in Azərbaycan koordinatorunu İlham Əliyev və nazirlərlə şəkil çəkdirdiyinə görə topa tutdu. ABŞ səfiri ATƏT-in Bakı layihələrinin koordinatoru Baer Şahtaxtinskini Azərbaycanda vətəndaş cəmiyyəti ilə əlaqələr
qurmaq üçün real səylər göstərməyə çağırdı: “Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil”-deyə ABŞ səfiri bildirib.
Eyni zamanda onu da müşahidə etdik ki, Belorusiyalı hüquq müdafiəçisi “ Biz Belarusiyanın Azərbaycanlaşmasına imkan verməməliyik” deyərək həyəcan təbili çaldı.
Əslində belə faktlar əvvəllər də baş verib və bu tendensiya artan xətt üzrə davam edir.
Bir sözlə hakimiyyət “tərbiyəsiz uşaq” imici formalaşdırdığına görə, hamı ondan kənar gəzməyə üstünlük verir. Hətta bu “uşaq”ın əlindəki konfet də, digər uşaqları ələ almaq üçün kifayət etmir. Çünki, valideynlərin “qulaqburma”sından qorxurlar.
Heç kimin oynamaq istəmədiyi uşaqla, siz də oynamayın.
İlham