«Azərbaycan hakimiyyəti xalqın artan qəzəbindən qorxduqca repressiyaları gücləndirir”
Azərbaycan hakimiyyəti demokratik düşərgəyə qarşı təzyiqlərini artırmaqdadır. Vətəndaş cəmiyyəti fəallarının bir-birinin ardınca həbsi, müstəqil QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, bank hesablarına həbsin qoyulması kimi faktlar hakimiyyətin məqsədyönlü siyasət yürütdüyünü təsdiqləyir. Hakimiyyəti sərt tənqid edən hüquq müdafiəçisi Leyla Yunusun həbsi bir daha iqtidarın ünvanına səslənən müxalif fikirlər razılaşmaq niyyətində olmadığını göstərir. Bundan əvvəl isə hüquq müdafiəçisi Anar Məmmədlinin həbsinin məhz onun rəhbərlik etdiyi təşkilatın 2013-cü il seçkilərinə obyektiv rəy verməsiylə bağlı olduğu şübhə doğurmur. Müstəqil jurnalist Xədicə İsmayılın araşdırmalarının cəmiyyətdə rezonans doğurması onun barəsində cinayət işinin açılması ilə nəticələndi. Amma baş verənlərdə maraqlı məqam ondan ibarətdir ki, hakimiyyət atdığı addımların ona qarşı sərt beynəlxalq reaksiya ilə nəticələnəcəyini bildiyi halda bu fəaliyyətini davam etdirməkdədir. Ona görə belə bir sual yaranır. Hakimiyyətin beynəlxalq aləmlə qarşıdurma siyasətini daha da dərinləşdirməsinin məqsədi nədir?
Nurəddin Məmmədli: : «Qərb dünyası Azərbaycan hakimiyyətinin atdığı addımlardan ciddi nəticə çıxararaq, iqtidarla öz başa düşdüyü dildə danışmalıdır»
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı addımlarını daha da sərtləşdirməsi iqtidarın əlacsızlığının ifadəsidir. Hakimiyyətin hər hansı demokratik islahat aparmaq gücündə olmadığını deyən N.Məmmədli vurğuladı ki, bu üzdən iqtidar xalqın günü-gündən artan müqavimətini bu cür repressiyalar vasitəsilə sındırmağa çalışır: «Hakimiyyətin bu cür siyasət yürütməsinin bir səbəbi də beynəlxalq təşkilatların hakimiyyətə qarşı loyal davranmasıdır. Çünki Qərb Azərbaycanla oxşar situasiyda olan başqa ölkələrə fərqli münasibət sərgiləyir. Ona görə də baş verənləri cəzasızlıq şəraiti kimi qəbul edən Azərbaycan hakimiyyəti imkanlarını bir qədər də genişləndirməyə çalışır. Ona görə də Leyla Yunusa, Anar Məmmədliyə qarşı repressiyalar, o cümlədən siyasi partiyalara qarşı amansız davranışlar Azərbaycanın daxili siyasəti olmaqdan çox kənara çıxıb. Bu ən azı bir beynəlxalq problemdir. Hakimiyyətin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yenrinə yetirməməsi eyni zamanda bu təşkilatların da nüfuzuna böyük zərbə vurur».
Azərbaycan hakimiyyətinin xalqın artan qəzəbindən qorxduqca repressiyaları gücləndirdiyini deyən N.Məmmədli hesab edir ki, artıq hakimiyyətə qarşı beynəlxalq münasibətdə sınma mərhələsi çatmaqdadır. «Belarusla müqayisədə Azərbaycanda situasiya qat-qat pisdir. Amma buna baxmayaraq Belarusdan fərqli olaraq Azərbaycan sanksiyalara məruz qalmayıb. Ona görə Qərb dünyası Azərbaycan hakimiyyətinin atdığı addımlardan ciddi nəticə çıxararaq, iqtidarla öz başa düşdüyü dildə danışmalıdır».
Xəyal