Sanksiyaların təsirinə məruz qalan oliqarxlar Putini dayandırmağa çalışacaq
Vəfa Quluzadə: «Əməllərinə dərhal son qoymasa, Putinin geri çəkilməyə yolu qalmayacaq»
Beynəlxalq aləmin Rusiyaya qarşı sanksiyaları genişləndikcə bundan daha çox zərər görən oliqarxların Putinə qarşı birləşəcəyinə dair ehtimallar ortaya çıxır. Almaniyanın Der Spiegel nəşrinin yazdığına görə, Avropa ölkələri sanksiya tətbiq etmək niyyətindən dönməsə, Rusiyanın və Putinin vəziyyəti çətinləşəcək.
Bu arada Almaniya Federal Kəşfiyyat Xidməti Rusiya rəhbərliyində sərt kurs tərəfdarları ilə iqtisadi dairələrin nümayəndələri arasında Putinə təsir uğrunda sərt qarşıdurmanın əlamətlərinin göründüyünü iddia edir. BND-də ehtimal edirlər ki, Avropa Birliyinin sanksiyalarının təsiri altına düşən oliqarxlar yaxın vaxtlarda siyasi və iqtisadi tələblər irəli sürürək Putini dayandırmağa çalışacaq.
Bütün bunlar Putinin yaxın ətrafının da ondan üz döndərə biləcəyini, hətta onun devrilməsi ehtmalının da olduğunu deməyə əsas verir.
Politoloq Vəfa Quluzadə Qərbin getdikcə sərtləşən sanksiyalarının oliqarxların maraqlarına zərbə vurmaqla yanaşı dövlət kimi Rusiyanı da çökdürdüyünü deyir. Belə vəziyyətdə Putin Hitleri yadına salmalıdır. 1944-ci ildə müharibədə məğlub olduqlarını görə alman zabitləri polkovnik Ştauffenberqin rəhbərliyi altında Hitlerə qarşı sui-qəsd hazırlamışdı. Onlar Hitleri aradan götürüb Qərblə ittifaq bağlamaq istəyirdilər. Amma bu niyyət baş tutmadı.
Hazırda Rusiyada oliqarxların bütün maraqları çökdürülüb. Ona görə də Putinə qarşı sui-qəsd məsələsi tam real görünür: «Təkcə oliqarxların deyil, ölkənin taleyi də təhlükədədir. Qərblə bu cür qaşıdurmada Rusiya çökür. Nüvə silahına əl atsa, məhv olacaq. Putini dəyişib yeni bir iqtidarı hakimiyyətə gətirmək və Qərblə dil tapıb əməkdaşlıq etməkdən başqa seçim yoxdur».
Ekspertin sözlərinə görə, Putinə görə dünyada vəziyyət olduqca təhlükəlidir. Putinin əməlləri onu qanundan kənar vəziyyətdə qoyur. Artıq məlum olub ki, Putin qələbə çala bilməz. Geri çəkilmək imkanları da hər gün daralır. Əgər Putin geri çəkilmək imkanının qalmadığını, Haaqa məhkəməsi qarşısına çıxarıla biləcəyini, yaxud sui-qəsdin qurbanı ola biləcəyini anlasa, nüvə müharibəsinə başlaya bilər: «Putinin ətrafı bunu başa düşür. Ona görə vəziyyət olduqca kövrək və çətindir. Rusiyanın iqtisadiyyatı, sənayesi, hətta hərbi sənayesi Qərbdən asılıdır. Putin başa düşməlidir ki, belə vəziyyətdə yaxşı nəyəsə ümid etmək mümkün deyil. Əməllərinə dərhal son qoymasa, geri çəkilməyə yolu qalmayacaq».
Fizzə