«Lancet”i Tbilisidə açırlar, Bakıda bağlayırlar
Son günlər ölkə mətbuatında Tbilisidə açılan Azərbaycan klinikasından tez-tez yazılar dərc olunur. “Lancet” adlanan həmin tibb mərkəzi hazırda bütün Zaqafqaziyanın ən böyük xəstəxanası sayıla bilər. Psixatriyadan başqa bütün sahələri əhatə edən “Lancet” Tbilisi ən yüksək tibbi avadanlıqlarla, yüksək dərəcəli xarici və yerli həkim personalı ilə, vertolyot meydançası və hotellə təmin olunub. Tanınmış müğənni Flora Kərimlinin səs tellərini bu klinikada uğurla əməliyyat elətdirdiyi də artıq mətbuatda gedən xəbərlər arasındadır.
Xatırladaq ki, Tbilisidəki klinikanı da Bakıdakı “Lancet” klinikasının sahibi professor Fərman Ceyranlı yaradıb. Qonşu ölkədə bu qədər iri həcmli işi həyata keçirərkən heç bir əngəllə üzləşməyən, əksinə, hökumətdən yüksək dəstək görən Fərman Ceyranlı peşəkarlığa görə dünya tibbi ilə baş-başa gedən, lakin qiymətləri regiona çox sərfəli olan bir klinika qurmaq istəyir və işlərindən razıdır.
Lakin bu günlərdə xəbər aldıq ki, Tbilisidə “Lancet” fəaliyyətə başlasa da, Bakıdakı “Lancet” işini dayandırıb. Əslində, 10 illik təcrübəsi olan bu klinikanı səhiyyə naziri Oqtay Şirəliyev özünə məxsus xırda bir köşk kimi bağlayıb. Bu təzadlı durumla bağlı klinikanın sahibi Fərman Ceyranlının rəyini öyrənmək istədik. Professor bildirdi ki, Bakıdakı “Lancet”in fəaliyyətinə əngəl yaradılması ilə bağlı bu günlərdə daha geniş auditoriyada olduqca ilginc məlumatlar açıqlamağa hazırlaşır və o zaman yaranmış duruma aydınlıq gətirəcək.