«Hakimiyyətin hazırda atdığı addımlar AB ilə assosiasiya müqaviləsini imzalamaqdan yayınmağa yönəlib»
Fuad Qəhrəmanlı: «İqtidarın ortaya qoyduğu sənədlər assosiasiya sazişini gündəmdən çıxarmağa kifayət etməyəcək»
Hakimiyyətin Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olmadığı iqtidar təmsilçilərinin səsləndirdiyi bəyanatlardan hiss olunur. AB-nın təklif etdiyi assosiasiya sazişindən yayınmaq üçün hakimiyyət əgər öncə ölkənin üzərinə heç bir öhdəlik qoymayan «strateji əməkdaşlıq və modernləşdirmə» lahiyəsini təklif edirdisə, indii tam fərqli mövqedən yanaşır. Halbuki Avropa Komissiyasının sabiq prezidenti hələ Bakıda səfərdə olarkən açıq mətnlə bəyan etmişdi ki, AB Azərbaycanın irəli sürdüyü bu layihəni əməkdaşlıq üçün müəyyən mərhələ kimi qəbul edə bilər. AB-nın Azərbaycanın təklifinə razılaşması assosiasiya sazişinin gündəmdən çıxdığı anlamına gəlməməlidir.
Hazırda ölkəmiz Qərbin keçmiş SSRİ məkanında yaxın müttəfiqləri kimi elan etdiyi GUAM-da assosiasiya sazişini imzalamamış yeganə ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AB-nın “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin iyulun 22-də Brüsseldə keçirilmiş 5-ci iclasındakı çıxışında maraqlı fikirlər səsləndirib. E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın AB ilə dialoqunda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. «Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır», deyə nazir bildirib.
AB-Azərbaycan əlaqələrinin perspektivlərinə toxunan E.Məmmədyarov rəsmi Bakının qarşılıqlı maraqlar və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğunu söyləyib.
Artıq Azərbaycan rəhbərliyi bu bəyanatları ilə AB ilə əməkdaşlıqda özünə məxsus xətt çızmaq niyyətlərini açıqlayıblar. Bəs AB-nın Azərbaycan hakimiyyətinin bu təşəbbüslərinə reaksiyası necə ola bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, E.Məmmədyarovun açıqlaması onu göstərir ki, hakimiyyət bir tərəfdən assosiasiya sazişindən imtina edir, amma eyni zamanda çalışır ki, aqressiv görünməsin. Bİr müddət öncə AB ilə əməkdaşlıqla bağlı hakimiyyətin öz şərtlərini diqtə etməyə çalışdığını deyən F.Qəhrəmanlı bildirdi ki, AB ilə ABŞ-ın Rusiyaya yönələn sanksiyalarının güclənməsi, Rusiyanın mövqeyinin zəifləməsi hakimiyyətin də Kremlə yanaşmasına təsir edib: «Elmar Məmmədyarovun açıqlamasından görünür ki, hakimiyyət qarşılıqlı müzakirələr hazırdır. Amma əvvəlki mərhələdə hakimiyyət bəyan edirdi ki, «strateji tərəfdaşlıq və modernləşdirmə» sənədindən başqa hakimiyyət heç bir lahiyəyə imza atmayacaq. Nəticədə assosiasiya sazişindən birmənlı imtina olunurdusa, hazırda hakimiyyət özü üçün manevr imkanları saxlamağa çalışır. Konkret olaraq assosiasiya sazişindən söhbət getməsə də, yeni müzakirələrin mümkünlüyü bəyan olunur».
F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyət AB-nın sərt yanaşdığı avtoritar rejimlər sırasında olmaqdan narahat olduqlarına görə bir qədər yumuşaq mövqe sərgiləyir. Amma hakimiyyətin hazırda atdığı addımların AB ilə assosiasiya müqaviləsini imzalamaqdan yayınmağa yönəldiyini deyən F.Qəhrəmanlı bildirdi ki, AB-nın hakimiyyətin təkliflərinə «hə» deyəcəyi inandırıcı deyil: «Avropa Birliyinin addımları hadisələrin inkişafından asılı olacaq. Avropa Birliyinin Azərbaycanla əməkdaşlıqda «strtaji tərəfdaşlıq və modernləşdirmə» sazişinə razılıq verməsi keçid dövrünə hesablanmış addım idi. Amma əsas məqsəd assosiasiya sazişini imzalamaqdır. Proseslər ona istiqamətlənir ki, Avropa Birliyinin qarşısına qoyduğu məqsədlərin gerçəkləşməsi daha real olsun. Rusiyanın mövqelərinin zəifləməsi assosiasiya sazişinin gündəmə gəlməsinə zəmin yaradır. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu sənədlər assosiasiya sazişini gündəmdən çıxarmağa kifayət etməyəcək. Avropa Birliyi assosiasiya sazişinin imzalanması istiqamətində cəhdlərini davam etdirəcək».
Xəyal