Mülki geyimlilər anasını xəstəxanaya aparan Fərəc Kərimlinin başına torba keçirərək, ona işgəncə veriblər
Müsavat partiyası Gənclər Təşkilatının (MGT) üzvü Fərəc Kərimli dünən səhər saatlarında həbs olunub. Gənc fəalın həbsinin səbəbləri isə hələ də məlum deyil. Fərəc Kərimli anasını xəstəxanaya apararkən, mülki geyimli şəxslər ona hücum edərək, başına torba keçirib və naməlum istiqamətə aparıblar. Dünən qəzet çapa hazırlanana qədər də onun harada saxlanıldığı barədə heç bir məlumat yox idi.
Vəkil: “Bunun bir adı var – adam oğurluğu”
Fərəc Kərimlinin vəkili Nemət Kərimli onun həbsi barədə “musavat.com”a bunları deyib: “Fərəc Kərimli Müsavat Gənclər Təşkilatının sədr müavinidir. Iyulun 17-də onun qardaşı Sirac Kərimlini iş yerindən həbs etmişdilər. Daha doğrusu, oğurlamışdılar. Ona qarşı artıq Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıblar. Evdən onun atasına məxsus noutbuku da götürmüşdülər. Məhkəmə zamanı vəsatət qaldırdıq ki, noutbukun bu məsələyə nə dəxli var? Bu işin siyasi xarakter daşıdığını və Fərəclə bağlı olduğunu dedik. Ehtimal edirdik ki, onlar Fərəcin əvəzinə səhvən qardaşını həbs ediblər. O gündən bu yana daim Fərəc nəzarət altında idi. Evinin ətrafında əməliyyatçılar keşik çəkirdi. Bu gün anası xəstə olduğundan Fərəc onu xəstəxanaya aparıb. Orada faktiki olaraq, onu oğurlayıblar. Indiyə qədər onun barəsində heç bir məlumat verilməyib”.
Vəkil gənc fəalın həbs edilərkən ciddi təzyiqlərə məruz qaldığını, başına torba keçirilərək, döyüldüyünü bildirib: “Şahidlərin dediyinə görə, həbs edilərkən onun başına qara torba keçirilib, qolları arxadan bağlı vəziyyətdə xüsusi amansızlıqla döyülərək həbs edilib. Onu həbs edənlər özlərini təqdim etməyiblər. Fərəcin bu vəziyyətdə həbs edilməsi insani dəyərlərə ziddir. Polis haqqında qanunda saxlanılan şəxslə necə davranmaq yazılıb. Fərəc saxlanılarkən səbəbi ona bildirilməliydi. Vəkilin yardımından istifadə etməsi dərhal təmin edilməliydi. Bunun bir adı var – adam oğurluğu. Birbaşa siyasi sifarişdən doğan həbsdir. O, ”musavat.org” saytının adminlərindən idi. Eyni zamanda, sosial şəbəkələrdə fəal idi”.
Nemət Kərimli Fərəc Kərimlinin hara aparılmasından məlumatsız olduqlarını və dəqiqləşdirməyə çalışdıqlarını da qeyd edib: “Biz Fərəcin həbsi ilə bağlı 102 xidmətinə zəng vurduq. Lakin indiyə qədər bu barədə heç bir məlumat yoxdur. Ona yaxınlarına, valideynlərinə məlumat verməsi üçün şərait yaradılmalıdır. Onun qardaşı da həbs ediləndə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinə getdim. Mənə qarşı orada kobudluq etdilər. Bayıra çıxararaq, axşamtərəfi gəlməyimi tələb etdilər. Axşam getdiyim zaman mənə heç bir məlumat vermədilər. Bütün bunlar qardaşların həbsinin qanunsuz olduğunu sübut edir”.
Yenə narkotik ittihamı…
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
O.Mansurzadə onu da qeyd edib ki, Fərəc Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.
Fərəc Kərimlinin atası isə Orxan Mansurzadənin söylədiklərini təkzib edib.
“Bu rejimin bu qədər qəddar olacağını güman etməzdim”
“Ailəmdə heç zaman narkoman olmayıb. Bu cür addım atılacağını gözləmirdim. Bu rejimin bizə qarşı bu qədər qəddar olacağını güman etməzdim”, – deyə Raqif Kərimov “musavat.com”a açıqlamasında bildirib.
O, oğlunun həbsinin siyasi sifariş olduğunu qeyd edib: “Bizim ailədə dövlət əleyhinə təbliğat olmazdı. Biz axı nə etmişik?! Sadəcə, qanuni mübarizə yolu ilə gedən adamlarıq. Böyük oğlumun siyasətlə ümumiyyətlə, əlaqəsi yoxdur. Fərəcin və mənim siyasi mənsubiyyətimiz var. Bunu inkar etmirəm. Qanun çərçivəsində hərəkət edən adamlarıq. Qanunların yol verdiyi qədər mübarizə aparırıq. Bundan sonra bu rejimdən nə görsəm, təəccüblənməyəcəm. Artıq hər şey gözləyirəm. Bundan sonra da mövqeyimdən geri çəkilməyəcəm. Sona qədər haqqımı müdafiə edəcəm. Qanunun tələb etdiyi bütün mübarizə üsulları üzrə hərəkət edəcəm”.
Müsavat Partiyası da olayla bağlı bəyanat verib. Partiya siyasi xarakter daşıyan bu həbslərin Müsavata, azad düşüncəli gənclərə, sosial şəbəkələrin fəal iştirakçılarına, bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bəyan edib: “Raqif Kərimlinin ailə üzvlərinə qarşı həyata keçirilən bu həbslər, iki azyaşlı uşaq atası, heç bir siyasi mənsubiyyəti olmayan Sirac Kərimlinin şərlənərək həbs edilməsindən sonra insult əlamətləri olan anasını təcili yardım maşını ilə Bakı sağlamlıq mərkəzinə müayinədən keçirmək üçün aparan qardaşı Fərəc Kərimovun da saxlanılması eyni zamanda konkret bir ailəyə qarşı qəddarlığın təzahürüdür.
Beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların olmadığını iddia edən Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bloggerləri, siyasi fəalları, QHT nümayəndələrini həbs etməklə faktiki olaraq siyasi məhbuslar siyahısını günü-gündən genişləndirir.
Azərbaycan hakimiyyətinin bu repressiv addımları haqq və ədalət uğrunda mübarizə aparan müasir gəncliyin mübarizə ruhunu qıra bilməyəcək. Gənclərlə mübarizə aparan rejimlərin süquta məhkum olması tarixin qanunauyğunluğudur”.
Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimli və Fərəc Kərimovun qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edir.