Nazirliyin sözçüsü nazir və XİN-ə yönələn ittihamlara cavab vermədi
Millət vəkili Qüdrət Həsənquliyevin Xarici İşlər Nazirliyinin və birbaşa nazirin özünün ünvanına sərt ittihamlar səsləndirməsi birmənalı qarşılanmır. Baş verənləri hakimiyyətdaxili savaşın təzahürü sayan ekspertlərin fikrincə, E.Məmmədyarovun hədəf seçilməsi təsadüfi deyil. Xarici işlər nazirini hökumətin tərkibində ən bacarıqsız nazir adlandıran Q.Həsənquliyev vurğulayıb ki, E.Məmmədyarovun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil: «Məsələn, o, erməni həmkarı Nalbəndyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır, amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görsənmir. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil. Sadəcə olaraq söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək olar. Amma bu sahədə hökumətin ən uğursuz nazirlərindən biri kimi o əvəzlənməlidir”.
Qüdrət Həsənquliyev eyni zamanda Azərbaycanın səfirlərini də hədəfə alıb. O, vurğulayıb ki, səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Onun sözlərinə görə, bir çox səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. «Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanında deyillər», deyə Q.Həsənquliyev vurğulayıb.
XİN-in ünvanına yönələn ittihamlarla bağlı sözügedən qurumun mövqeyini öyrənməyə çalışsaq da, bu bizə nəsib olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri Elman Abdullayev suallarımızı dinlədikdən sonra görüşdə olduğunu və bir qədər sonra əlaqə saxlamağımızı istəsə də sonradan dəstəyi qaldırmadı.
Maraqlıdır ki, Q.Həsənquliyevin ittihamları ölkədə aparıcı media orqanlarında dərc olunsa da XİN baş verənlərə susqun yanaşır. Onu da qeyd edək ki, bu XİN-in ünvanına yönələn ittihamlara ilk susqunluğu deyil. Bundan əvvəl isə oxşar mövqe Hesablama Palatasının hesabatı ilə bağlı sərgilənmişdi. Xatırladaq ki, Hesablama Palatası XİN-in fəaliyyətində dövlət vəsaitinin icrası ilə bağlı ciddi maliyyə nöqsanları, qeyri-qanuni artırılmış ştat vahidləri və saxta ezamiyyələr aşkarlamışdı.
Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı məlum olmuşdu. Amma rəsmi sənəd formasında ortaya qoyulan faktların heç birinə reaksiya verilməmişdi.
Hikmət