Şahvələd Çobanoğlu: «Əsas məqsəd daxildə olan azadlıqları, həqiqəti boğmaqdır»
Hakimiyyət bir qayda olaraq ölkədə fəaliyyət göstərən beynəlxalq institutların fəaliyyətini məhdudlaşdırmamışdan əvvəl ənənəvi ssenari üzrə həmin təşkilatlara qarşı «qara piar» kampaniyası başladır. ABŞ-ın Milli Demokratiya İnstitutunun, «Sülh Korpusu»nun fəaliyyətinin məhdudlaşdırılması məhz hakimiyyətyönlü mətbuatda gedən məqalələrdən sonraya təsadüf edir. Bu baxımdan «Amerikanın səsi» barəsində oxşar səpkidə gedən məqaləni də təsadüfi saymaq olmaz.
«Milli.az» saytında «Amerikanın səsi» barəsində dərc olunan məqalədə radionun Azərbaycanla bağlı mənfi imic formalaşdırmağa çalışdığı əsaslandırılmağa çalışılır. Məqalədə deyilir: “Amerikanın səsi” radiostansiyası müstəqil media strukturu olduğunu bildirir və demokratik dəyərlərə əsaslanaraq vətəndaş cəmiyyəti prinsipləri əsasında fəaliyyət göstərdiyini, yaşanan olaylarla bağlı xəbərlər verəndə obyekti və qərəzsiz mövqe tutduğunu bəyan edir. Ancaq Qərb mediasının “ədalət” prinsiplərinin indiyədək ən müxtəlif hadisələr və proseslərlə bağlı sürətlə dəyişməsi, diametral mövqelər tutması yenilik deyil. Son vaxtlar “Amerikanın səsi”nin Azərbaycanla bağlı bir sıra materiallarında, xüsusilə də ölkəmiz barədə müzakirələrlə mətbuat konfranslarında ölkəmizə qarşı yönəlmiş mövqe aşkar sezilir. Daha konkret olsaq, “Amerikanın səsi” radiosunun ABŞ Dövlət Departamentinin mətbuat konfranslarında Azərbaycan hökümətinin neqativ təqdimatına xidmət edən suallar verməklə sözügedən qurumun ölkəmizdəki insan hüquqları ilə bağlı ittihamlar səsləndirməsinə çalışması müşahidə edilir».
Məqalədə «Amerikanın səsi»nin əməkdaşlarının Dövlət Departamentinin mətbuat konfranslarında Rauf Mirqədirov, Leyla Yunus, «Nida»çılarla bağlı verdiyi sualların altı xüsusi ilə cızılır.
Bəs, bu tip məqalədən sonra biz Azərbaycanda «Amerikanın səsi» barəsində tədbirlərin görülməsinin şahidi ola bilərikmi?
Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, obyektiv informasiyanın yayılması ilə məşğul olan «Amerikanın səsi» və digər xarici radioların fəaliyyəti onsuz da kifayət qədər məhdudlaşdırılıb. Ş.Çobanoğlunun sözlərinə görə, həmin mətbu orqanları onsuz da cəzalı durumdadırlar. Çünki onların efirdə yayımlarına imkan verilmir: «Azərbaycan hakimiyyəti həqiqəti deyən istənilən instituta, şəxsə qarşı kampaniya aparır. Həmin an da yalançı vətəpərvərlik duyğuları ortaya atılır. Sanki dünyada hər kəs Azərbaycana qarşıdır. Amerikanın və Avropanın Azərbaycandan başqa dərdi yoxdur. Azərbaycandan qorxurlar və onu məğlub etməyə çalışırlar. Belə bir təbliğat aparılır. Mənasız, əsassız və böhtanlara söykənən, Azərbaycanın ziyanına olan mövqe sərgilənir».
Ş.Çobanoğlunun fikrincə, son hədəf Azərbaycan xalqını aldatmaq, onu obyektiv məlumatdan kənar qoymaq, onun malını və sərvətini talamaqdır. Hakimiyyətin apardığı təbliğatın Qərbi qorxutmadığını iqtidar ideoloqlarının da gözəl bildiiyni deyən Ş.Çobanoğlu vurğuladı ki, bu cür təbliğat yalnız xalqın ziyanınadır. «Əsas məqsəd daxildə olan azadlıqları, həqiqəti boğmaqdır», deyə Ş.Çobanoğlu qeyd etdi.
Xəyal