TQDK keçid balını yenə aşağı saldı
«Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması həm ordu sıralarında seyrəklik, həm də maliyyənin başqa ölkələrə axınına şərait yaradır»
Etibar Əliyev: «Aşağı bal toplayan abituriyentlərin çoxu təhsil almaq adı ilə ölkədən gedir»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (bu ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə şərtlərini dəyişərək keçid ballarını aşağı salıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.
Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
Qeyd edək ki, əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas seçiminə I və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırdı.
Ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək(apa).
Ötən illərin təcrübəsi digər qruplarda da keçid ballarının aşağı salınacağını deməyə əsas verir. Bu da ölkədə təhsilinin keyfiyyətinin yaxşılığa doğru dəyişmədiyini, əksinə, ildən-ilə pisləşdiyini göstərir. Orta məktəblərdə buraxılış imtahanlarının nəticəsi də vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu nümayiş etdirir.
Illərdir həllini tapmayan problemdən çıxış yolları ilə bağlı təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrəndik.
– Etibar müəllim, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası bu il də əvvəlki illərdə olduğu kimi keçid ballarını aşağı saldı. Səbəb nədir?
– Səbəb abituriyentlərin aşağı nəticə göstərməsidir. I və IV qruplarda keçirilən qəbul imtahanlarından öncə keçirilən buraxılış imtahanlarının nəticələri burada özünü göstərməyə bilməzdi. Məzunların böyük əksəriyyəti ən sadə variantda keçirilən imtahanlarda “2″ və ”3″ qiymətləndirilmişdilər. Bu amil sualların bilərəkdən çətinləşdirilməsi haqqında söz-söhbətlərə son qoyur. Yəni 8 suala cavab verib 3 qiymətini ala bilməyənlər, şübhəsiz ki, 25 suala, özü də bir qədər çətin suallara cavab verib yaxşı nəticələr qazana bilməzlər.
– Ötənilki qəbul imtahanlarından fərqli olaraq builki məzunların 7-si 4-cü ixtisas qrupu üzrə 700 bal topladı. Buna əsaslanıb təhsilin keyfiyyətinin yüksəlməsini demək olarmı?
– Xeyr. Təhsilin keyfiyyətinin yüksəlməsi aşağı nəticələr göstərənlərlə (0-200) yuxarı nəticə (500-700) göstərənlərin faiz göstəricilərinin yaxın olması ilə müəyyən oluna bilər. Ötən illərin nəticələrinə diqqət etsəniz görərsiniz ki, bu göstəricilər arasında böyük uçurum var. Bu tədris ilində də belə olacaq. Çox vaxt ən yüksək nəticələr göstərənləri birbaşa məktəb və kursların adı ilə bağlayırlar. Bu cür yanaşma fərdin məxsusi istedadı və qabiliyyətinə kölgə salır. Xatırlayıram ki, Sovetlər vaxtı Azərbaycanın elə kəndləri var idi ki, bir neçə sinif otağı olan məktəblərdən onlarla abituriyent ən yaxşı universitetlərə ən yüksək ballarla daxil olurdular. Bu cür göstəricilər şəhərlərin böyük və yaraşıqlı məktəblərində olmurdu. Onda, əlbəttə, öncə istedad və qabiliyyət önə çəkilirdi.
– Aşağı bal toplaya bilməyən abituriyentlərin əksəriyyəti başqa ölkələrə üz tuturlar. Bunun qarşısını necə almaq olar?
– Maraqlı sualdır. Bəli belə hallar çoxalıb. Yəni aşağı bal toplayan abituriyentlərin çoxu təhsil almaq adı ilə ölkəni tərk edirlər. Təəssüflər olsun ki, buna şərait də yaradılır. Necə ola bilər ki, öz doğma dilində təhsil alıb, 100-150 bal toplayan Azərbaycan vətəndaşı rus, türk, ingilis dilində hansısa ölkədə təhsil ala bilsin? Bu absurddur. Hər il abituriyentlərin təxminən 30%-ə yaxını tələbə adını qazanır. Orta ixtisas təhsili və peşə məktəblərinə daxil olanların faiz göstəricisi çox aşağıdır. Bu tip təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün, demək olar, islahat aparılmayıb. Bu səbədən yerdə qalan böyük bir kəsim təhsildən kənarda qalır. Bura, şübhəsiz ki, icbari təhsilin 9 illik olmasının da böyük təsiri var. Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması həm ordu sıralarında seyrəklik, həm də maliyyənin başqa ölkələrə axınına şərait yaradır. Ən təhlükəlisi odur ki, oxumaq adı ilə gedənlərin tam əksəriyyəti ölkəyə qayıtmır.
– Bunun qarşısını necə almaq olar?
– Bunun qarşısının alınmasının ən optimal yolu gənclərimizi ali təhsilə cəlb etməkdir. Necə? Azərbaycan hər 10.000 nəfərə düşən tələbə sayına görə hətta postsovet məkanına daxil olan ölkələrin əksəriyyətindən belə geridə qalır. Imkan vermək lazımdır ki, maddi-texniki bazası normal olan özəl ali məktəblər 100 baldan yuxarı nəticəsi olan abituriyentləri təhsilə cəlb etsinlər. Son illərin təcrübəsi göstərir ki, orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması işi çox ləng gedir. Bunun üçün özəl ali məktəblərdə hazırlıq şöbələri də yaratmaq olar. Bu proses yaranmış boşluğu doldura bilər. Hazırlıq kursunun sonunda təhsilin keyfiyyətinin aidiyyəti qurumlar üzrə yoxlanması prosesinin həyata keçirilməsi məsələsi də müzakirə oluna bilər. Bu halda ali məktəbin əsas vəzifəsi keyfiyyətə cavabdehlik daşımaq olacaq. Məncə, bu məsələ yuxarı səviyyələrdə müzakirə olunmalıdır. Bir çox ölkələrdə tələbə sayının çox olması Boloniya prosesinin verdiyi imkanlar hesabına olub. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulub. Indi tüfeyli həyat sürən, cinayət törədən gənclərin əksəriyyəti təhsildən yayınan gənclərdir. Bu bizim hamımızı narahat edir.
Fizzə