«Dövlət ailə problemlərini buraxıb taleyin hökmünə»
Namizəd Səfərov: «İqtisadi çətinliklər, işsizlik ailədə möhkəm təməlin yaradılmasına imkan vermir»
Müzəffər Baxış: «Boşanmaların əsas səbəblərindən biri xəyanətdir»
Rəsmi məlumata görə, bu ilin əvvəlindən ölkədə 4 minə axın boşanma halı qeydə alınıb. Bu da əvvəlki illərin göstəricilərindən demək olar ki, fərqlənmir. Boşanmalara müxtəlif səbəblər göstərilir. Ancaq istənilən halda yarım ildə 4 min ailənin boşanması kifayət qədər ciddi problemdir.
Bəs boşanmaların artmasının səbəbi nədir?
Hüquqşunas Namizəd Səfərov başlıca səbəb kimi sosial və maddi problemləri göstərir. İqtisadi çətinliklər, işsizlik, evsizlik ailədə möhkəm təməlin yaradılmasına imkan vermir. Problemlər o qədər çox olur ki, ailə başçıları ailəni saxlamaq iqtidarında olmurlar. Uşaqların, ailənin saxlanılması yükünün altından çıxa bilmədiklərinə görə də ailə dağılır: «Digər problemlər də var. Bəziləri deyirlər ki, yola getmədilər. Niyə yola getmədilər, bunlar sevib ailə quran insanlardır. Əgər normal şəraitləri, mənzilləri, uşaqları saxlamaq üçün maddi imkanları, işləri olsa, digər problemlər də aradan qalxar. Çox təəssüf ki, bu gün dövlət ailə problemlərini buraxıb taleyin hökmünə. Vətəndaşların işlə təmin olunmasına baxan yoxdur. Bunun da nəticələrində ailələrin dağılması prosesi gedir. İldən ilə də bu tendensiya artmaqdadır».
Hüquqşunas Müzəffər Baxış ictimai münasibətlərin inkişaf etdiyini, ailə qurmağın adiləşdiyini deyir: «Əvvəllər Azərbaycanda ailə çox önəmli bir institut idi. Konstitusiyanın 17-ci maddəsinə görə ailə dövlətin xüsusi himayəsindədir və ailə cəmiyyətin əsas özəyidir. Azərbaycan ailələri çox mükəmməl olublar. Amma ictimai münasibətlərin inkişafı ilə əlaqədar olaraq təsadüfi nigahların bağlanır. Azərbaycanda boşanmaların əsas səbəblərindən biri xəyanətdir. İnsanlar arasında xüsusi elektron əlaqələrin genişlənməsi elektron xidmətlərlə bağlı şübhələrin artmasına gətirib çıxarır. Əksər insanlar bunu qəbul etmirlər və belə halları aşkar edəndə hökmən boşanmaya gətirib çıxarır».
Ekspetin sözlərinə görə, digər bir səbəb kimi sosial problemlər özünü göstərir. Ailə başçısı ailənin digər üzvünün təminatını lazımı qaydada həyata keçirmədikdə xanımlar dözümsüzlük göstərirlər. Kişi normal vəsait evə gətirməyəndə xanımlar asan yollar axtarırlar ki, daha təmtəraqlı həyat sürsünlər. Digər xırda səbəblər də var: «Bir səbəb kimi xasiyyətlərin uyğun gəlmədiyini göstərirlər. Ancaq bunlar bəhanələrdir. Digər bir səbəb sonsuzluqdur. Son zamanlar sonsuzluğun sayının artması və bunun aradan qaldırılmasının qeyri-mümkünlüyü ailənin dağılmasına səbəb olur. Buna görə də Azərbaycan cəmiyyətində bağlanan nigahların 10-11 faizi rəsmi qaydada pozulur. Yəqin ki, qeyri-rəsmi qaydada 20 faizə yaxın nigahlar pozulur».
Ekspertin fikrincə, bunun qarşısını almaq üçün dövlət müəyyən tədbirlər görməlidir: «Məsələn, Konstitusiyanın 12-i maddəsində təsbit olunub ki, dövlət AR vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməlidir. Yalançı statistikaya görə deyirlər ki, yoxsulluq 5,6 faizdi. Əslində isə insanların əksəriyyəti yoxsulluq vəziyyətində yaşayır. Bu da o məsələlərə öz mənfi təsirini göstərir».
Fizzə