Hərbi Prokurorluq vitse-admiralın həbsinə münasibətini açıqlayıb
Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib.
Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Şahin Sultanovun vəkili Adəm Məmmədovu isə “Azadlıq”a bildirib ki, müvəkkili ittihamları qəbul etmir. Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə isə həbslər Şahin Sultanovla yekunlaşmayacaq. O, başqa yüksək rütbəli zabitlərin də həbs oluna biləcəyini deyib və onlardan birinin – general Məmməd Beydullayevin artıq istintaqa cəlb olunduğunu bildirib.