Cəsur Sümərənli: «Həbs variantı tam ehtimal olunmasa da, hansısa formada Əbiyevin cəzalandırılacağı realdır»
Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi keçmiş nazir Səfər Əbiyevə 19 illik orduda rəhbərliyini əks etdirən maliyyə hesabatının hazırlanması tapşırığı verib. Bu barədə özəl mənbələrdən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə (CHAM) məlumat daxil olub. Məlumata görə, araşdırma qrupunda maliyyə yeyintiləri və geniş miqyaslı korrupsiyaya aid ciddi faktlar var. “Indi bu faktların Əbiyevin hazırlayacağı hesabatda necə əks olunacağı əsas hədəfdir”- deyə bildirilib.
Qeyd edək ki, bir müddət öncə müdafiə sektorunda Maliyyə Nazirliyinin yoxlamaları başlayıb. Həmin yoxlamalar zamanı Hərbi Dənzi Qüvvələrində yeyintilərin aşkarlandığı haqda məlumatlar dərc olundu. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri gəmi kapitanlarından ifadələr alıb. Bu müddət ərzində bir neçə yüksək rütbəli şəxs həbs olunub. Son olaraq isə keçmiş komandan, vitse-admiral Şahin Sultanovun həbs xəbəri yayıldı.
Yoxlamalar başlanan zaman belə fikirlər səslənirdi ki, əsas məqsəd Səfər Əbviyevi həbs etməyə yönəlib.
Bəzi hərbi ekspertlər də müdafiə sektorunda küllü miqdarda yeyintilərin olduğunu və xeyli adamın bu prosesdə həbs olunacağının proqnozun vermişdilər.
“Doktrina” CHAM-ın rəhbəri Cəsur Sümərənli “Azadlıq” a bildirdi ki, araşdırmalar nəticəsində Səfər Əbiyevin cəzalandırılması real görünür: “Artıq Əbiyevin özü və ətrafında olan şəxslərlə bağlı araşdırmalar aparılır. Xüsusilə son illərdə baş verən yeyintilər araşdırılır. Aydındır ki, Səfər Əbiyev bütün yeyintini təkbaşına həyata keçirə bilməzdi. Yəqin ki, bəzi korrupsiya əməliyyatları ölkə rəhbərliyi ilə razılaşdırılıb. Xatırlayırsınızsa, Əbiyevin varidatıyla bağlı silsilə materiallar dərc olunurdu, onun Macarıstan banklarındakı milyonlarla pulu haqda xəbərlər yayılırdı. Bu xəbərlər o dövrdə yayılırdı ki, korrupsiya ilə mübarizə haqqında sərəncamlar verilirdi. Bütün bunlar siyasi rəhbərliyi hiddətləndirmişdi. Eyni zamanda belə fikir var idi ki, Əbiyev siyasi ambisiyalara malikdir. Digər tərəfdən, orduda kütləvi əsgər ölümləri baş verdi və buna görə gənclərin aksiyaları başladı. Baş verənlər yarıtmaz siyasəti önə gətirirdi və kiminsə cəzalandırılması lazım idi. Indi də bu proses pillə-pillə davam edəcək. Artıq komandan Şahin Sultanov həbs olunub və böyük ehtimalla Səfər Əbiyevin əleyhinə ifadə verəcək. Bizdə olan məlumatlara görə, yaxın 15 gün ərzində Səfər Əbiyev də sorğuya çəkiləcək. 19 ildə xərclənmiş vəsaitin miqdarı istintaqçılara məlumdur. Əldə olunan məlumata görə, vəsaitin xərclənməsilə bağlı hesabat hazırlamaq üçün Əbiyevə sənədlər təqdim olunub. Bunu psixoloji işgəncə kimi də qəbul etmək olar. Həbs variantı tam ehtimal olunmasa da, hansısa formada Əbiyevin cəzalandırılacağı realdır”.
Akif