“Allah sizin də balalarınızın başına gətirsin!”
Gənc fəallar valideynlərinin xahişinə baxmayaraq, aclığı dayandırmayacaqlarını bəyan etdilər
“NIDA” Vətəndaş Hərəkatının 8 fəalı – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək, Zaur, Rəşadət və Ilkinə 8 il 6 ay, Rəşad, Bəxtiyar və Məmmədə 8 il, Üzeyirə 7 il 6 ay, Şahinə isə 6 il 6 ay həbs cəzası istəyib. Prokurorun heç bir sübut-dəlil ortaya qoymadan belə ağır cəzalar istəməsinə etiraz olaraq, gənc fəallar aprelin 17-dən azadlığa buraxılma tələbilə aclıq aksiyası keçirirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda hakimlər zala daxil olana qədər valideynlər yaranmış fürsətdən istifadə edərək, övladlarını aclığı dayandırmağa çağırdılar. Çünki bir həftəlik aclığın nəticəsi olaraq gənclərin zəiflədiyi açıq-aşkar hiss olunurdu.
Zaur Qurbanlının anası Səkinə Qurbanova: “Biz aclığı bir günlük dayandırmışıq. Siz dayandırmasanız, biz də yenidən başlayacağıq. Bəsdir artıq, ölmüsüz ayaq üstdə”.
Zaur Qurbanlı anasının dediklərinə belə cavab verdi: “Bizim tələbimiz fərqlidir. Bizim tələbimiz azadlıqda olmaqdır”.
Rəşadət Axundovun anası Mətanət Axundova: “Siz mübarizə aparırsız, ölməli deyilsiz. Neyləyək, indi hamımız ölək?”
Məmməd Əzizov valideynlərin müraciətinə belə reaksiya verdi: “Aclığı dayandırmaqdansa keçək YAP-a…”
“Bu gənclər Azərbaycan cəmiyyətinin qızıl fondudur”
Bu məhkəmə prosesində vəkillərin müdafiə çıxışları mərhələsidir. Dünənki məhkəmə iclasında əvvəlcə Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev çıxış edərək, gənclərə qarşı ittihamların tamamilə əsassız olduğunu, ortaya heç bir sübut-dəlil qoyulmadığını bildirdi: “Ittiham tərəfinin sübutlarının çəkisi sıfra bərabərdir. Şahin Novruzlugilin evində axtarışda hal şahidi qismində iştirak edən şəxs ümumiyyətlə, Azərbaycan vətəndaşı deyil. Əvvəl Ermənistan vətəndaşı olub, indiyə qədər də nə Azərbaycan vətəndaşlığı var, nə də ünvanı bəllidir. Bu işdə ortada heç bir cinayət yoxdur. Cinayət olmadığı halda cəza verilirsə, bu, dəhşətdir. Istənilən şəxs haqqında qərar hüquq, məntiq, əxlaq və ədalətə əsaslanmalıdır. Mən ”NIDA”nın manifesti ilə tanış olandan sonra qürur hissi keçirdim ki, elmi, hüquqi, əxlaqi baxımdan belə bir sənədi hazırlayan gənclərimiz var. Bunlar hüquqi dövlət, ədalətli cəmiyyət istəyiblər. Bu cür ümumbəşəri dəyərlər uğrunda mübarizə aparan, bu istiqamətdə fəaliyyət göstərən insanları həbs etmək absurddur. Villalar, “Jeep”lər insanı xoşbəxt edə bilməz. Insanı xoşbəxt edən ümumbəşəri dəyərlərdir. Mən Üzeyir Məmmədli ilə ilk görüşümdə onun intellektinə heyran oldum. Hər bir şəxsin dəyəri onun arzularının miqyası ilə ölçülür. Son zamanlar görürük ki, dəbdəbəli maşınlarla şou göstərib, insanları qanına qəltan edirlər. Belə bir şəraitdə indi dəmir barmaqlıqlar arasına salınan bu gənclər cəmiyyətin qızıl fondudur. Heç bir cinayət törətmədiklərinə görə bu gənclərə bəraət verilməlidir”.
Vəkil Cavad Cavadlı çıxışında gənclərin keçirdiyi aclıq aksiyasına toxundu: “Bu gənclər aclıq aksiyasına ona görə əl atıblar ki, məhkəmədən ədalətli qərar gözləmirlər. Bu gənclər mərhəmət istəmirlər, çünki təqsirləri yoxdur, onlar ədalət tələb edirlər”.
“Harlem Shake” ilə “Heyvagülü”nün toqquşması
Vəkil Elton Quliyev də bildirib ki, bu işdə nə cinayət, nə də təqsirkar olmadığından aylardır davam edən məhkəmə prosesi boş vaxt itkisindən başqa bir şey deyil: “Biz növbəti dəfə qondarma maklatura yığınının müzakirəsinə yığışdıq. Bu iş fərqli düşüncələrin, dünyaya fərqli baxışların, dəyərlərə verilən fərqli qiymətlərin, məsələn, ”Harlem Shake”lə “Heyvagülü”nün toqquşmasının nəticəsidir.
Ortada yalnız qondarma ittihamlar var. Bunlara da don geyindirmək çox çətindir. Xüsusən, bu don geyindirmə peşə ləyaqətindən irəli gələn ağırlıqla müşayiət olunur. Dövlət ittihamçısı kifayət qədər savadlı, zənnim məni yanıltmırsa, insani keyfiyyətlərə malik bir insandır. Onun bu işdə ittihamı müdafiə etməsi həmkar kimi məni ağrıdır. Bu cinayət işi çox uğursuz yazılmış əsərdir. Məhkəmənin ədalətli olub-olmaması ilk növbədə onun qəbul etdiyi qərarla ölçülür. Amma məhkəmənin gedişində baş verənlərə baxanda nəticə barədə müəyyən işartılar yaranır. Bu məhkəmə zahirən normal keçdi. Amma mahiyyətə varanda görürsən ki, elə deyil. Məhkəmə elə vəsatətləri təmin elədi ki, onların təmin olunması ittiham tərəfinin mövqeyinə zərbə vurmayacaqdı. Müdafiə tərəfi üçün əhəmiyyətli olan vəsatətlər isə təmin olunmadı. Məsələn, telefon danışıqları ilə bağlı siyahının mobil operatorlardan alınması.
Hüquq-mühafizə orqanları hakimiyyətin deyil, insanların, xalqın hüquqlarını müdafiə etməlidir. Bu gənclərə tələb olunan cəzalar sosial ədalət prinsipinə də ziddir. Hazırda bu məhkəmə binasının ətrafına xeyli gənclər toplaşıb. Onlar üçün burada danışılanlar maraqlı deyil. Onlar aclıq edən yoldaşlarının vəziyyətini bilmək istəyirlər. Sosial ədalət budur. Sosial ədalət diqtə ilə cəza vermək, diqtə ilə cəza istəmək, diqtə ilə cinayət işi başlamaq deyil.
Baxdığımız videolardan görünür ki, Bəxtiyar, Məmməd və Şahingilin evində baxış yox, axtarış aparılıb. Axtarış isə sırf istintaq hərəkətidir və məhkəmə qərarı ilə müstəntiq tərəfindən aparıla bilər. Bu 3 gəncin həbsindən dərhal sonra MTN və prokurorluq bir bəyanat yayaraq, onları narkotik istifadəçisi, iğtişaşların hazırlanmasında iştirak edən şəxslər kimi təqdim etdi. Bu isə gənclərin təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Prokurorluq və MTN bu gəncləri artıq əvvəlcədən cəmiyyətə cinayətkar və narkoman kimi sırıdı. Bu gənclər kimi bizim də balalarımız var. Bu iş bizim də balalarımızın başına gətirilə bilər…”
Bu yerdə Məmməd Əzizovun atası Rasim Əzizov yerindən replika verdi:
– Hamının balası var, Allah görür. Onların da başına gələcək.
Hakim Cavid Hüseynov Rasim Əzizova xəbərdarlıq etdi:
– Siz qaydanı pozursunuz.
– Mən qaydanı pozmuram. Qayda keçən il martın 7-dən pozulur.
– Bir daha təkrarlanmasın…
– Təkrarlanacaq. Inşallah, biz də sizin balalarınızın məhkəməsinə gələcəyik!
Çoban söhbəti…
Elton Quliyev çıxışını Şahin Novruzlu ilə bağlı epizod üzrə davam etdirdi: “Adamın günahsız balasını tutub aparmaları bəs deyil, hələ bir özünü də 97 min, üzr istəyirəm, ”zibilə salıblar”. Ümumiyyətlə, bu uşaqların 8-dən 7-sini heç nədən tutublar. Ilkin Rüstəmzadəni isə heç nədən də heç nədən tutublar. Iş materialları ilə tanış olarkən xuliqanlıq ittihamı üzrə mətni birinci dəfə oxuyanda başa düşmədim. Bir cümlədə 184 söz var idi. Bu, Ginnesin Rekordlar Kitabına düşməli fakt idi. Bilmək olmur ki, kim nə edib? Yazıblar ki, Ilkin videonu çəkib, montaj edib, “youtube”a yerləşdirib. Bunu nə ilə sübut edirlər? Heç nə yoxdur. Heykəlin əynindən nə paltar çıxarılıb, nə cırılıb, nə heykəl sındırılıb. O heykəl necə vardısa, elə də yerindədir. Ilkinin həbsi nonsesdir. 30-cu illərdə Qəbələdə 4 nəfəri tutub milisə verirlər ki, aparıb təhvil versin. Yolda dörd nəfərdən biri qaçır. Milis də fikirləşir ki, 3 nəfəri qoyub o birinin dalınca qaçsam, bu birilər də aradan çıxacaq. Bir az gedirlər, yolda qabaqlarına bir çoban çıxır. Milis də o çobanı götürüb, 3 nəfərə qatır ki, say düzəlsin. Ilkin də say düzəlsin deyə tutulub. Ilkin və digərləri niyə tutulub, bilinir, amma burada yazılmayıb. Vicdanı olan adam kimi, bu gəncləri belə cəzalandırmağın mənası nədir? Onların bəziləri üçün mənəvi dəyərlər bizim düşündüyümüzdən fərqlidir. Onların təfəkkürü də fərlqidir. Onlar Qərbdə təhsil almış adamlardır. Biz onları zorla 60-cı illərə apara bilmərik ki. Yeri gələndə biz onlardan nəyisə öyrənməliyik. Dünya inkişaf edir. Əvvəl qaça-qaça gedib, 2 qəpik atıb, telefonla danışırdıq. Indi telefonla Amerikaya göz vura-vura danışırıq. Televiziyada 150 kanal göstərirlər, hansını bəyənmiriksə, dəyişib başqasına baxırıq. Bu gəncləri də bəyənməyənlər baxmasınlar. Onlardan bu cür intiqam almaq olmaz. Bütün ittihamları Mirzə Fətəli Axundov demişkən, puç və əfsanə hesab edirəm. Bir sözlə, bəraət hökmü çıxarılmasını istəyirəm. Millət artıq təəccüb hissini itirib. Bəraət hökmü ilə bu hissi millətə qaytarmağınızı xahiş edirəm”.
***
Müdafiəçi Fariz Namazlı bildirdi ki, Azərbaycan məhkəmələri lağ obyektinə çevrilib və bu, dövlətin faciəsidir: “Mahirə Muradovanın işi üzrə Avropa Məhkəməsinin qərarında yazılıb ki, Azərbaycan məhkəmələrində baş verənlərə mat qalırıq. Bu gənclərin təqsirinin olmadığı hamıya bəllidir. Eyni zamanda onlara çıxarılacaq hökmün qanunsuz olacağı da hamıya bəllidir. Amma yenə də ümid edək ki, məhkəmə daxili inamını əsas götürəcək, kənar sifarişlərə qulaq asmayacaq və ədalətli qərar verəcək”.
Məhkəmə prosesi bu gün davam edəcək.
Aytən Məmmədova