Zahid Oruc: «Iki ölkə arasındakı münasibətləri korlamaq istəyən dairələr belə bir addım ata bilər»
Iran-Azərbaycan münasibətlərindəki gərginlik həmişə hiss olunub. Müxtəlif məsələlərdə iki ölkə arasında razılaşmaların əldə olunmaması, hər zaman soyuq əməkdaşlıqla müşahidə edilib. Münasibətlərdəki gərginlik rəsmi şəkildə də ifadə olnub. Məsələn, ölkə başçısı Ilham Əliyev dəfələrlə Irana dəvət olnub, ancaq bu görüşdən imtina edilib. Və yaxud Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə Iranda həbs olunub və tərəflər arasında qarışlıqlı ittihamlar baş verib.
Son zamanlar isə iki ölkə arasında yaxınlaşma müşahidə olunur və münasibətləri tənzimləmək istiqamətində danışıqlar aparılır. Ilham Əliyevin Iran səfəri, ardınca müdafiə naziri Zakir Həsənovun bu ölkəyə getməsi, yeni münasibətlərin qurulmasından xəbər verir. Hətta belə bir məlumat yayıldı ki, Azərbaycanla Iran 3-cü ölkə məsələsində razılığa gəliblər. Təbii ki, son vaxtlar dünyada baş verənlər, Rusiyanın Krımı ilhaqı və proseslərin Azərbaycana təsiri perspektivi də Azərbaycanın Iranla yaxınlaşmasını zəruri edən haldı. Ancaq bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələr də var. Iran-Azərbaycan sərhəddində son baş verənlər də bu ehtimalı gücləndirir.
Belə ki, Iran saytlarının xəbərinə görə, aprelin 21-də gecə saatlarında Iran-Azərbaycan sərhəddindəki posta hücum edilib, silahlı qarşıdurma baş verib. Qarşıdurma zamanı 4 nəfərin öldürüldüyü bildirilir və ölənlərin yerli azərbaycanlılar olduğu ehtiamal edilir. Hazırda Iran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır.
Baş verənlərin səbəbi iki ölkə arasında qarşıdurma yaratmaq və son vaxtlar müşahidə olunan yaxınlaşmaya əngəl törətmək ola bilərmi?
Millət vəkili Zahid Oruc hesab edir ki, sərhəddəki qarşıdurma müəyyən dairələrin təxribatı ola bilər: “Iran-Azərbaycan münasibətlərində yaşanan narahatlıqlar, bir çox məsələlərdə yaranmış soyuqluq Azərbaycanın addımları hesabına baş verməyib. Bunu sübuta yetirmək üçün tarixə ekskurs etməyə də ehtiyac yoxdur. Son aylar ərzində müşahidə oluanan yumşalama, müəyyən korrektələr Iranın regional və beynəlxalq maraqlarına uyğundur. Biz heç vaxt Iranın əleyhinə siyasət yürütməmişik, beynəlxalq savaşda yer alıb Irana cəbhə açmamışıq. Sərhəddə baş verən qarşıdurmaya gəlincə, müəyyən ehtimallar irəli sürmək olar. Yəni mümkündür ki, iki ölkə arasındakı münasibətləri korlamaq istəyən dairələr belə bir addım atsın. Azərbaycan tərəfindən belə bir addımın atılmasına inanmıram. Iranın içindən və ya başqa dairələrdən belə ssenari gerçəkləşdirilə bilər. Hər iki ölkənin xüsusi xidmət orqanları var və məsələni dəqiqləşdirə bilərlər. Hesab edirəm ki, Iran-Azərbaycan münasibətlərinin davam etməsi, hər iki ölkənin maraqlarına uyğundur. Bu münasibətlər Qərbin planlarını əngəlləmir və Qərbi itirmək hesabına yaranmır. Biz Azərbaycan cəmiyyətində antiIran düşüncəsini yaratmırıq. Onların buna adekvat addım atmasını tələb edirik”.
Akif