Pərviz Həşimli (vicdan məhbusu)
Milli Təhlükəsizlik Nazirliyinin rəhbəliyində olan adamlarla həbsimdən sonra dəfələrlə üz-üzə gəldim. Daha doğrusu, məni, zorla başıma qara torba keçirib, MTN-nin bir korpusundan digərinə o qədər aparıb-gətirdilər ki, qolumdan tutan nəzarətçilərə, “artıq gedə bilirəm, tutmaya da bilərsiniz” deyirdim.
Məni 5 aylıq istintaq müddətində bəlkə də 30-40 dəfə Antiterror Mərkəzinə apardılar. Saxta cinayət işinə rəhbərlik edən müstəntiq Elşən Murtuzov məni cəmi 3 dəfə dindirdi. Qeyd edim ki, istintaq qrupunun tərkibində 4 müstəntiq olsa da, Elşən Murtuzov istisna olmaqla, onların heç birinin üzünü görməmişəm. Hətta bildiyimə görə, onlardan biri Səbail Rayon Polis Idarəsinin müstəntiqi imiş. Görünür, müstəntiqlərin mənimlə ünsiyyətdə olmaması istintaq üçün maraqlı şəxs olmamağımla bağlıdır.
Həbs olunduğum gecə istintaqçılar özləri də çaşqın durumda idi. Onlar üçün bir jurnalistin, hüquq müdafiəçisinin belə düşük, gülünc ittihamlarla həbsi həmin gecə bir sual olaraq qalırdı. Görünür, bu çaşqınlığın, cavabsızlığın nəticəsi idi ki, istintaq şöbəsinin rəis müavini sahib Allahverdiyev “Silahları Əli Kərimliyə gətirmisən, səmimi etiraf elə, işin yüngülləşsin”, – deyə bildirdi.
17 sentyabr gecəsi məni Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin otağına apardılar. Müavini Ilqar Əliyevlə qarşıma MTN-lə bağlı yazılarımı qoydular. Həmin yazıların nədən ibarət olduğu barədə ictimaiyyətə məlumat vermək istərdim. Bu yazılar bir o qədər prinsipial əhəmiyyətə malik olmasa da, hiss etdim ki, mənə qarşı çox qəzəblidilər.
Birinci yazım MTN-nin Gəncədə keçirdiyi bir əməliyyatın tənqidindən ibarət olub. Xatırladım ki, MTN Gəncədə vəhhabilərə qarşı anti-terror əməliyyatı keçirmişdi. Həmin əməliyyat zamanı MTN-nin bir əməkdaşı və bir də terrorçu həlak olmuşdu. Bir jurnalist kimi, bu sensasion olayla bağlı reportaj hazırlamaq üçün Gəncəyə getdim. Yaşayış binasında baş verən bu hadisə ilə əlaqədar şahidləri danışdırdım, qapılardakı güllə yerlərinin şəkillərini çəkdim. Təsadüfən həmin həyətdə vaxtilə polis orqanlarında çalışmış bir əməliyyatçı tanışımı gördüm. Həmin tanışım keçmiş əməliyyat işçisi kimi, MTN-nin bu əməliyyatının qeyri-peşəkar hazırlandığını dedi. Və bunları deyərkən kifayət qədər arqumentlər gətirdi. Hazırladığım reportajda həmin tanışımın fikirlərini öz şərhim kimi yazıya əlavə etdim. Beləliklə, “MTN-nin Gəncədəki əməliyyatı qeyri-peşəkar olub” başlıqlı yazı dərc olundu. Yazının əsas məğzi bundan ibarət idi ki, həmin əməliyyatı itki olmadan da həyata keçirmək olardı. Elçin Quliyev qəzəblə həmin yazı olan qəzeti stolun üstünə çırpdı, “bizə sataşırsan” dedi.
Onun qarşıma qoyduğu daha bir yazı isə bir vətəndaşın MTN rəhbərinə ünvanladığı şikayət məktubu ilə bağlı idi. Qeyd edim ki, bu yazıda bir sahibkarın ondan rüşvət tələb edən MTN əməkdaşından nazirə şikayəti əks olunub. “Sahibkar nazirdən kömək istəyir” adlı yazının da qərəzli olduğunu dedilər. Halbuki, bu yazı nazirlik əməkdaşından rəhbərliyə şikayətdən ibarət idi.
Növbəti bir yazım Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə MTN-nin bu şəhərdəki idarə rəisi arasındakı konflikt haqda idi. Icra başçısı ilə MTN-nin idarə rəisi arasındakı narazılığın səbəblərinə toxunulan yazımÿ”Icra başçısı MTN rəisi ilə niyə yola getmir?” başlığı ilə dərc olunmuşdu. Bu yazıdan bir neçə ay sonra MTN-nin Gəncə Idarəsinin rəisi işdən çıxarıldı. Bu fakt tərəflər arasında konflikti bir daha təsdiqləmişdi.
Digər tənqidi yazılarımdan biri isə MTN-nin dindarlar ətrafında apardığı kütləvi həbs dalğası ilə bağlı olub…