Asılma məqamında məhkum əfv edildi
İranda bir edam cəzası zamanı adətən film və romanlarda rastlaşdığımız səhnə yaşanıb. Yeddi il əvvəl 18 yaşlı Abdullah Hüseynzadəni bıçaqlayaraq öldürən şəxs lap son anda mərhumun anası tərəfindən bağışlanılıb. Qadın məhkuma yalnızca bir yumruq vurraraq onu bağışlayıb. Bu haqda İranın yarı rəsmi agentliyi ISNA-in xəbər yayıb.
Bildirilir ki, Mazandaran əyalətindəki kiçik bir qəsəbə olan Royandakı məlum qətildən yeddi il sonra edam üçün hər iki tərəfin ailələri meydanda toplanıb. Şəriət qanunlarına əsasən edam cəzasına məhkum edilən Balalın gözləri bağlanıb, boynu kəndirə keçirilib. Məqam öldürülən gəncin ailəsinin dar ağacından sallanan Balalın ayağının altındakı tabureti aşırmağa gələndə ana yumruqla kifayətlənib. Boynu kəndirdəykən həyatı xilas olan Bilalın anası bundan sonra mərhumun anasını qucaqlayaraq ağlamağa başlayıb. Hər iki qadın ağlayıb. Xilas olan Bilal da onu bağışlayan qadının ayaqlarına sarılıb.
Abdullahın anası Balalın oğlunu qəsdən öldürmədiyi qənaətinə gəlibmiş. Altı il davam edən istintaq müddətində ailəsi Balalın edamının dəfələrlə təxirə salınmasını istəyib. Edam üçün ən son tarix İranda yeni il kimi qeyd olunan Novruza tuş gəldiyindən, cəza növbəti dəfə ertələnib. Mərhumun atası deyib ki, arvadının fikrini dəyişməsinə üç gün əvvəl gördüyü bir yuxu səbəb olub: “Arvadım yuxusunda oğulumuzu görüb. O, anasına yaxşı bir yerdə olduğunu və intiqam alınmasına ehtiyac olmadığını deyib”.
Bu hadisədən sonra ailə edam gününə qədər düşünməyə qərar verib.
Abdullahın ailəsi daha əvvəl də 11 yaşındakı bir oğulunu motosiklet qəzasında itirib.
Edamdan xilas olan Bilala indi nə cəza veriləcəyi isə hələ bilinmir.