Hikmət Hacızadə: «Nebenzi diplomatik gediş edir, Rusiyanın bəyanatına inanmaq olmaz»
“Krım respublikası ətrafında baş verənlərlə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrini müqayisə etməzdim”- bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzi deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuna isə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üçün çalışan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər daxildir.
“Bu yaxınlarda MDB ölkələrinin xarici işlər nazirlərinin iclası keçirildi. Iclasda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü. Uzun müddət idi ki, nazirlər arasında görüş keçirilmirdi”, deyə Vasili Nebenzi bildirib. Ukraynada baş verən hadisələrdən sonra eyni proseslərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalı irəli sürülür. Daha dəqiq desək, Rusiyanın Krımı ilhaqından sonra baş verənlər Dağlıq Qarabağla müqayisə olundu və Rusiyanın eyni ssenarini Azərbaycana qarşı da tətbiq edəcəyi bildirildi.
Bu fikirlərin tez-tez mətbuatda səsləndirildiyi bir vaxtda, Rusiyanın xarici işlər nazirinin müavini yuxarıdakı açıqlamanı verdi. Qeyd edək ki, bu həmin Rusiyadır ki, Ermənistanın Qarabağı işğal etməsinə birbaşa yardım göstərib və bu gün də münaqişənin həllində maraqlı deyil. Ümumiyyətlə, Rusiya tərəfinin belə bir bəyanatla çıxış etməsinə inanmaq olarmı? Doğrudan da baş verənlərin Qarabağ məsləsinə mənfi tsiri ola bilməzmi?
Politoloq Hikmət Hacızadə hesab edir ki, beynəlxalq hüququn zədələndiyi bir vaxtda Rusiyaya arxayın olmaq səhv olardı: “Bu gün Rusiya rəsmisi Qarabağa təhlükənin olmadığından danışır. Ancaq Rusiyanın yüksək dairələrindən Azərbaycana hədələr gəlir, Jirinovskilər aqressiv münasibət sərgiləyir və s. Eyni zamanda bu gün beynəlxalq hüquqda da boşluqlar, zədələnmələr var. Ona görə də Rusiyaya qətiyyən inanmaq olmaz. Bu gün bir söz söyləyirlər, sabah başqa fikir səsləndirəcəklər. Nazir müavininin indiki məqamda söylədikləri diplomatik gedişdir və bunu səmimi qəbul etmək olmaz”.
Akif