Təhsil naziri məktəblərin ərazilərinin zəbt edilməsi məsələsini qaldırdı
“Təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır”. Bu sözləri təhsil naziri Mikayıl Cabbarov ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına dair keçirdiyi müşavirədə bildirib.
Təhsil naziri əlavə edib ki, bu problemi həll etmək üçün müəyyən tədbirlər görülür: “Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır”.
Mikayıl Cabbarovun bu fikirləri təhsil sistemində kütləvi əvəzlənmələrin olacağının anonsu sayıla bilər.
Təhsil naziri daha sonra təhsil müəssisələrin ərazilərinin zəbt edliməsi məsələsinə toxunub: “Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk”.
Məktəb və bağçaların ərazilərinin satılması təzə xəbər deyil. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Qeyd edilib ki, bu ərazilərin satılmasında məhz icra hakimiyyətlərinin xüsusi rolu olub. Mikayıl Cabbarov da bunu bilməmiş deyil. Görünür, icra başçıları təhsil naziri ilə hesablaşmadığı üçün o, bu məsələni Ilham Əliyevin diqqətinə çatdırıb. Eyni zamanda belə hallara qarşı mübarizədə icra başçılarının da üzərinə öhdəlik qoyub.