O, Gürcüstanda möhkəm siyasi sistem yaratdıqlarını, Azərbaycanda isə sülalə hakimiyyətinin hökm sürdüyünü dedi
ABŞ-ın “Cristian Sciense Monitor” qəzeti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidən müsahibə götürüb. “Ukraynada 21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı müsahibədə Saakaşvili Ukraynada və ümumiyyətlə post-sovet məkanında baş verən olaylara qiymət verir. Ukrayna küçələrində baş verənləri xarakterizə edən Saakaşvili bunu qərb və şərq dünyagörüşlərinin savaşı adlandırır. “Küçələrdə insanlar korrupsiyaya qarşı çıxış edir və eyni zamanda anlayırlar ki, bu bəla Putinə arxalanan “Avrasiya İttifaqı” kimi şərq dünyagörüşünün tərkib hissəsidir. Ölkə başçısı Yanukoviç də Putinə arxalanaraq özbaşınalıqlara yol verir”, – deyə Saakaşvili qeyd edir. Həmişə olduğu kimi, bu müsahibədədə o, Putini və “Rusiya neo-imperializmini” postsovet məkanının əsas bəlası kimi göstərir.
Saakaşvili Gürcüstan modelini bütün postsovet məkanına örnək adlandırır. “Yeni hökümətin ilk aylarında qorxurduq ki, bunlar qurduğumuz sistemi dağıdacaqlar, lakin etmədilər. Bu, ondan xəbər verirdi ki, biz möhkəm bir siyasi sitem yarada bilmişik. Hər halda bu sistem Azərbaycandakı sülalə hakimiyyətindən, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşıdır.
Bizim yaratdığımız sistem yaşadı – deməli seçkilərdəki məğlubiyyətimiz daha çox insanların 8 illik hakimiyyətdən yorulmasından irəli gəlirdi, apardığımız islahatları bəyənmədiyindən deyil. Ən azından biz ağrı-acısız hakimiyyət dəyişikliyinin nümunəsini göstərdik.
Azərbaycan, Rusiya, Orta Asiya ölkələrinin xalqları üçün bəlkə də mənim hakimiyyətdən getməyim daha maraqla qarşılandı, nəinki həyata keçirdiyimiz islahatlar”, – deyə o fikrini tamamlayır.
«Saakaşvilinin fikirləri Azərbaycanda ailə-klan hakimiyyətinin mövcud olmasının etirafıdır»
Saakaşvilinin bu müsahibədə Azərbaycanı qeyri-demokratik ölkələr sırasında vurğulamasına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı münasibət bildirdi.
Fuad Qəhrəmanlı bildirdi ki, Saakaşvilinin səsləndirdiyi fikirlər Azərbaycanda ailə-klan hakimiyyətinin olmasının etirafıdır. “Uzun müddət Saakaşvili ilə Azərbaycan hakimiyyəti arasında isti münasibətlərin olması təəssüratı var idi. Ancaq, bu münasibətlər Gürcüstan dövlətinin maraqları üçün qurulan münasibət idi. Yəni, bu əməkdaşlıq demokratik Saakaşvili hakimiyyətinin, Azərbaycan hakimiyyəti ilə dəyərlər üzərində qurduğu əməkdaşlıq deyildi. Saakaşvilinin məlum müsahibəsi də bunu bir daha göstərir. Azərbaycan hökuməti hər zaman belə siyasət sərgiləyir ki, guya hansısa beynəlxalq güclər Azərbaycan hakimiyyətinə qarşı qərəzlidir, ölkəmizə təzyiq edirlər, obyektiv qiymət vermirlər və.s. Indi isə Azərbaycan hakimiyyətinin isti münasibətdə olduğu Saakaşvilinin dilindən bu fikirlərin səslənməsi, ölkədə ailə hakimiyyətinin olması reallığının ifadə olunması, Azərbaycan hakimiyyəti haqqında dünyada formalaşan birmənalı fikrin etirafıdır. Artıq heç bir cəhdlə ölkədəki real vəziyyəti dünyanın diqqətindən yayındırmaq mümkün deyil. Bu baxımdan Azərbaycandakı mövcud vəziyyət hər kəsə bəllidir və qeyri-demokratik ölkələrlə bağlı müzakirələrdə Azərbaycana da istinad edirlər”.
Akif