Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla Müsavat başqanı İsa Qəmbər arasında iyulun 31-də Tbilisidə 2 saata yaxın çəkən görüş olub. “Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər görüşün səmimi atmosferdə keçdiyini və faydalı nəticələr əldə edildiyini deyib: “Çox faydalı görüş oldu. Rüstəm müəllimlə durumu hərtərəfli müzakirə etdik. Milli Şuranın seçkidə iştirakı, vahid namizədə yaradılan əngəllər, onun namizəd kimi qeydiyyatdan keçməsi üçün hansı addımların atılması geniş müzakirə edildi. Şəxsən mən söhbətdən çox razı qaldım. Hesab edirəm ki, Rüstəm müəllim də razı qalıb”.
İsa Qəmbər bildirib ki, bugünkü mərhələdə Milli Şuranın, o sıradan Müsavat Partiyasının qarşısındakı əsas məsələ Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün yaradılan maneənin aşılmasıdır.