Avqustun 1-də mənim çoxdan tanıdığım Hacıbaba Əzimovun 75 yaşı tamam olur.
75 il bir əsrin dörddə üçü deməkdir. Məsələ illərin sayında deyil, əsas məsələ bu illəri necə yaşamaqdadır. Mən Hacıbaba müəllimi 70-ci illərdən, hələ tələbə ikən tanıyırdım və həmin illərdə o, bir tarixçi kimi yaxşı tanınan alim idi. Pedaqoji Universitetdə işləyirdi və biz tarixçi tələbələrin maraq göstərdiyi elmi məclislərdə öz səviyyəsi, potensialı və bir az da ötkəmliyi ilə seçilirdi.
1966-cı ildə tarix elmləri namizədi elmi dərəcəsi almışdı və həmyaşıdları arasında seçilən bir alim idi. Onun doktorluq müdafiə etdiyi 1981-ci il Azərbaycan tarix elmi üçün bir hadisə sayılırdı. Hacıbaba müəllim 1917-1918-ci illərin kəşməkəşli hadisələrindən araşdırma aparmışdı. Həmin illərin hər günü tarix elmi, tarixçi üçün maraqlı hadisələr idi və bu gün də həmin illər tarix elminin maraq dairəsində qalmaqdadır.
Hacıbaba müəllim doktorluq müdafiə edən vaxt mən aspiranturanı yenicə bitirmiş və Bakı Dövlət Universitetinin tarix fakültəsinə müəllim təyin edilmişdim. Yaxşı yadımdadır, o zaman tarixçi alimlər arasında söhbət gəzirdi ki, sovet tarix elminin ən böyük və ən tanınmış nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, akademik İsaak İzrailoviç Mints Hacıbaba müəllimin müdafiəsinə gələcək. Buna inanmayanlar da var idi. Çünki bir tərəfdən akademik Mintsin həmin vaxt nə az, nə çox – 86 yaşı var idi. Digər tərəfdən isə belə yüksək ranqlı bir alimin dissertasiya işində opponent kimi Moskvadan Bakıya gəlməsi qeyri-adi hadisə idi. Lakin bu baş verdi və 1981-ci ilin may ayının 20-də akademik Mints Hacıbaba müəlliminin doktorluq işinin birinci opponenti kimi çıxış etdi və onun dissertasiyasını çox yüksək qiymətləndirdi. Hətta Mintsin gəlişini nəzərə alaraq bu müdafiə prosesi Azərbaycan Elmlər Akademiyasının dəyirmi salonunda keçirilirdi və demək olar ki, respublikanın ən tanınmış ictimai elmlər üzrə nümayəndələri həmin gün bu müdafiədə iştirak edirdi.
Hacıbaba müəllimin böyük elmə gəlişi məhz belə təntənəli bir şəraitdə baş verdi. Bu böyük uğur onun həyatının sonrakı mərhələləri üçün etibarlı təminat yaradırdı. Çox keçmədi ki, Hacıbaba Əzimov 1985-ci ildə respublikanın ən böyük elmi mərkəzlərindən biri sayılan Azərbaycan Pedaqoji Universitetin siyasi tarix kafedrasının müdiri seçildi, 1990-cı ildə yenidən həmin uğuru təkrar etdi. Bu illərdə Azərbaycanda və onun hüdudlarından kənarda Hacıbaba müəllimin 8 kitabı və 100-dən artıq elmi məqaləsi çap olundu.
Lakin o yalnız elm və təhsillə kifayətlənmədi. Ötən əsrin 80-ci illərinin sonunda baş verən hadisələr Hacıbaba müəllimi də ictimai-siyasi proseslərə cəlb etdi.
Tarixdə öz yurdunun həm bu gününü, həm də gələcəyini düşünmək bir tale məsələsidir. Hacıbaba Əzimov məhz belə bir xoşbəxt taleyi öz həyatında yaşadı. Məhz onun böyük fədakarlığı, əzmkarlığı və ağır zəhməti hesabına qədim Lənkəran ilk dəfə olaraq universitet şəhərinə çevrildi. Lənkəranla onu bağlayan nə idi? Hacıbaba müəllim 1938-ci il avqust ayının 1-də məhz bu qədim şəhərdə doğulmuş, 1955-ci ildə orada orta məktəbi bitirmişdi. Böyük elmə və böyük həyata Azərbaycanın bu dilbər guşəsindən pərvazlanmışdı.
1990-cı ilin yayında Azərbaycanın xalq deputatları seçkiləri ərəfəsində Lənkəranın kənd seçki dairəsindən deputatlığa namizəd göstərilən Hacıbaba Əzimov əgər millət vəkili seçilərsə, Lənkəranda ali məktəblərdən birinin filialının açılmasına nail olacağını vəd etmişdi. Lakin həmin vaxt buna inananlar çox az idi. Həmin dövrdə respublikada sosial-iqtisadi vəziyyətin həddən artıq ağır olduğu bir şəraitdə hər hansı yeni təhsil qurumu yaradılması çox müşkül bir məsələ idi. Buna baxmayaraq 1990-cı ildə millət vəkili seçilən Hacıbaba Əzimovun təşəbbüsü, böyük əzmkarlığı və nüfuzu sayəsində o zaman mümkün olması təsəvvür edilməyən böyük bir hadisə baş verdi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı yaradıldı, 1992-ci il 23 iyul tarixli qərarı ilə isə həmin filial Lənkəran Dövlət Universitetinə çevrildi. Professor Hacıbaba Əzimov əvvəlcə BDU Lənkəran filialının direktoru, sonra da LDU-nun ilk rektoru təyin olundu. Qısa müddətdə Lənkəran Universitetində maraqlı elmi işlərin və səmərəli təhsilin bünövrəsi qoyuldu, onun səyi ilə qonşu dövlətlərin elm və təhsil mərkəzləri ilə əməkdaşlığın əsasları yaradıldı. Türkiyənin Ankara Universiteti, İranın Gilan (Rəşt) Milli Universiteti və Ərdəbil Universiteti ilə niyyət protokollarının bağlanması, Rusiyanın və Ukraynanın ali məktəbləri ilə təcrübə mübadiləsi LDU-nu ölkə hüdudlarından kənara çıxardı.
Müstəqillik ideyası daha çox tarixçilərə yaxındır və bir qayda olaraq Sovet İttifaqının ali məktəblərində tarix fakültələri bu baxımdan ən narahat yerlər hesab edilirdi. Hacıbaba Əzimov da bu “narahatçılığın” içində formalaşmışdı. Məhz buna görə də 1990-cı ilin sentyabr ayında Lənkərandan xalq deputatı seçilən Hacıbaba Əzimov tezliklə “Müstəqil Azərbaycan Deputat Blokunun” (“Demblok”un) təsisçilərindən, sözün tam mənasında xalqın əsl təmsilçilərindən biri oldu. 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı respublikada ümumxalq səsverməsi (referendum) keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs verən cəmi 43 nəfər millət vəkilindən biri də Hacıbaba Əzimov idi. O, gözlənilən hər cür təqib və repressiyalardan qorxmayaraq, belə bir mövqe tutmaqla bir daha sübut etdi ki, Azərbaycan xalqının azadlığı və dövlət müstəqilliyi onun üçün hər şeydən ali, hər şeydən əzizdir.
1991-ci il oktyabrın 17-18-də Azərbaycan xalqının həyatında böyük bir tarixi hadisə baş verdi. Həmin günlərdə Ali Sovetin iclaslarından televiziya ilə verilən canlı yayımları izləyən hər kəs dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı barəsində istiqlalçı deputat Hacıbaba Əzimovun məruzəsini, onun deputatların çoxsaylı sorğu-suallarına verdiyi aydın və inandırıcı cavabları heç zaman unutmayacaq. Xəyallarımızın əlçatmazlığında təsəvvür etdiyimiz istiqlalımız Hacıbaba müəllimin məharətlə hazırladığı məruzə, verdiyi izahat və cavablardan sonra tarixi həqiqətə çevrildi: oktyabrın 18-də Ali Sovet yekdilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Millət vəkili, professor Hacıbaba Əzimovun Vətən və xalq qarşısında müstəsna tarixi xidməti onda idi ki, məhz o, bu tarixi sənədi hazırlayan deputat komissiyasının sədri, Konstitusiya Aktının əsas müəllifi idi. Bundan dərhal sonra, 1991-ci il 30 oktyabr tarixli konstitusiya qanununa əsasən Ali Sovet öz tərkibindən ölkəmizdə daimi fəaliyyət göstərən ilk parlament – Milli Şura (Məclis) seçdi. Ali Sovetin 350 nəfər üzvündən Milli Şuraya seçilən cəmi 50 nəfər deputatdan biri də Hacıbaba Əzimov idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının milli istiqlaliyyət və müstəqil dövlət quruculuğu uğrunda mübarizəsinin gündən-günə genişləndiyi, demokratik qüvvələrin sıralarının möhkəmləndiyi bir zamanda xarici düşmən qüvvələr xalqın iradəsini qırmaq və vətənimizin ərazi bütövlüyünü pozmaq, ölkə daxilində milli və etnik zəmində təxribatlar törətmək cəhdlərini gücləndirirdilər. Bu cür cəhdlər əhalinin mühüm bir qismini talışların təşkil etdiyi Lənkəran, Astara, Lerik və Masallı rayonlarında da özünü göstərirdi. Artıq 1991-ci ilin sentyabrından ayrı-ayrı pozucu ünsürlər Lənkəran bölgəsində də separatçılıq fəaliyyətinə başlamışdılar. Düşmənin məkrli niyyətlərini başa düşən və təxirə salmadan onun qarşısını almağın zəruriliyini önə çəkən Hacıbaba Əzimov bu məqsədlə siyasi partiya yaradılması təklifini irəli sürdü və qarşıda duran vəzifəni aydın ehtiva edən müvafiq ad da seçdi: Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP). 1992-ci ildə onun rəhbərliyi ilə bu partiya yarandı və “amalımız vahid Azərbaycan, nicatımız milli birlikdir” şüarı partiyanın “Nicat yolu” qəzetinin epiqrafına çevrildi. 1993-cü ilin iyun-avqust aylarında bir sıra xarici qüvvələrin fitvası ilə narahatlıq yarananda və qondarma “Talış-Muğan Respublikası” ətrafında spekulyasiyalar başlananda Hacıbaba Əzimov və onun rəhbərlik etdiyi partiya əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdi. Həmin mövqeyi Hacıbaba müəllim 1994-cü ilin mayında təslimçi “Bişkek protokolu” imzalananda da ortaya qoydu.
Professor Hacıbaba Əzimov LDU-nun rektoru və Milli Məclisin deputatı olduğu illərdə əsl ziyalı və millət vəkili kimi xalqın taleyüklü problemlərinə, yaşayış şəraitinə, maddi rifahına diqqətlə yanaşır, o zaman böyük çətinliklərlə üzləşən əhalinin ərzağa, digər istehlak mallarına ehtiyacının ödənilməsi, Lənkəranın və bütün bölgənin elektrik enerjisi və qazla təchizatı, insanların həyatı üçün zəruri olan digər məsələlərlə yaxından maraqlanır, yeri gəldikcə əhalinin ehtiyacları barəsində dövlət orqanları qarşısında məsələlər qaldırır, nazirlərdən, komitə sədrlərindən, hökumətdən hesabatlar tələb edirdi.
Lakin Hacıbaba müəllim ölkəmizin və xalqın mənafeyindən çıxış etdiyinə görə 1995-ci ildə Milli Məclisə seçkilərə buraxılmadı, 1997-ci ildə isə qurucusu olduğu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırıldı və işsiz qoyuldu. Bunlara baxmayaraq o, siyasi səhnədən getmədi, əksinə, rəhbərlik etdiyi partiya ilə birlikdə xalqın maraqlarının ifadəçisi missiyasını daha qətiyyətlə davam etdirdi. O, 1998-2000-ci illərdə meydana çıxmış Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkatın, Demokratiya Uğrunda Hərəkatın, Konstitusion Seçki Blokunun Sədrlər Şurasının üzvü, Milli Müqavimət Hərəkatı İdarə Heyətinin üzvü kimi respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Hacıbaba müəllim 2002-ci il yanvarın 10-da yaradılan və 28 siyasi partiyanı özündə birləşdirən Birləşmiş Müxalifət Hərəkatının koordinatoru və təşkilat komissiyasının sədri olaraq onun təşkilatçılarından və əsas rəhbərlərindən biri idi. 2003-cü ilin oktyabrında prezident seçkilərindən sonra ölkədə ağır və gərgin ictimai-siyasi vəziyyət yarandığı, bir çox siyasi partiyaların fəaliyyətinin ölgünləşdiyi bir şəraitdə məhz Hacıbaba müəllimin təşəbbüsü ilə Azərbaycan Naminə Hərəkat (ANH) meydana çıxdı. Həmin vaxtdan o, ANH-in İdarə Heyətinin sədri vəzifəsini icra etdi.
Professor Hacıbaba Əzimov həm müxtəlif hərəkatların təsisçilərindən biri, həm də VAMBP-nin sədri olaraq daim ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi, azad və ədalətli cəmiyyətin bərqərar edilməsi, milli birliyin qorunması və xalqın iradəsi ilə legitim hakimiyyətin formalaşması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli ilə bağlı demokratik qüvvələrin apardığı mübarizədə fəal iştirak etmiş və etməkdədir.
Bu gün Hacıbaba müəllim yenə siyasi proseslərin önündə gedir. O, İstiqlalçı Deputatlar Məclisinin və 2013-cü ilin iyun ayında təsis edilmiş Demokratik Qüvvələrin Milli Şurasının ən fəal üzvlərindən biridir, bütün məsələlərdə öz vətəndaş mövqeyi ilə seçilən, xalqımızın taleyüklü məsələlərinə münasibətdə əsil ziyalılıq nümayiş etdirən bir alimdir. Sözün tam mənasında Hacıbaba Əzimov şərəfli bir ömür yaşayır. Bu, bir alim ömrüdür, bir ziyalı ömrüdür və bunların hər ikisindən daha çox bir vətəndaş ömrüdür.
Təxminən yüz il bundan əvvəl deyirdilər ki, bizdə kişi çoxdur, amma vətəndaş yoxdur. Bu gün biz sözün tam mənasında deyə bilərik ki, professor Hacıbaba Əzimov qeyd edilən dəyərlərin hər ikisini ləyaqətlə yerinə yetirir. O, ölkəmizdə elmin, təhsilin inkişafı, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsi, müstəqil dövlət quruculuğunun inkişafı, demokratiyanın və vətəndaş cəmiyyətinin bərqərar olması, milli birliyin qorunması sahəsində müstəsna xidmətləri ilə Azərbaycan tarixində silinməz izlər buraxmışdır. 75 yaş özü bir tarixdir, bu tarixi yaradan da, yazan da professor Hacıbaba Əzimov özüdür.
Cəmil HƏSƏNLİ
Tarix elmləri doktoru, professor