Əli Kərimlinin qaynı mənimsəmədə ittiham olunur, amma hansı mənimsəmədən söhbət getdiyi məlum deyil
Bank verdiyi kredit məbləğini geri almaqla yanaşı, 22 min də faiz götürübsə, bu necə mənimsəmə oldu?
“Texnikabank” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 23 nəfərin barəsində gedən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslər üçün kifayət qədər ağır cəzalar tələb edib. Vəkillərin də əksəriyyəti müdafiə nitqilə çıxış edib. Məhkəmə prosesi iyulun 31-də davam etdiriləcək.
Məhkəmə qarşısına çıxarılanlardan biri də “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovdur. Eyni zamanda, AXCP sədri Əli Kərimlinin qaynı olan Elnur Seyidova prokuror 11 il həbs cəzası istəyib. Onun hüquqlarını müdafiə edən vəkillər isə çıxışlarında ortaya qoyduqları sübutlarla ittihamları darmadağın ediblər. Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyevin çıxışının kifayət qədər maraqlı olduğunu nəzərə alaraq, onu təqdim edirik:
Müalicə üçün 6 dəfə müraciət olunsa da, xeyri olmayıb
– Elnur Seyidov həm istintaq, həm də məhkəmə zamanı ifadələrində ittihamları rədd edib, özünün tam təqsirsiz olduğunu bildirib. Elnur Seyidovun əməlində cinayət tərkibi olmadığından müdafiə tərəfi onun barəsindəki cinayət işinə xitam verilməsi üçün istintaq dövründə 8 dəfə vəsatət qaldırıb. Həmçinin səhhətindəki ağır problemləri əsas gətirərək, barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün 16 dəfə məhkəməyə müraciət olunub. Heç olmasa, müalicə müəssisəsinə köçürülməsi üçün 6 dəfə istintaq qarşısında məsələ qaldırılıb. Lakin təəssüf ki, bu vəsatətlər əsassız şəkildə rədd edilib. Halbuki, o vəsatətlərin hər biri kifayət qədər ciddi şəkildə əsaslandırılmışdı.
Əvəzində Elnur Seyidovun barəsində cinayət işi absurd ittihamlarla məhkəməyə göndərildi. Bu ittihamları ona görə absurd adlandırırıq ki, vaxtından əvvəl ödənilmiş, heç kimin ziyan çəkmədiyi, əksinə, bankın gəlir götürdüyü kredit istintaq tərəfindən mənimsəmə kimi tövsif edilib. Bu, hüquqi baxımdan yolverilməzdir və istintaqın özbaşınalığıdır. Məhkəmə prosesi zamanı da bu qanunsuzluq bir daha sübut olundu. Buna baxmayaraq, prokurorun ittihamı müdafiə etməsi və Elnur Seyidova 11 il həbs cəzası istəməsi heyrətləndirici haldır. Bu ittiham istər yerli qanunlara, istərsə də Avropa Konvensiyasına zidd və hörmətsizlikdir.
Prokuror absurd ittihamları necə müdafiə edir?
Keçək işin faktiki hallarına. 2010-cu ilin martında “Texnikabank”ın Yasamal filialında Namiq Xəlilov adlı şəxsə üç illik 148 min manat kredit verilib. Həmin kredit vaxtından əvvəl ödənilib. Özü də kredit borcunun 119 mini Elnur Seyidov həbs olunana qədər ödənilib. Kredit tam şəkildə isə bu il fevralın 1-də, yəni, vaxtından 40 gün əvvəl tam ödənilib. Ümumilikdə banka 148 min əsas borcla yanaşı, 22 min də faiz ödənilibsə, yəni, “Texnikabank” bundan zərər çəkməyib, əksinə, xeyir götürübsə, bu necə mənimsəmə oldu? Özü də “Texnikabank” məhkəməyə məktubla müraciət edərək, həmin kredit müqaviləsi üzrə əsas və faiz borcunun tam ödənildiyini, bununla əlaqədar kimsəyə qarşı heç bir iddia və tələblərinin olmadığını bildirib. Bütün bunlara baxmayaraq, ittiham tərəfi istintaqın bu absurd mövqeyini müdafiə etməkdə davam edir. Deyən yoxdur ki, hansı vəsait mənimsənilib?
Məsələ bununla bitmir. Yenə də həmin kredit müqaviləsi üzrə Elnur Seyidova ağır nəticələrə səbəb olmaqla vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı, bilə-bilə saxta sənədlərdən istifadə ittihamları sürülüb. Bu ittihamlar üzrə də prokuror cəza istədi. Bank bu kredit müqaviləsindən 22 min gəlir əldə edibsə, bunun nəyi bank üçün ağır nəticədir? Hansı əsaslarla, hansı sübut-cəlillərlə həmin kredit müqaviləsi saxta hesab olunur? Nəyin əsasında Elnur Seyidova saxta sənədlərdən istifadə etməklə bağlı ittiham irəli sürülüb? Ortada heç bir sübut-dəlil olmadan, ekspert rəyi alınmadan həmin kredit müqaviləsi necə saxta elan oluna bilər? Ümumiyyətlə, necə olur ki, heç bir hüquqi əsası olmayan mənimsəmə ittihamı digər ittihamların əsasına çevrilir?
Məsələ yenə də bununla bitmir. Cəzanı ağırlaşdırmaq üçün istintaq həmin epizod üzrə şəxslərin dairəsini daha da genişləndirdi. Həmin kredit müqaviləsi epizodu üzrə krediti alıb qaytarmış Namiq Xəlilovun özünə, kredit şöbəsinin müdiri Rafət Əhmədova, bankın Yasamal filialının müdiri Azər Cəfərliyə və bankın Müşahidə Şurasının sədri Etibar Əliyevə qarşı da mənimsəmədə iştirakçılıqla bağlı ittihamlar verildi. Etibar Əliyev və Azər Cəfərliyə münasibətdə icraat ayrılıb, amma adlarını çəkdiyim digər şəxslərdən Namiq Xəlilova 9 il 6 ay, Rafət Əhmədova 10 il azadlıqdan məhrumetmə cəzası istənildi. Beləliklə, vaxtından əvvəl ödənilmiş və bankın 22 min manat gəlir götürdüyü kredit əməliyyatı mənimsəmə kimi qələmə verilir və buna görə Elnur Seyidov da daxil olmaqla, üç nəfərə 30 il 6 ay həbs cəzası istənilir. Əgər Etibar Əliyev və Azər Cəfərlinin işi ayrılmasaydı, yəqin ki, bu epizod üzrə prokurorun tələb elədiyi cəza müddəti 50 ili keçərdi.
Mənimsəmə cinayətinin tövsifi üzrə araşdırmalarımız göstərdi ki, buna bənzər hal olmayıb. Yəni, vaxtından əvvəl ödənilmiş, bankın xeyir götürdüyü kreditin mənimsəmə kimi tövsif olunması absurddur. Bu, eyni zamanda çox təhlükəli presedentdir.
Üstəlik, kredit müqaviləsi borc müqaviləsidir və mülki hüquq münasibətlərinə aid məsələdir.
Bəraət tələbi
Elnur Seyidova qarşı Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri üzrə irəli sürülən ittihamlar da tamamilə əsassızdır. Qısaca onu deyim ki, bu ittihamlar ictimai-xüsusidir. Bu o deməkdir ki, həmin cinayət işi zərərçəkmiş şəxsin müraciəti əsasında başlanmalıdır. Ibtidai istintaqdan da, elə məhkəmə prosesindəki araşdırmalardan da göründü ki, bu iş üzrə şikayət edən olmayıb. Istintaqın çoxlu sayda vətəndaşların arasından “tapdığı” üç nəfər də məhkəmədə Elnur Seyidovu görmədiklərini, onu tanımadıqlarını, notariat əməliyyatlarında aldadılmadıqlarını, iş üzrə şikayətçi olmadıqlarını bildirdi.
Eyni zamanda, ittiham tərəfi Elnur Seyidovun təqsirliliyini təsdiqləyən heç bir sübut ortaya qoya bilmədi. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ilə qiymətləndirilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olub-olmadığını sübutetmə vəzifəsi ittiham tərəfin üzərinə düşür. Elnur Seyidova qarşı ittihamlar isə söz yığınağından başqa bir şey deyil. Bu ittihamların faktiki hüquqi əsası yoxdur. Lakin faciə ondadır ki, belə absurd ittihamlarla Elnur Seyidov artıq 16 aydır ki, həbsdədir və ittiham tərəfi onun üçün 11 il azadlıqdan məhrumetmə cəzası istəyir. Halbuki, Elnur Seyidova qarşı ittihamlarda cinayət hadisəsi və cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Prokurorun Elnur Seyidova və digərlərinə son dərəcə ağır cəza istəməsi də məsələyə münasibətdə qeyri-obyektivliyin, ədalətsizliyin göstəricisidir. Təsəvvür edin, 23 nəfər təqsirləndirilən şəxsin hərəsinə 9, 10, 11 il azadlıqdan məhrumetmə cəzasının təyin olunması ümumilikdə, təxminən 230 il eləyir.
Ittihamın iqtisadi xarakterli olduğunu, eyni zamanda, əsassızlığı barədə müdafiəçilərin mövqe və rəyilərini, eləcə də maddi ziyanların ödənildiyini nəzərə alsaq, cəzaların müəyyən edilməsi məsələsində də prokurorun mövqeyi cinayət qanunvericiliyinin müddəa və prinsiplərinə ziddir.
Nəzərə almaq lazımdır ki, dünya ölkələrinin praktikasında məhkəmə-hüquq sahəsində iqtisadi xarakterli cinayətlər üzrə maddi ziyan ödənildikdən sonra təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi praktikası təşəkkül tapıb və inkişaf edir. Bizim cinayət qanunvericiliyində də belə yanaşmalar üçün hüquqi əsas və imkanlar var. Hazırkı işdə də həmin hüquqi əsaslardan istifadə olunması sosial ədalət prinsiplərinə cavab verərdi.
Bu müqəddəs ayda səhv etməyin!
Elnur Seyidovun şəxsiyyətinin xarakteristikasına gəlincə, o, ailəlidir, üç azyaşlı övlad atasıdır, ixtisasca həm iqtisadçı, həm də hüquqşünasdır. O, “Texnikabank”ın Yasamal filialında həbs olunana qədər müdir müavini işlədiyi dövrdə filial maliyyə-iqtisadi fəaliyyətinə görə bankın ən qabaqcıl filiallarından biri olub. Bu nailiyyətdə Elnur Seyidovun peşəkarlığının və təşkilatçılığının da böyük rolu olub.
Bunlar anket xarakterli məlumatlardır. Müdafiəçilər hüquqlarını müdafiə etdikləri şəxslərin həbsdəki iztirablarını onlarla birlikdə yaşayır, onların daxili dünyalarını görür. Müdafiəçisi olduğumuz şəxslərin səmimi söhbətlərini dinləyirik. Bunların bir neçəsini məhkəmənin diqqətinə çatdırmaq istəyirəm. Hesab edirəm ki, barəsində hökm çıxaracağınız şəxs barəsində bunları bilmək ədalətli qərar qəbul etmək baxımından faydalı ola bilər.
Elnur Seyidov həbs olunan gün mənə səmimi bir etiraf etdi. Dedi ki, “işlədiyim dövrdə heç bir qanun pozuntusuna yol verməmişəm, həmişə məsuliyyətimi dərk edərək, işləmişəm. Məndə də səhvlər ola bilər, lakin cinayətə yol verməyim mümkünsüzdür”. Bir il dörd ay əvvəl mənə dediyi bu fikirlər tam formada öz təsdiqini tapdı.
Ikincisi, bu insan ailə üzvlərinə çox bağlıdır. Bunun özü də yüksək insani keyfiyyətdir.
Bundan başqa, mənə məlum oldu ki, o, işlədiyi müddətdə xeyli xeyriyyə işlərilə məşğul olub. Xüsusilə, xəstəlikdən əziyyət çəkən insanlara öz imkanı daxilində yardım göstərməyə çalışırmış. O, bu əməllərini heç vaxt dilə gətirməyib. Mən isə bunu ona görə qabardıram ki, bu gün də belə insanların Elnur Seyidova ehtiyacı var.
O, söhbətlərin birində mənə dedi ki, “xarici ölkələrin birində də işləyə bilərdim, bəlkə də böyük uğurlara imza atardım, lakin mən burada faydalı işlərlə məşğul olmaq istəyirəm. Mən vətənimi sevirəm”. Vətəni sevmək imandandır – Peyğəmbərimiz buyurub.
Belə nəcib keyfiyyətləri olan insanı heç bir günahı olmadan həbs etmək təkcə o şəxsin özü, yaxınları üçün deyil, eləcə də xalq, vətən üçün böyük itkidir.
Hörmətli məhkəmə! Biz sizdən ədalətli hökm çıxarmağınızı xahiş edirik. Ədalətli hökm həm də sizlərə lazımdım. Çünki bu hökm ədalət mühakiməsinə qoyduğunuz hörmət və ehtiramın ifadəsi olacaq.
Bu məhkəmə prosesi Novruz bayramı ərəfəsində başladı. Ramazan ayında da yekunlaşır. Bu müqəddəs ayda belə məsələlərdə səhv eləməyə haqqımız yoxdur. Səhv etməməyin yolunu isə müdriklər belə göstərib: “Insanlar, ədalətli olun, bunun üçün həmişə ürəyinizə baxın, çünki Tanrı ürəyinizdədir”.