Nurəddin İsmayılov
Dövlət hər bir insanın öz varlığını qorumağa və təhlükəsizliyini təmin etməyə borcludur. Bu anlayışla Qərb ilk olaraq demokratik idarəetmə institutlarına önəm verdi və insanlığın yalnız demokratik cəmiyyət daxilində öz üzərinə düşən missiyanı yerinə yetirə biləcəyi barədə fundamental ideyaların əsası qoyuldu.
Insan amili önə çəkildi, ideyalar, yaradıcı təşəbüslər dövlətin qüdrətlənməsinə vəsilə olduğu kimi, dövlət də vətəndaşların rifah içində yaşamasına qarantiya oldu. Vətəndaş dövlət bağlılığı konstitusiyaların ana müddəasını təşkil etdi və insan praktik həyatda qanunla müəyyənləşən hüquq və vəzifələrlə görəvləndi. Insan azadlıqları, mülkiyyətin qorunması hər bir dəyərdən üstün tutuldu.
Tiraniya, avtoritar təfəkkür arxivlərə göndərildi, suverenlik xalqa məxsus oldu. Insanların taleyi kralların, şahların şıltaq iradəsinə tabe edilən asılılıqdan xilas oldu və insan özü öz taleyini ona müəyyənləşdirmək imkanı verən demokratik quruluşa yiyələndi. Keçilən yol, əldə edilən təcrübə onu göstərdi ki, məhz demokratik quruluşlu dövlətlər başqa dövlət quruluşları ilə müqayisədə öz vətəndaşlarının varlığının qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə daha çox iddialıdır.
Bəs gəlin görək demokratik respublika adını daşıyan Azərbaycanda insanların varlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi nə dərəcədə reallaşa bilir. Azərbaycan insanının həyatı doğuluşdan təhlükə altına düşür. Işsizlik və ya az maaşlı bir ailədə doğulan uşağın sonrakı taleyi, əlbəttə, ona yaxşı heç nə vəd edə bilməz. Normal qidalanmadan məhrum edilmə onun taleyinə yazılmış ilkin acı qismətdir. O, sonradan dərk edəcək ki, onun vaxtından əvvəl süddən kəsilməsinin, böyüdükcə hər addımda qarşılaşdığı məşəqqətlərin baiskarı heç də onu candan əziz sevən valideyinləri deyil, korrupsiya və rüşvətxorluğun, kəskin qütbləşmənin, istismarçı sistemin, üzücü siyasətin baş müəllifi olan hakimiyyət mənsubları və onların daşıyıcısı olduğu mənfur siyasi rejimdir.
Onun uşaqlığını əlindən alan, gəncliyini hər cür arzu və istəklərdən məhrum edən, ahıllığını hörmətsiz edən, mənəviyyat pozğunluğunun simvolu olan korrupsioner rejim deyilsə, bəs nədir? Məhz bu korrupsioner rejimdir ki, bütün eybəcərliklərin, gətirdiyi fəsadların, törətdiyi cinayətlərin bədəlini Azərbaycan insanının əzabları hesabına ödətdirir. Qanunsuzluq, məmur özbaşınalığı sosial nizamı pozur, insanın insan olmaq kimi şərəfli missiyasını heyvani həddə endirir.
Zəngin bir ölkədə yaşayırkən aclıq əjdahasının qanlı caynaqlarında çarpışma həyatmı? Həyatın mənası onu olduğu kimi yaşamaqsa, insan kimi yaşamaqdan məhrum edilmə, arzulardan, şirin xəyallardan uzaq düşüb, bir tikə çörəyin əsirinə çevrilmə yaşayışmı? Insan özünü yaşadığı cəmiyyətdə reallaşdırmalıdır. Bəs o, cəmiyyət həyatında aktiv iştirakdan məhrum edilirsə, onun adi insani hüquqlardan tutmuş, siyasi hüquqlarına qədər hüquqları pozulursa, sivil xalqların vətəndaşlarına aid olunan azadlıqlarından uzaq salınırsa, harada və hansı toplumda öz arzu və istəklərini reallaşdırmalı və özünü bir insan kimi təsdiq etməlidir…
Azərbaycanda tarazlıq pozulub. Ruhla bədənin, vətəndaşla vətənin, dövlətlə xalqın, iqtidarla müxalifətin. Cana qəsd, mülkə qəsd, azad ruhların zorlanması, sığortasız həyat hər kəsin mövcudluğunu təhlükədə saxlayır. Nə Qurana yalançı əlbasmalar, nə də konstitusiya andları kimsəni təhlükədən sığortalamır.
Neçə ki, əclaflığın mahir daşıyıcıları, ikiüzlülər, fırıldaqçılar, qansoranlar, “milli” yırtıcılar, pozğunlaşmış korrupsionerlər, azğınlaşmış monopolistlər hakimiyyəti ortadadır və bu parazit zümrənin mövcudluğuna ictimai müqavimətsizlik davam edir, o qədər zaman məsafəsində də vətəndaşların varlığı hər gün təhlükə altında qalmaqda davam edəcək.
Dağıdıcılıq var, el malına əl qoymaq var, talançılıq, qarətçilik var və bu qeyri-insani hərəkətlərin yer aldığı məmləkətdə insaf, mürüvvət arxa plana keçir. Sosiallaşma insanlığı gözləyən təhlükələrdən qorunma vasitəsi kimi meydana gəlib. Azərbaycanda sosiallaşmanın qarşısını alırlar ki, insanlar daim təhlükə qarşısında qalsın, təklənsin və müqavimətsiz olsun. Mövcud rejim sosiallaşmanı deyil, toplumun bioloji halətdə qalmasını diktə edir. Bioloji halət təklənmədir və kollektiv müqavimətdən məhrumdur. Bu şərait diktatorlara kütlə üzərində əzici siyasət yeritməyə geniş imkan verdiyindən onların bütün səyləri sosial nizamın qarşısını almağa yönəlir.