Məhəmməd Talıblı
Əvəzin belə tezliklə bizi tərk edəcəyin heç təsəvvür etməzdim. Demək olardı ki, hər gün bir yerdə olardıq. Üç gün öncə “Neftçilər” xəstəxanada yatarkən telefonla danışanda xəstəxanadakı həkim personalının yaxşı kollektiv olmasından və ona yaxşı münasibətindən danışırdı. Xeyli rahatlamışdım. Çünki ondan əvvəlki xəstəxanadan şikayətçi idi. Yanına kimsəni buraxmırdılar. Sonrakı gün telefonuna zəng çatmaması mənə “yəqin ki, yatıb, narahat etməyim” qənaətini deyirdi. Sonradan zənglərin çatmaması içimdə narahatlıq yaratdı. Beynimə qara-qura fikirlər gəldi. Bu da son… Çox ağırdır dost itkisini dostunun ən çox sevdiyi və əllərində sevə-sevə gəzdirdiyi qəzetdən oxumaq. Biz Əvəzlə birgə digər yaxınların itkisini qəzetə başsağlığı kimi verdiyimiz halda, indi dostumun itkisinə həmin qəzetdə özüm nekroloq yazıram. Inanıram ki, Əvəz bunlardan xəbərdar olacaq. Biz bu dünyada daha görüşə bilməsək də, mütləq ruhlarımız görüşəcək. O, mənim yuxularıma da girəcək. Bu dünyada yarımçıq qalan söhbətləri orada davam etdirəcəyik. Çünki hər ikimiz axirətə inanan insanlar idik.
Bu nekroloqu yazarkən təkcə qanım durmayıb. Bu yay günündə hava da elə bil Əvəzə görə qaş-qabağını töküb. Külək də əsmir. Onun haqqında nə düşündüklərimi yadıma saldıqca udqunuram. Orucumu pozmaq həddindəyəm. Amma onu da bilirəm ki, Əvəz ona görə orucumu pozmağı heç bağışlamaz. Çünki onun özü də əhdi-peymanı və prinsiplərini pozmazdı. Məhz buna görə ali təhsilli neft mühəndisi olmağına baxmayaraq, zavodda adicə montyor işləyirdi. Əvvəllər gömrük orqanlarında işləyirdi. Oradan könüllü çıxmışdı. Mən də arada universitetdən uzaqlaşacağımı dəfələrlə ona deyəndə, o, “sən orada özünə yox, bizlərə – hamıya xidmət edirsən” deyirdi. Çox çətin ailə şərtləri var idi. Lakin buna baxmayaraq övladlarını və xüsusilə yaşlı anasını çox sevirdi.
Yevlaxda gömrük orqanlarından uzaqlaşandan sonra neçə illər idi ki, Bakıda kirayədə yaşayırdı. 2008-ci ildə bir işgüzar layihəmiz olmuşdu. Ən yaxın və etibarlı dostum kimi onun həmin işdə mənə köməyini xahiş etmişdim. Heç bir tərəddüdsüz razı olmuşdu. Ona görə yaşadığı evi daha yaxın yerlə dəyişdirdik. Həmin evə onları yerləşdirəndən sonra axşam mənə zəng etdi ki, qardaş, anam deyir, mən burada yaşaya bilmərəm. Mən də dedim ananı razı sal ki, sənin işin və qazancın naminə şəhərdən uzaqda yaşamağa razı olsun. Anasını razı sala bilmədiyi üçün səhərisi yaşayış yerlərini dəyişəsi olduq. Çox ağır ev əşyaların daşımaq əziyyətinə baxmayaraq, bir dəfə də olsun anasının bu “kaprizinə” gileylənmədi. Deyirdi ki, Məhəmməd, eybi yox, nə deyir edim, nə bilim neçə il ömrü var, təki məndən razı qalsın. Amma özü də bilmirdi ki, ziddiyyətlərlə dolu həyat təkcə bizləri yox, çox yaşlı anasını da təəcübləndirəcək. Bu sözləri deyəndə nə biləydi ki, ömrün vəfa etmədiyi Əvəzin elə özü olacaq.
Əvəzsiz olmağı heç belə bilmirdim. Əvəz mənim barmaqla sayılacaq ən yaxın dostlarımdan idi. Bizim dostluğumuz o qədər yaxşı alınırdı ki, sanki onu özümlə həmyaşıd bilirdim. Sonuncu dəfə mənim təkidimlə 28 Mayı Rəsulzadəni ziyarətdən sonra Sumqayıtda dəniz kənarında qeyd etməyə getmişdik. Son günlər həyatında daha dərin kök atmış məyusluq əlamətlərinin sirlərini öyrənmək istədim. Onları mənə danışdı. Ona büruzə verməsəm də, daxildə narahatlıqlarım yaranmışdı…
Onu özümün ən yaxşı kənar müşahidəçim və ağıllı tənqidçim sayırdım. Onun tənqidi hətta heç kimin tərifinə belə bərabər deyildi. Mən də eyni tonda ona iradlarımı deyəndə sevinərdi.
Əvəz bizim ailəmizin ən yaxın adamı sayılırdı. Mən həbs olunanda da bu “testdən” necə çıxdığını yaxınlarım sonradan mənə dedi. O, belə kiçik şeyləri və ona görə minnətdarlığı qəbahət bilərdi. O, mənim üçün hər şey edirdi. Mənim inkişafımda onun qədər səmimisi yox idi. Bakıdan kənarda olan ailə üzvlərimə Əvəzin ölüm xəbərini verməyim telefonun o başında hönkürtülü səslə cavablandırıldı. Bu, Əvəzə münasibət idi.
Sonuncu dəfə telefonla danışanda mən onun özünə diqqətinin artırılmasından danışırdım. O, mənə iki daşın arasında Rüstəmin qayıtması, Milli Şura, Əli bəylə bağlı mövzular haqqında fikirlərin deyirdi. Halbuki, o, bu sözləri deyəndə süni tənəffüs aparatına qoşulmuşdu. Uzun-uzadı danışmaq məsləhət deyildi. Elə bil bu zorən danışığı ilə ölkə qarşısında hesabat verirdi və mövqeyini uca səslə ifadə edirdi.
Əvəz mənim həyatımda öz izi olan INSAN oldu. Onu bütün xoş və çətin günlərdə xatırlayacağam.
Hər görüşümüzdə Əvəzin əlində istisnasız “Azadlıq” olardı. Oturub söhbətləşməyə başladığımız bütün mövzulara girişi də qəzetin manşeti verərdi. “Azadlıq”a basqılardan sonra xahişimlə bir neçə nəfəri qəzetə abunə yazdırmışdı. Qəzetin prinspial mövqeyinə olan mənəvi borcunu bu yolla qaytarırdı. Indi isə “Azadlıq” qəzeti Əvəzə borcunun əvəzini yalnız onun haqqında olan bu yazı ilə qaytarır.