«Rəsul Quliyev Müsavatı hədəfə götürüb»
«Hər seçkidə birliyi pozanlar, yenə eyni fəaliyyətdədirlər»
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə Müsavat Partiyası arasında gərginlik səngimək bilmir. Dünən Müsavat Partiyasından R.Quliyevin ünvanına növbəti ittiham səsləndirilib. Partiya başqanının müavini Gülağa Aslanlı R.Quliyevin Müsavatı hədəfə götürdüyünü və bunun səbəbinin onlar üçün anlaşılan olmadığını bildirib:
“Rəsul Quliyevin Milli Şurada təmsil olunduğu bir vaxtda nəyə görə hədəf olaraq Müsavat Partiyasını seçdiyi anlaşılan deyil. O, bu suala cavab vermir. Bizim hər bir cümləmizi təftiş edib, öz anlamında təqdim etməsi də düzgün deyil”.
Gülağa Aslanlı bildirib ki, Müsavat Partiyasının Isa Qəmbərin namizədliyini qüvvədə saxlaması, Milli Şuranın istənilən halda seçkilərdə iştirak etməsinə xidmət edir: “Ikinci namizəd, əlavə namizəd yenə də intellektuallardan bir olmalıdır. Burada partiyaların nümayəndələrindən söhbət getmir. Müsavat Partiyası olaraq biz Milli Şuranın seçkilərdə iştirakının tərəfdarıyıq” (APA).
ACP funksioneri Zəminə Dünyamalıyeva isə “Azadlıq”a açıqlamasında bildirib ki, kiməsə “daş atmaq” Rəsul Quliyevin əqidəsinə və səviyyəsinə yaraşmaz: “Rəsul Quliyevin belə şeylərlə məşğul olmağa heç vaxtı da yoxdur. Hər seçkidə birlik yaradıb onu pozmaq istəyənlər yenə eyni fəaliyyətlə məşğuldular. Mən Musavat funksionerlərinin bu münasibətini başa düşə bilmirəm. Onların mətbuatdakı açıqlamaları ilə razılaşmıram. Rəsul Quliyev həm Azərbaycanda, həm dünyada kifayət qədər nüfuzu olan siyasi liderdir. Müsavat Partiyası onun vahid namizəd məsələsində tutduğu mövqe ilə razılaşmalıdır. Əgər biz vahid namizəd seçmişiksə, onun ətrafında birləşməliyik. Sadəcə olaraq ikinci namizəd ideyasının ortaya atılması Rəsul Quliyevin məsələyə müdaxiləsini zəruri etdi”.
Xatırladaq ki, ACP lideri Rəsul Quliyev Müsavat başqanı Isa Qəmbərin prezidentliyə namizədliyinin qüvvədə saxlanmasının Mili Şurada dağıdıcı rol oynayacağını deyib.