Onların bəziləri «iş» alıb, bəziləri isə işsizdir
1992-ci il oktyabrın 16-da “91-lər” kimi məşhur olan 91 nəfər ziyalı eks-dövlət başçısı Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda fəal mübarizəyə səsləyəndə bəlkə də düşünmürdülər ki, bir müddət sonra özləri Əliyev iqtidarının hədəfinə gələcəklər. O zaman məhz bu şəxslərin hesabına Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradaraq qısa müddətdə hakimiyyəti ələ keçirdi.
Doğrudur, onun dövründə “91-lər”ə xüsusi münasibət var idi. Onlardan bir çoxuna mühüm postlar həvalə edilmişdi, bir çoxları deputatı mandatı qazanmışdı, hakim partiyada nüfuz sahibi idilər, YAP-ın “qızıl fondu” adlandırılırdılar. Heydər Əliyev də hakimiyyətinin ilk illərində etdiyi çıxışlarında yeri düşəndə “91-lər”in ünvanına xoş sözlər deyirdi. Bəs sonra? Bu suala cavab vermək üçün gəlin “91-lər”dən daha çox populyar olanların bəzilərinin aqibətinə nəzər salaq.
Bir akademik qətlə yetirildi, digərinin isə ailə üzvləri güllələndi
Onlardan bəziləri elə Heydər Əliyevin hakimiyyət dövründə acı tale ilə üzləşdilər. Bu sırada xüsusilə akademik Ziya Bünyadovun adını çəkmək olar. Akademik 1997-ci ildə müəmmalı şəkildə qətlə yetirildi. Bəzi məlumatlara görə, onun qətli yuxarılarla razılaşdırılmış, siyasi motiv daşıyan qətl idi. Amma bu cinayət ört-basdır edildi. Qətl başqa şəxslərin üzərinə qoyuldu.
Bir neçə il əvvəl MTN-nin xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyev və DIN-in sabiq əməliyyatçısı Salman Əliyev də mətbuata açıqlamalarında əslində Ziya Bünyadovun qətlin üstünün açılmadığını bildiriblər. Onlar da bu olayda hakimiyyətin rolunun olduğunu gizlətmirdilər.
91-lərdən olan başqa bir akademik Fərəməz Maqsudovun isə ailə üzvləri müəmmalı şəkildə qətlə yetirildi. Bu hadisə onun ölümündən sonra baş verib və indiyə qədər mərhum akademk həyat yoldaşı və qızının nədən öldürüldüyü bəlli deyil.
YAP-ın adını qoyan YAP-dan qovuldu
“91-lər”in ən ünlü isimlərindən olan, YAP-ın adını qoyan Sirus Təbrizli Heydər Əliyevin hakimiyyətinin ilk ilərində mətbuat və informasiya naziri postunda çalışırdı. Bir müddət sonra o bu nazirliyin ləğvi ilə işsiz qaldı. Amma yenə də hakim partiyada nüfuz sahibi idi. Amma Heydər Əliyevin ölümündən sonra Sirus Təbrizli partiyadan da sıxışdırılmağa başladı. Nəhayət, 2007-ci ildə YAP-dan çıxarıldı.
“91-lər”in başqa bir tanınmış üzvü də sabiq baş prokuror Əli Ömərovdur. Əli Ömərov Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna xidmətləri olan şəxslərdən biridir. Bunun əvəzi olaraq Heydər Əliyev onu baş prokuror təyin etmişdi. Lakin az keçməmiş eks-dövlət başçısı onu bu vəzifədən uzaqlaşdırdı. Sabiq baş prokuror indiyə qədər işsizdir. Hətta onun övladlarına belə iş verilmir.
Qürbətdə ölən “91″
Bakının sabiq icra başçısı, mərhum Rəfael Allahverdiyev acı tale ilə üzləşən “91-lər”dən biridir. O, Heydər Əliyevin dövründə uzun müddət Bakının icra başçısı olub. Lakin sonradan Heydər Əliyev onu bu postdan uzaqlaşdırıb. Ilham Əliyevin hakimiyyəti dövründə isə Rəfael Allahverdiyev üzləşdiyi təzyiqlərdən ölkəni tərk etmək məcburiyyətində qalıb. Isveçrədə siyasi sığınacaq alan sabiq mer elə oradaca dünyasını dəyişdi.
“91-lər”in tanınmış üzvlərindən biri sabiq səhiyyə naziri Əli Insanovdur. Əli Insanov Heydər Əliyevin hakimiyyəti dövründə səhiyyə naziri postunda çalışıb. Ilham Əliyev hakimiyyətə gələndən sonra Əli Insanovun qara günləri başlayıb. O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə təqsirli bilinərək həbs edilərək 11 il azadlıqdan məhrum olunub.
Əmlakı alınmış, işsiz “91-lər”
Ilham Əliyevin hakimiyyətə gəlməsi “91-lər”dən başqa biri üçün də mənfi sonluqla nəticələnib. Bu sabiq nazir Əli Nağıyevdir. Əli Nağıyev Heydər Əliyevin hakimiyyəti dövründə əmək və əhalinin sosial müdafiəsi naziri olub. Ilham Əliyevin hakimiyyətə gəldikdən o bu vəzifədən çıxarılaraq, Belorusiyaya səfir göndərilib. Polis rəisi olan qardaşı Nazim Nağıyev də vəzifəsini Ilham Əliyevin dövründə itirib. Belorusiyada səfir müddəti başa çatdıqdan sonra geri dönən Əli Nağıyevə nəinki iş verilib, heç YAP-a qəbul edilməyib.
“91-lər” başqa iki üzvü Xeyrəddin Qoca və Eldar Abbasov da “vurulanlar” siyahısındadır. Xeyrəddin Qoca Istanbulda konsul olub. Amma hazırda işsizdir. Eldar Abbasovun Arteroloji Mərkəzin rəhbəri idi. Ramiz Mehdiyev həmin mərkəzi onun əlindən alıb. Bu şəxslər YAP-dan da sıxışdırılıb. Başqa bir “91″ – sabiq deputat, Şahlar Əsgərov da Ilham Əliyev hakimiyyətə gələndən sonra müəllimlik etməklə kifayətlənməyə məcbur olub.
Göründüyü kimi YAP-ı quranlar üçün sonluq heç də yaxşı olmayıb. Bəlkə də indi onlara (sağ qalanlara) bu sual rahatlıq vermir: Dəyərdimi?
Seyid