Cansız efirdə canlı məhkəmə
Ictimai telekanalda “Xalqsız”, “prezidentsiz”, yaxın günlərdə “şöhrətsiz, istiqlalsız” qalacaq yazıçı Əkrəm Əylislinin “Daş yuxular”ı üçün qurulmuş məclis əsərin müzakirəsi deyil, sadəcə Əylislinin Bakıdan Əylisəcən el gözündə aşağılanmasıydı. Öncə bunu yazım. Gerçəklərin ortaya çıxmasına xidmət edən müzakirənin əsas iki forması var: biri ədəbi müzakirədi ki, sözün, söz yiyəsinin dəyərini bilən tərəfsizlər arasında aparılır. Siyasilərin iştirakıyla yox.
Şair deputat, nasir kabinet işçisi, partiya sədrinin yazar müavini, hakimiyyət aktyoru olmur orda. Ordakılar tez-tez “məni bura heç kim göndərməyib, özüm gəlmişəm” deməyi ağıllarından belə keçirmirlər. Ikincisi, ictimai müzakirələrdir ki, ora fəhlədən evdar qadınacan, tələbədən alimədək müxtəlif düşüncə tərzi olan adamlar qatıla bilər. Və bu insanların arasında uzağı bir deputat ola bilər. Üstəlik, Ictimai televiziyada belə müzakirələr mütləq canlı aprılmalıdır. Əkrəm Əylislinin səhvi qabaqcadan lentə alınan verilişdə, müdafiəsiz iştirakıydı. Ondan da böyük səhvi Ictimai televiziyanın nəyə xidmət etdiyini bilə-bilə dəvətlərini qəbul etməkdi. Lap böyük səhvi isə “Daş yuxular”dı.
Üç gün qabaq Ictimaidə istənilən müzakirəni sərfəli formatda qurmaq, yönləndirmək, montaj zamanı kəsib-doğramaq təcrübəsi olan, amma canlı efiri nizamlamağa imkanları yetməyən “spiker” Anar Yusifoğlunun düzənlədiyi məclis Əkrəm Əylislinin hüquqlarının pozuntusuydu. Yazıçının dediyi kimi mənəvi terrordur. Əylislinin “yaradıcı xətası”nın qanuni həlli yolları var. Elə bilirəm bu sürətlə getsələr yaxınlarda hökumət ona da əl atacaq. Xocalıların adıyla jurnalist Eynulla Fətullayev 148-ci maddə ilə cəzalandırılmadımı? Ağıllandı çıxdı türmədən. Əylislini də “yerazlar”ın əliylə ən azı cərimələmək olar. Səhvini etiraf etsin deyə. Bir də ki, Əylislinin bütün mükafatları prezident seçkilərinə qurban verilmədimi, ailə işsiz qalmadımı, adamın bir canı qalıb, onu da Ictimaimi almaq istəyir? Bütün hallarda tərəfsiz olmalı olan ITV-nin mövqeyi həmişəkilərdən fərqlənmədi. Doqquz milyondan çox əhalisi olan ölkədə 100-200 adamın oxuduğu (bəlkə heç Ilham Əliyevin də oxumadığı) əsər Milli Məclisdə dartışıldı deyə onu deputatlar Musa Quliyev, Zahid Oruc, Fərəc Quliyev, Nazirlər Kabinetindən Akif Əli, BAXCP-dən Elçin Mirzəbəyli, keçmiş VHP-çi Nurəddin Mehdixanlıyla müzakirəsi doğru sonuclara xidmət etmir. Ortada xalq yoxdur, xalqın bu əsərdən xəbəri yoxdur, amma hamı xalqın adından danışır. Bu veriliş sadəcə məhkəməydi. Əylislinin hətta hökumət tərəfindən verilmiş vəkili belə yoxuydu. Anar Yusifoğlu missiyasını bitirəndən sonra saytlara Əylislini müdafiə edə biləcək dörd nəfərlə əlaqə saxladıqlarını, onların bundan imtina etdiklərini deyir. Bəlkə də düz deyir. Haqlı demir. Hökumətdən altı nəfəri dəvət edirlər, hamısı gəlirsə Əylislinin “cəbhəsi”ndən daha altı nəfərə də müraciət etmək olardı. Heç olmasa tərəfsiz görünmək üçün. Burda kimlərə müraciət etməyin özü də şərtdir. Bilə-bilə ki, Səfər Alışarlı, Seyran Səxavət hakimiyyətin xoşuna gəlməyən söz deməz, niyə çağırılırlar, ortada müstəqil yazarlar, tutarlı arqumentli Elnur Astanbəyli, Günel Mövlud ola-ola.
Adamlar “beynəlxalq nüfuzları, diplomatoyaları, iqtisadi inkişafları, güclü orduları”, peykləri ola-ola Qarabağı qaytara bilmirlər, Buna Əkrəm Əylisli neyləsin. Yazıb, yalan yazıb, kaş yazdıqları doğru olaydı. Kaş azərbaycanlılar əzazil, qəddar olaydılar, amma biz Şuşaya gedə biləydik. Kaş “yerazlar” Bakıda məskunlaşmayaydılar, Xankəndində erməniləri eyvandan atmış olaydılar, Qarabağ bizim olardı. Əsrin o tayında “Tı vor, tı rab, tı armyanin” deyə xarakterizə eləmişdilər erməniləri. Dünya bilir, tarix bilir, ermənilərin vecinə deyil. Xocalıya təyyarəylə gedirlər. Qarabağı qaytarası da deyillər. Amma biz burda ermənilərin üstündə bir-birimizi çərlədib öldürürük. Kaş Əylisli kimilər neçə belə əsər yazmış olaydılar, amma Ermənistandakı Azərbaycan torpaqları bizim əlimizdə qalaydı.
Verilişdə Musa Quliyev: “Bir milyon qaçqının yerinə-yurduna qayıtmaq ərəfəsində bunu niyə yazdınız, Əkrəm müəllim”- deyə sorur! Əkrəm Əylisli “Zahid kişi!” deyə müraciət edir. Nurəddin Mehdixanlı “Heç bilirsiz mən Xocalıda nələr görmüşəm” – deyə özünütərif monoloqu söyləyir. Anar Yusifoğlu Əylislinin “Bir az da mənə rəhm eləyin, nolar” deməyini hansısa kontekstdən çıxarıb ümumi planın arxasında gizlədir. Allahım, bunlar necə müsəlmandı belə.
Sənubər