Onlar məsul rəhbərləri əsl gerçəkləri araşdırmaq üçün rayona dəvət edir
Ismayıllı rayonu hələ də polis nəzarətindədir. Bu barədə “Azadlıq”a məlumatı rayon sakinləri verib. Onların sözlərinə görə, Daxili Qoşunların və Çevik Polis Alayının əməkdaşları Ismayıllıda gəzir, sakinlərlə söhbət edir. Xəbəri verən ismayıllılar deyirlər ki, rayonda olan 150-200 nəfərlik polis qüvvələri “Qala” adlı restoranda qalır.
Rayon sakinləri “Azadlıq”a məktub göndərərək qanunların aliliyindən, antikorrupsiyadan danışan dövlət qurumlarının əməkdaşlarını rayona dəvət edirlər. Onlar yazıb bildirirlər ki, telekanalların yaydığı süjetlər həqiqətdən uzaqdır: “Guya rayon sakinləri icra başçısı Nizami Ələkbərovdan razıdır. Bu, tamamilə ağ yalandır. Rayonu məmurlar başdan-ayağa mənimsəyib. Ismayıllının gözəgəlimli bütün yerlərini oliqarxlar zəbt edib. Hansı yerə gedib soruşursan ki, bu ərazi kimindir, deyirlər başçının, nazirin, qardaşı oğlunun, kirvəsinin, polis rəisinin, keçmiş MTN rəisinin. Basqal kəndində nazirlərin, komitə sədrlərinin, Prezident Administrasiyasında şöbə müdürlərinin və bir sıra şəxslərin villaları var. Kənddə onlarla hektar meşə ərazisini tikanlı məftillə hasarllayıb qapalı zona yaradıblar. Buynuz da, Ivanovka da bu kimi onlarla kənd də belə işğal olunub. Ismayıllıda bircə dənə də olsun iş yeri yoxdur. Insanlar çörək pulu üçün ya Bakıya, ya da Rusiyaya gedir. Rayonun bütün idarələrində başçılar gəlmələrdir. Məgər Ismayıllıda kadr yoxdur? Nəyə görə yerli kadrlara önəm verilmir? Rayon ziyalılarına yalan danışmağı, mükafat müqabilində üzə durmağı təklif edirlər. Üzr istəmək alicənablıqdır, bunu rayon əhli gözlədiyi halda sizlər yenə insanları repressiyaya məruz qoyur, onları polisdə incidir, dostu, qohumu bir-birinin üzünə durmağa sövq edirsiniz. Ölkə başçısı, baş prokuror və dövlətin başqa sorumluları Ismayıllıdakı digər görünməyən tərəfləri görüb əsl həqiqətin nədən ibarət olmasını bilmək istəyirlərsə, onda bütün sahələr üzrə rayonda korrupsiya ilə bağlı yoxlamalar aparsınlar. Biz bütün neqativləri yuxarı dairələrə göstərməkdə yardımçı ola bilərik”.