Füzuli Ələkbərov bahalı layihələrinə oğlunu da payçı edib
Müzəffər Baxışov: «Belə əməllər korrupsiya cinayətləri sayılır və hökmən bu şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır»
Ismayıllı hadisələrindən sonra bu rayonun icra hakimiyyəti başçısının qardaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və onun rayonda üsyanın başlamasına səbəb olan oğlu Vüqar Ələkbərovun biznesi ilə bağlı yeni və maraqlı faktlar ortaya çıxıb. “Azpolitika.info” saytının yazdığına görə, nazir oğlu təkcə hotel və turizm biznesi ilə məşğul olmayıb. O, həm də atasının elan etdiyi dövlət sifarişləri üzrə tenderlərin əsas qaliblərindən biridir. Xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial təyinatlı tikinti layihələri üzrə.
Onu da qeyd ki, Ismayıllı Rayon Icra Hakimiyyəti başçısı Nizami Ələkbərov əvvəlcə yandırılan “Çıraq” hotelinin onun qardaşı oğluna məxsus olduğunu inkar etmişdi. Lakin çox keçmədən hazırda Ismayıllı hadisələrini “qızışdırmaqda” ittiham olunaraq həbs edilən ReAL hərəkatının sədri Ilqar Məmmədov tərəfindən hotelin V.Ələkbərovun təsisçisi olduğu “VAFI Region” MMC-yə məxsusluğunu təsdiqləyən rəsmi sənədlər yayılıb. Habelə məlum olub ki, hotel yenə də Ələkbərovlar ailəsinə məxsus “VAFI Turizm” MMC-yə icarəyə verilib. Ardınca V.Ələkbərovun da rəhbərliyində yer aldığı Cüdo Federasiyası “Çıraq” hotelinin nazir oğlunun “şəxsi mülkiyyəti” olduğunu təsdiqləyib.
F.Ələkbərovun oğlunun biznesi barədə “Azpoltika.info” yazır: “Maraqlıdır ki, Ismayıllı üsyanına qədər mətbuat və cəmiyyət F.Ələkbərovun oğlunun varlığı və onun biznes fəaliyyəti haqda məlumatsız idi. Amma V.Ələkbərov nəinki bizneslə məşğul olur, hətta onun ”VAFI Region” MMC-si dövlət sifarişlərində əməlli-başlı pay sahibidir. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tenderlərdə “VAFI Region” MMC-nin, yəni nazirin oğlunun şirkətinin iştirakından və milyonluq layihələri “udmasından” gedir. ƏƏSMN-dəki etibarlı mənbələrdən “Yeni Müsavat” qəzetinə verilən məlumata görə, nazirliyin tikinti sahəsində elan etdiyi bir sıra iri layihələri məhz “VAFI Region” MMC alıb. Xüsusən də Qarabağ müharibəsi əlilləri üçün yaşayış binalarının tikilməsi üçün elan olunan tenderlərin qalibi nazir oğlunun şirkəti olub. Məlumata görə, ƏƏSMN 9 mərtəbəli, 96 mənzilli binanın tikintisi üçün “VAFI Region” MMC-yə 12 milyon manat ödəmə həyata keçirib! Bu o deməkdir ki, bir mənzil orta hesabla 125 min manata başa gəlib. Şişirtmə 4 dəfədən də artıqdır!”.
“VAFI Region” MMC-nin ƏƏSMN-in keçirdiyi tenderlərdə iştirakı məsələsi ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Ilham Məmmədov “bu haqda heç bir məlumata malik deyiləm”,- deməklə kifayətlənib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytındakı məlumatları sırasında 2011-ci il üçün elan edilmiş sifarişlərin qalibləri arasında həqiqətən “VAFI Region” MMC-nin adına rast gəlmək olur, ancaq bu sifarişlərin detalları haqda məlumatları açmaq mümkün olmayıb.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər ƏƏSMN-in elan etdiyi tenderlərdə F.Ələkbərovun oğlunun şirkəti “VAFI Region” qalib elan olunubsa, o zaman bu, korrupsiya cinayətləridir. Tenderlərin Dövlət Satınalmalar Haqqında Qanuna əsasən həyata keçirildiyini deyən M.Baxışov vurğuladı ki, V.Ələkbərovu qalib elan edən Satınalmalar üzrə Dövlət Agentliyinin komissiyasının üzvləri istintaqa cəlb olunmalıdır: “Onlar ifadə versələr ki, komissiyanın üzvləri tenderdə Vüqar Ələkbərovun məhz qalib elan olunmalı olduğunu Füzuli Ələkbərovun göstərişi ilə ediblərsə və ya özləri Füzuli Ələkbərovun nazir olmasını nəzərə alaraq belə qərar çıxarıblarsa, onlar məsuliyyətə cəlb olunmalıdırlar. Birinci növbədə onlar Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əgər rüşvət elementləri varsa, o zaman Cinayət Məcəlləsinin 311-ci, vəzifədən sui-istifadə əlamətləri varsa 108-ci maddəsi onlara qarşı tətbiq olunmalıdır. Azərbaycanın Korrupsiya Haqqında tərəfdaş çıxdığı BMT və Avropa Şurasının konvensiyasına və Korrupsiyaya Qarşı Mübarizə Haqqında qanunun tələblərinə görə, belə əməllər korrupsiya cinayətləri hesab olunur. Və hökmən bu şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Hikmət