Oğlu həbs olunan şəhid anasının özü də təhqir olundu;
«Azadlıq»ın müxbirindən qisas almaq göstərişi icra başçısından gəlib
Fevralın 6-da Ismayıllı hadisələrinə görə daha dörd nəfər saxlanılaraq, rayon prokurorluğun gətirilib, daha 2 nəfərin gəlməsi üçün isə polis onların ailəsini (özləri evdə olmayıb) xəbərdar edib. “Azadlıq”ın bölgə müxbiri Elçin Ismayıllının bu haqda verdiyi məlumata görə, saxlanılanların dördü də Ismayıllının Hacıhəsənli kənd sakinləridir – Şahin Əliyev, Mahir Əliyev, Rza Əhmədov və Qürbət Xəlilov.
Rayonda olmadıqlarında prokurorluğa gəlmələri barədə ailələri xəbərdar edilənlər isə Ilham Ramazanov və Rüfət Qəribov olub. Adıçəkilən iki nəfərdən biri – Ilham Ramazanov da axşamüstü polis şöbəsinə gedib və saxlanılıb. Ilham Ramazanovun yaşlı anası Səyyarə Ramazanova oğlunun taleyilə maraqlanmaq üçün dünən Ismayıllı Rayon Polis Şöbəsinə gəlib, amma orada polis rəisi Nizami Qocayevin təhqiramiz münasibətilə qarşılaşıb.
Qeyd edək ki, Səyyarə Ramazanova həm də şəhid anasıdır. Ismayıllı hadisələrinə görə həbs olunan Ilham Ramazanovun qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Xatırladaq ki, “Azadlıq”ın bölgə müxbiri Elçin Ismayıllının qardaşı Elşən də Ismayıllı hadisələrinə görə həbs olunanlar sırasındadır. Məlumata görə, saxlanılan Hacıhəsənli kənd sakinlərindən, o cümlədən Ilham Ramazanovdan Elşən Ismayıllının əleyhinə ifadə almaq istəyirlər.
Məlumatda o da qeyd olunur ki, Elçin Ismayıllı üsyanının mediada işıqlandırılmasında müstəsna rol oynadığına görə ondan qisas almaq üçün şəxsən icra başçısı Nizami Ələkbərovun onun qardaşını “iğtişaşların təşkilatçılarından biri” kimi həbs eləmək haqda göstəriş verdiyi bildirilir.